"MAVİ AXIN" LA QAZ AXIDILMASI BƏRPA OLUNUR, PROBLEMLƏR İSƏ QALIR

ANKARA.01.08.2003. MEDIA-PRESS: Avqustun 1-dən Türkiyə Rusiya qazını yenidən qəbul edir. İyulun 30-da Ankarada "Qazprom" rəhbərliyi ilə danışıqlardan sonra Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Hilmi Güler bu haqda məlumat verərərək deyib: "Tərəflər "Mavi axın" sazişinin reallaşması üçün mövqelərini xeyli yaxınlaşdırıblar.

"Qazprom" nümayəndə heyətinin rəhbəri, şirkətin idarə heyəti sədrinin müavini Yuri Komarov da öz növbəsində qeyd edib ki, Türkiyə Rusiya qazını alan digər ölkələrlə bərabər şəraitdə olacaq. O, İTAR-TASS-a müsahibəsində deyib ki, "Mavi axın" kəməri ilə ixrac edilən qazın qiyməti və həcmlərinə aid məsələlərin müzakirəsi gələn həftə ekspertlər səviyyəsində davam etdiriləcək.

O, deyib: " Tərəflər danışıqlar gedişində təmas nöqtəsi tapacaqlarına ümid edərək, ixtilafları Beynəlxalq Məhkəmədə tənzimləmək fikrindən daşınıblar". Ekspertlərin görüşündən sonra daşnışıqların yekun raundunda tərəflərin fikir ayrılığını aradan qaldıran sənədlər imzalanacaq. Ankara beynəlxalq bazarda rəqabət qabiliyyətli olan qiymətlə zəruri həcmdə qaz alacaq. Yuri Komarov keçən ayın əvvəlində qeyd etmişdi ki, onun şirkəti "Mavi axın"a qaz vurulması məsələsini digər iki layihə ilə əlaqəli şəkildə nəzərdən keçirməyi "BOTAŞ"a təklif edib. Bunlar "BOTAŞ" və "Qazeksport" un 1986-cı ildə 25 ilə imzaladaıqları (ildə ən çoxu 8 mlrd. kub metr) və "Qazeksport" və TuRusGas ("BOTAŞ-Qazprom-ENKA" şirkətlərinin birgə qurumu ) arasında 23 il müddətinə imzalanmış (ildə ən çoxu-8 mlrd. kub metr) müqavilələrdir. "Qazprom" hər 3 müqavilə üzrə alınan qazın ümumi həcmini azaltmağı və yaxın 5 il üçün qiymətləri aşağı və vahid şəklə salmağı təklif edib.

Xatırladaq ki, 2003-cü ilin əvvəlində işə salınmış "Mavi axın" kəməri artıq martda dayandırılıb. Məsələ burasındadır ki, Türkiyənin "BOTAŞ" şirkəti Rusiya qazının çox baha olmasını səbəb göstərərək, necə deyərlər, "kranı bağlayıb". Bu qazın min kub metri Türkiyəyə Bolqarıstandan gələn Rusiya qazı ilə müqayisədə 1,5 dollar bahadır. Bu səbəbdən Türkiyə 176 mln. dollar zərərə düşüb. "BOTAŞ" "Qazprom" un qiyməti xeyli artıraraq, onun formulunun hesablanmasında səhvə yol verdiyini bildirmişdi. Əslinə qalsa, Türkiyə 2003-cü il üçün Rusiyadan aldığı qazın ilkin qiymət və həcmlərini azaltmağa müvəffəq olub. Belə ki, "Qazprom" 1000 kub metr qazın qiymətini 75 dollara kimi endirib, boruya vurulun qazın həcmini isə 4milyarddan 2 mlrd. kub metrə kimi azaldıb. Bununla belə "BOTAŞ" qazın qiymətinin yenə də aşağı salınmasında təkid edir. Hərçənd ekspertlərin rəyincə, qazın qiymətinin yalnız 110 dollar səviyyəsində qalması, bu kəmərin öz xərcini 90-95 % ödəməsinə təminat verir. Odur ki, "Qazprom" da hər vasitə ilə müqavimət göstərərək, müqavilə öhdəlikldərinin yerinə yetirilməsini tələb edir.

Ankara dəfələrlə bildirib ki, Rusiya qazından mövcud asılılığından yaxa qurtarmaq niyyətindədir. "Mavi axın" kəmərinin istismarından əvvəl Türkiyəyə idxal olunan qazın 67 faizi Rusiyanın payına düşürdü. Bu göstərici Ankaraya nə iqtisadi, nə də strateji baxımlardan əl verir. Avropa kommisiyası Avropa İttifaqına üzv olmayan ölkələrdən enerji resurslarının idxalına 30 faizlik hədd qoyub. Ekspurtlərin hesablamalarına görə, Türkiyənin 2003-2005-ci illərdə Rusiya qazından asılılığı 62 faizdən aşağı düşməyəcək ki, bu da Ankara üçün yolverilməzdir. Buna görə də, "BOTAŞ" Rusiyadan alınan qazın indiki səviyyəsini gələn bir neçə il üçün də saxlamaq istəyir. Hər şeydən görünldüyü kimi, ölkənin qaza olan tələbatı isə İran və Azərbaycandan bu təbii yanacağın idxalının artırılması hesabına ödəniləcək.

Ankara danışıqları başa çatdıqdan sonra Hilmi Güler deyib ki, tərəflər üç müxtəlif layihə üzrə Türkiyəyə verilən qazın qiymətlərinin müəyyənləşdiriləməsi ilə bağlı ixğtilafları aradan qaldırıblar. Gələcək görüşlərdə isə ekspertlər "bu üç müqavilənin ümumi əmsalını müəyyənləşdirəcəklər". Nazir qeyd edib ki, Rusiyadan alınan qaza qoyulan qiymətlər Avropa istehsalçıları tərəfindən idxal olunan "mavi yanacaq"ın qiymətləri ilə eyni olacaq. H.Güler Anadolu xəbərlər agentliyinə müsahibəsində deyib: "Biz digər Avropa alıcıları ilə müqayisədə daha pis şərtlərlə qaz almayacağıq. Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi bizim üçün çox əhəmiyyətlidir. Odur ki, hər hansı layihə, belə deyək, "Mavi axın", bu münasibətlərə mənfi təsir göstərə bilməz". Müxbirin: "Sizin bu sözləriniz Rusiya qazının qiymətinin aşağı salınması deməkdirmi?"-sualına Güler qısaca: "Bəli" cavabı verib.

Yəni, Ankara Rusiya qazının qiymətini və idxal həcmlərini yenə də aşağı salmağa çalışır. Hələ istifadəyə verilməmiş Bakı-Tbilisi-Ərzrum qaz kəməri, görünür, bu məsələdə heç də az rol oynamır. ABŞ Dövlət Departamentinin Xəzərin enerji ehtiyatları üzrə nümayəndəsi Stiven Mann iyunun axırlarında demişdi ki, Azərbaycan qazının Türkiyəyə, oradan isə Avropaya daşınmasını nəzərdə tutan "Şah-Dəniz" layihəsi, görünür, "Mavi axın" qaz kəmərinin tabutuna son mismarı vuracaqdır. Onun sözlərinə görə, "Şah-Dəniz" layihəsini reallaşdıran beynəlxalq konsorsium hesab edir ki, azərbaycan qazının Türkiyəyə ixracı Ankaraya imkan verəcək ki, "Mavi axın " layihəsi çərçivəsində aldığı qazın hər 1000 kub metrinin qiymətini 15-20 dollara kimi endirsin.

"BOTAŞ" ın rəhbəri Mehmet Bilgiç deyib ki, Türkiyə bu ilin axırına kimi "Mavi axın" çərçivəsində Rusiyadan 830 mln. kub metr qaz alacaq. Türkiyə tərəfi bu ilin fevral-mart aylarında artıq 187 mln. kub metr Rusiya qazı alıb. Qalan 830 mln. kub metri isə 2004-cü ilin yanvarın 1-nə kimi alınmalıdır. Onun sözlərinə görə, Ankara çalışır ki, "Mavi axın" la bu il alınmalı olan Rusiya qazının həcmi 1 mlrd. kub metri keçməsin. O, deyib ki, "Qazprom" rəhbərliyi ilə danışıqlar zamanı ümumi məxrəcə gəlmək mümkün olub. Nəticədə yaxın vaxtlarda Türkiyəyə ixrac olunan Rusiya qazının qiymətləri yenə də aşağı salınacaq.


BAKI-TBİLİSİ-CEYHAN KƏMƏRİNİN AZƏRBAYCAN HİSSƏSİNDƏ BİRİNCİ BORU DÖŞƏNİB

BAKI.01.08.2003.MEDIA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəmərinin (BTC ƏİK) Azərbaycan sahəsində ilk boru döşənib. Bu məlumatı BP-Azərbaycanın mətbuat xidməti yayıb.

Kəmərin döşənməsinə Sənqaçal terminalı yaxınlığında başlayıb. Tikinti işləri proqramına uyğun olaraq, bu xətt respublikanın şərqindən qərbinədək uzanacaqdır. Bu günədək Azərbaycana 24 791 ədəd boru gətirilib. Onların ümumi uzunluğu 288 km.-ə (lazım olan boruların 68 faizi) çatır. Fasiləsiz boru döşənməsinı təmir etmək üçün artıq 12 km.-dən çox uzunluqda (1035 ədəd) boru bir-birinə qaynaq edilib. Borular kəmərin marşrutuna yaxın strateji Umbakı, Muğan və Kürdəmir məntəqələrindəki bazalarda saxlanır. Belə bir bazanın Yevlaxda da tikintisi başlayıb. Burada işlər bitdikdən sonra Gəncə və Poylu boru bazalarının inşasına başlanacaq.

Yerüstü tikililər üzrə inşaat podratçısı- Spie Capag/Petrofac müştərək müəssisəsi, eyni zamanda Yevlax rayonunun Yaldilli məntəqəsi yaxınlığında PS-A2 nasos stansiyasının tikintisini davam etdirir və inşaatçılar üçün düşərgə salır. Adamlar burada sentyabrda məskunlaşacaqlar. Nasos stansiyası sahəsində torpaq işləri görülür və özülün tikintisinə hazırlıq aparılır. Kürdəmir yaxınlığında İP-A1 təmizləyici ərsinlərin buraxılışı və qəbulu stansiyasında da hazırlıq işləri gedir. Səngəçalda PS- A1 BTC baş nasos stansiyasının tikintisinə hazırlıq görülür. Burada artıq bir sıra əsas özüllər, o cümlədən əsas neft kəməri nasoslarının özülləri qoyulub. İyun ayının axırlarına kimi, BTC layihəsi üzrə inşaat işlərinin 15 faizi görülüb.

2,95 mlrd. dəyərində olan bu layihənin ilkin büdcəsi və iş cədvəli dəyişməz qalır və boru çəkilişinin 2004-cü ilin birinci rübündə başa çatacağı gözlənilir ki, bu da 2005-ci ilin ilk rübündə "Azəri-Çıraq-Günəşli" yataqlarının ilk neftinin ixracına başlamağa imkan verəcək.

BP-Azərbaycan mətbuat xidmətinin məlumatına görə, BTC tikintisi gedişində 10 minə yaxın boş iş yeri (Azərbaycanda- 2300, Gürcüstanda- 2500 və Türkiyədə-5000) açılacaq. Bundan əlavə, hər 3 ölkədə kəmərin istismarı illərində uzun müddətə işə düzəlmək imkanı da yaranacaq. Boruları döşəyən podratçı CCIC şirkəti artıq Səngəçal, Muğan, Kürdəmir və Gəncədə işə düzəlmə mərkəzləri açıb, Ağstafada isə daha bir mərkəz açmağa hazırlaşır. Bu məntəqələr kəmərboyu ərazilərdə yaşayan yerli əhalini işə cəlb edəcək. Hazırda CCIC şirkətində 800-dən çox Azərbaycan vətəndaşı işləyir ki, bu da onun bütün personalının 72 faizindən çoxdur.

Azərbaycanda yerüstü tikililərin inşası üzrə podratçı Spie Capag/Petrofac alyansı da yerli əhalini işlə təmin etməkdədir. Hazırda bu podratçı şirkətdə 180-dan çox adam (bilavasitə, yaxud əsas subpodratçı kimi) işləyir. Onların 83 faizi Azərbaycan vətəndaşı, 37 nəfəri isə PS-A2 nasos stansiyasının bilavasitə yaxınlığında yerləşən kəndlərin sakinidir.

İndiyə kimi CCIC vasitəsi ilə BTC layihəsi üzrə tikinti işlərinə cəlb edilmiş yüzdən artıq azərbaycan şirkəti podratçıya xidmətlər, avadanlıq və mallar təklif edir. Daha 30 şirkətimiz Spie Capag/Petrofac vasitəsi ilə cəlb olunub. BP-30,1 %, ARDNŞ- 25,00 % Unocal-8.90 %, Statoil -8.71 %, TPAO -6.53 %, Eni - 5.00 %, TotalFinaElf-5.00 %, Itochu-3.40 %, INPEX-2.50 %, ConocoPhillips -2.50 % və Amerada Hess -2.36 % payla BTC Co.-nun səhmdarlarıdır.


AZƏRBAYCANDA BTC ƏİK MƏSİRİNDƏ YERLƏŞƏN TORPAQ SAHƏLƏRİNİN ALINMASI PROSESİ BAŞA ÇATIB

BAKI.01.08.2003.MEDIA-PRES: Azərbaycanda tikilməkdə olan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəməri (BTC ƏİK) məsirində yerləşən torpaq sahələrinin alınması prosesi başa çatıb. Azərbaycanda gələcək boru xətti dövlət və bələdiyyə mülkiyyətində, habelə özəl mülkiyyətdə olan 5 minə yaxın torpaq sahəsindən keçəcək. Azərbaycanda qanun torpağın əcnəbi vətəndaşlara və şirkətlərə satışını qadağan etdiyi üçün, ƏİK boyunca yerləşən sahələr ən çoxu 99 ilə uzunmüddətli icarəyə verilə bilər. Beləliklə, kəmər məsirindəki torpaq sahələrinin sahibləri mülkiyyətçi kimi qalmaqla yanaşı, onun icarəyə ( indikit halda 60 ilə ) verilməsinə görə də ödənc alacaqlar.

Bu günədək 4150 özəl torpaq sahibindən və istifadəçisindən 99 faizinə ödənclər verilib. Onların arasında 102 bələdiyyə orqanı, həmçinin Ekologiya və Təbii ehtiyatlar nazirliyi ( meşə sahələrinə görə ) vardır. Azərbaycanda torpaq sahələri üçün bütövlükdə 14,2 mln. dollar ödənilib. Obyektiv səbəblərdən ( torpaq sahibləri varislərinin ölkədə olmaması, hərbi xidmətdə olması və b.k. ) bu prosesə qatılmayanların bir faizi ( 29 özəl torpaq sahibi və istifadəçisi ) hələ ödənc almalıdır.


İRAN XƏZƏR ŞELFİNDƏ NEFT YATAQLARININ KƏŞFİYYATINA VƏ İŞLƏNMƏSİNƏ HAZIRLAŞIR

BAKI.01.08.2003. MEDIA-PRESS: İran Xəzər dənizi şelfində neft yataqlarını mənimsəməyə hazırlaşır. İran Milli Neft Şirkətinin (MNŞ) məlumatına görə, yarımdalma neftqazma qurğusu gələn ilin ortalarında (yeni il İran təqvimi ilə martın 21-də başlayır) podratçılara çatdırılacaq İranın Sədrə və İsveçin GVA-C korporasiyasından ibarət konsorsium hələ 2001-ci ildə tenderdə qalib gələrək, 215 mln. dollar dəyərində müvafiq müqaviləyə sahib çıxıb. Budan əlavə Sədrə 2002-ci ilin yanvarında daha 2 beynəlxalq tenderdə qalib gəldi və daha 3 yarımdalma neft qazma qurğularının tikintisi üçün 50,6 mln. dollar və 48 mlrd. real dəyərində 2 müqavilə bağladı.


İRAN QAZAXISTAN VƏ TÜRKMƏNİSTAN NEFTİNİ ALMAQ ÜÇÜN 6 ORTA TONNAJLI TANKER ALACAQ

BAKI.01.08.2003. MEDIA-PRESS: İran neftdoldurma gəmiləri milli şirkəti hər birinn sututumu 63 min ton olan 6 tankerin tikilməsi üçün müqavilə bağlayıb.

Şirkətin planlaşdırma idrəsinin rəisi Əbdüs -Səməd Təaqolun "Mehr" agentliyinə verdiyi məlumata görə, 3 tankeri İranın "Sədrə", üçünü isə Rusiya şirkəti tikəcək. İran donanmasının tərkibinə 2005-ci ildə daxil olacaq bu tankerlər Türkmənistan və Qazaxıstanla neft sahəsində əməkdaşlıq üzrə layihələri həyata keçirmək üçündür. Əbdüs- Səməd Təaqolun sözlərinə görə, tankerlərin hazırlanması 240 mln. dollara başa gələcək. Həmin tutumda olan tankerlər Xəzər dənizi üçün nəzərdə tutulub. Hazırda Xəzərdə üzən İran tankerlərinin dedveyti (su tutumu) 7 min tondan yuxarı deyil.


QAZAXISTAN VƏ ABŞ ENERGETİKA SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏK ƏZMİNDƏDİRLƏR

BAKI.01.08.2003.MEDIA-PRESS: "Qazaxıstan və ABŞ energetika sahəsində əmkdaşlığı genişləndirmək niyyətindədirlər". ABŞ hökümətində və nazirliklərində rəsmi görüşlərinin sonunda Qazaxıstanın Energetika və Milli resurslar naziri Vladimir Şkolnik belə deyib. KZ-today agentliyinin məlumatında daha sonra qeyd olunur ki, ABŞ-ın Energetika naziri Spenser Abrahamla görüşdə neft-qaz istixracı və daşınması sahəsində gələcək əməkdaşlıq imkanları, Qazaxıstanın neft-qaz sənayesi obyektlərinin fiziki müdafiə problemləri, elektroenergetikanın və dinc məqsədlər üçün atom sənayesinin inkişafı müzakirə obyekti olub.

V.Şkolnik qeyd edib ki, tərəflər "energetikas ahəsində 2 ölkə arasında əməkdaşlıq üçün ən əlverişli şərait yaratmaq əzmində olduqlarını təsdiq ediblər". Nazirin fikrincə, Amerika şirkətləri Şimali Xəzərin heç də sadə olmayan ekoloji şəraitində işləmək üçün yüksək səviyyəli zəruri texnologiyalara malikdirlər ki, bu da onlara yaxşı gələcəyi olan yeni blokların işlənməsində sair beynəlxalq şirkətlərlə uğurlu rəqabət aparmağa imkan verəcək.

Xatırladaq ki, 2015-ci ildə Qazaxıstan Xəzərdə 100 mln. tona yaxın (bütövlükdə ölkədə 170 mln. ton) neft və qaz kondensatı çıxarmaq niyyətindədir. Bu məhsulun çox hissəsi xaricə ixrac olunacaq.


UKRAİNA HƏR İL İRANDAN 10-15 MLRD. KUB METR QAZ ALACAQ

BAKI.01.08.2003.MEDIA-PRESS: Kiyev və Tehran ildə10-15 mlrd. kubm etr İraq qazının Ukrainaya ixracı barədə razılığa gəliblər. Ukrayna Yanacaq və Energetika nazirliyi mətbuat xidmətinin bu xəbərində ixracın yaxın vaxtlarda başlana biləcəyi qeyd olunur.

Bu razılaşma Ukrayna Yanacaq və Energetika naziri Sergey Yermilov və İran İslam Respublikası (İİR) neft nazirinin müavini Səid Məhəmməd Hadi Negdət Hüseyniyan arasında görüşdə əldə edilib. İran tərəfi Xəzər regionundan Avropaya qaz çatdıra bilən yeni marşrutları öyrənən müştərək işçi qrupu yaratmağı təklif edib. Hiseyniyan deyib ki, Xəzər regionunun təbii qaz ehtiyatının 50 faizinin ərazisində təmərgüzləşdiyi İran öz "mavi yanacağ"ını ilk növbədə Şərqi Asiya və Avropaya ixrac etmək meylindədədir. Ukrayna da əlverişli coğrafi mövqeyinə və tranzit imkanlarına görə, İran qazını idxal etməklə yanaşı, onun əlavə həcmdə yanacağını Avropanın başqa ölkələrinə də tranzit edə bilərdi.

Hüseyniyan Ukrayna şirkətlərinə İranın neft yataqlarının işlənməsində və neft-qaz bazarında işləmək üçün iştirak etmək imkanı verməyə hazır olduğunu bildirib. S. Ermilov isə qeyd edib ki, İran nümayəndə heyətinin səfəri ikitərəfli qarşlıqlı münasibətləri əməli müstəviyə keçirmək üçün bir təkan olacaq. Təcrübə göstərir ki, ölkələrin energetika sahəsində əməkdaşlığı hökmən bütün başqa sahələrdə də münasibətlərin genişlənməsinə aparır.


BAKI POLADTÖKMƏ ZAVODUNUN YENİ SAHİBİ VAR

BAKI.01.08.2003.MEDIA-PRESS: Azərbaycanın kiçik müəssisəsi (KM) "Birlik" "Bakı Poladtökmə zavodu" Səhmdar Cəmiyyətinin (BPZ SC) satın alınması üçün keçirimiş sərmayə qoyuluşu müsabiqəsinin qalibi olub.

Müsabiqənin şərtlərinə görə, müvafiq müqavilə imzalanmasından sonra "Birlik" KM dövlət büdcəsinə 1,8 mlrd. manat köçürməyi və sonradan silinmək üçün ən azı 30 min özəlləşmə çeki təqdim etməyi öhdəsinə götürür. Bundan əlavə, investisiya proqramında nəzərdə tutulan ilkin işlərin yerinə yetirilməsi üçün Poladtökmə zavodunun hesabına 300 mln. manat keçiriləcəkdir. Repsublika iqtisadi inkişaf nazirliyində (İİN) Media-Pressə məlumat verilib ki, zavodun yeni sahibinin sərmayə qoyuluşu proqramı 2 il üçün nəzərdə tutulub və 4 mərhələyə bölünüb. Proqram müəssisənin bərpası və modernləşdirilməsinə 10 mlrd. manat vəsait qoyulmasını nəzərdə tutur.

BPZ 1968-ci ildə tikilib. Onun layihə gücü ildə 24 500 tondur. Hazırda müəssisənin 400 mln. manatdan çox əməkhaqqı borcu var. Zavodun debitor borcu isə 9,24 mln. manatdır. Müəssisə bununla 2-ci dəfədir ki, satışa çıxarılıb. İİN ötən ilin iyununda "Inekotex"-lə müqaviləni ləğv etmişdi. Bu yerli şirkət BPZ-nın alınması üçün keçirilmiş investisiya müsabiqəsinin qalibi olmuşdur. "Inekotex" öhdəliklərini yerinə yetirmədiyi üçün onunla müqavilə ləğv olundu. Belə ki, bu şirkət ölkə büdcəsinə 1,5 mlrd. manat əvəzinə yalnız 605 mln. manat ödədi, üstəlik Poladtökmə zavodunun inkişafına və istehsalın bərpasına sərmayə xərcləmədi.


BVF RUSİYA VƏ SABİQ SOVET RESPUBLİKALARI İLƏ MƏŞĞUL OLAN MÜSTƏQİL DEPARTAMENTİNİ LƏĞV EDİB

BAKI.01.08.2003.MEDIA-PRESS: Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Xorst Keller Sovet İttifaqının keçmiş repsublikaları ilə məşğul olan idarəni- 2-ci Avropa Departamentini ləğv edib. Qərara görə, noyabrın 1-dən etibarən həmin ölkələrdən yeddisi-Rusiya, Belarus, Latviya, Litva, Moldova, Ukraina və Estoniya vahid Avropa Departamentinin tərkibinə daxil olub. Qalan 8 müttəfiq sovet respublikasının- Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın daxil olduqları idarə- Yaxın Şərq və Mərkəzi Asiya departamenti adlanacaq. Bu dəyişiklikləri şərh edən X. Keller deyib ki, tədbir həmin ölkələrin inkişafındakı tərəqqi ilə- keçid dövründə olmaları, bəzilərinin isə Avropa İttifaqına üzv qəbul edilmələri ilə bağlıdır. İndilikdə Birinci Avropa departamentinə başçılıq edən Maykl Deppler yeni idarənin-genişləndirilmiş Avropa departamentinin rəhbəri olacaq.


AZƏRBAYCANIN LİDER TV ŞİRKƏTİNİN VERİLİŞLƏRİ QIRĞIZISTANA YAYIMLANIR

BAKI.01.08.2003. MEDIA-PRESS: Verilişlərini Azərbaycanda ilk olaraq süni peyklər vasitəsilə yayımlamağa başlamış Müstəqil Lider Televiziya Şirkəti öz proqramlarını Qırğızıstana da ötürməyə başlayıb. Bu barədə Media-Pressə şirkət rəhbərliyində məlumat verilib.

Şirkətin nümayəndəsi deyib ki, Lider TV proqramlarını qəbul edilməsi və yayımlanması ilə bağlı bütün xərcləri qırğız tərəfi öz üzərinə götürüb. Qırğızıstan televiziyası ölkə ərazisində Lider kanalının verilişlərini şərhsiz və əlavəsiz gecə-gündüz yayımlayır.

Mənbə qeyd edib ki, Lider şirkəti bu nailiyyəti ilə kifayətlənməyəcək. "Biz bunu əsas tuturuq ki, heç də hamının "boşqablar" ın köməyi ilə verilişlərə baxmaq imkanı yoxdur. Ona görə də, MDB ölkələrinin əhalisini və birinci növbədə türkdilli xalqları, Azərbaycanın bugünkü həyatı ilə tanış etmək üçün hər fürsət və imkandan istifadə etmək əzmindəyik".