NOYABRDA ARDNŞ-İN MİƏ İDARƏSİ 136,404 MİN TON NEFT VƏ 77,686 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB
BAKI.03.12.2004.MEDİA-PRESS:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar (MİƏ) idarəsi xəttilə oktyabrda 77,686 min ton neft məhsulları ixrac edilib.
Şirkətdə Media-Pressə bildiriblər ki, xaricilərə ən çox dizel yanacağı ( 29,76 min ton) və avtomobil benzini (34,13 min ton) göndərilib. Bununla yanaşı- 3,852 min ton- təyyarə yanacağı , 2,111 min ton- butan və 7,826 min ton koks ixrac edilib. Oktyabrda xaricə soba yanacağı göndərilməyib.
Ümumiyyətlə isə, MİƏ idarəsi xətti ilə ilin əvvəlindən bəri 847,44 min ton neft məhsulları ixrac edilib. Xaricdə Azərbaycanın dizel yanacağına daha çox tələbat var. İlin əvvəlindən xaricə 377,059 min ton dizel yanacağı yola salınıb ki, bu da ixrac olunmuş bütün neft məhsullarının tüçdə birindən artıqdır.
ARDNŞ Bakı - Novorossiysk kəməri ilə noyabrda -136,04 min ton, ilin 11 ayında isə- 2,392 milyon ton neft ixrac edib.
Xatırladaq ki, həmin marşrutla cari ildə də təqribən 2003-cü il səviyyəsində-2,5 milyon ton neft axıdılacaq. "Şimal" marşrutu ilə axıdılan azərbaycan neftinin hər tonu respublikaya 15, 67 dollara ( müqayisə üçün: Bakı-Supsa kəmərində hər ton- 2,7 dollara!) başa gəlir.
Bakı-Novorossiysk xətti 25 oktyabr 1997-ci ildə istifadəyə verilib. 1999-cu ilin yanvarında Rusiya və Azərbaycan arasında imzalanmış hökumətlərarası müqaviləyə uyğun olaraq, tərəflərdən biri müqaviləni qüvvədən salmaq niyyətini müddətin qurtarmasına yarım il qalmış qarşı tərəfə bildirmirsə, onda sənədin müddəti avtomatik surətdə daha bir il uzadılır. Tərəflər qarşılıqlı razılıq əsasında hər 5-ildən bir sazişə düzəlişllər də edə bilərlər.