AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏHHƏTİ YAXŞILAŞIR

BAKI.20.08. 2003. MEDİA-PRESS: Azərbaycan prezidenti Heydər Əliyevin sağlamlıq durumu sabitdir və yaxşılaşmaqda davam edir.Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin Siyasi məsələlər üzrə məsləhətçisi Tahir Tağızadə məlumat verərək deyib:"Prezidentin orqanizmi həkimlərin ürək çatışmazlığından və böyrəklərin qeyri-kafi fəaliyyətindən müalicə üçün tətbiq etdikləri terapevtik tədbirlərə müsbət reaksiya verir. O, Neydər Əliyevin vətənə nə vaxt dönəcəyi barədə" hələlik informasiyanın olmadığı"nı deyib.


BAKI YEREVANI ERMƏNİSTAN VƏ AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN TƏMAS XƏTTİNDƏ MONİTORİNQİ POZMAQDA TƏQSİRLƏNDİRİR

BAKI.20.08.2003.MEDİA-PRESS: Erməni silahlı qüvvələri Azərbaycan və Ermənistan arasında qoşunların təmas xəttində avqustun 19-da ATƏT-in keçirmək istədiyi monitorinqi pozublar. Respublika XİN-i mətbuat xidmətinin rəhbəri Mətin Mirzə bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verərək deyib: "Monitorinq keçirilərkən erməni tərəfi Azərbaycan silahlı qüvvələrinin mövqelərini gözlənilmədən atəşə tutub. Nəticədə tədbir baş tutmayıb ". Monitorinq Bakıdan 380 km. qərbdə- Azərbaycanın Tovuz rayonun Ağdam kəndi yaxınlığında keçirirdi.

M. Mirzə məlumat verib ki, Azərbaycan tərəfində monitorinqdə iştirak edən ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik baş vermiş hadisədən son dərəcə təəssüflənib və bu xoşagəlməz hadisə barədə məlumatı bilavasitə ATƏT sədrinə çatdıracağını deyib.

ATƏT nümayəndələrinin iştirakı ilə keçirilməli olan monitorinq zamanı münaqişə tərəfləri həmin məntəqədə atəşkəsi erməni hərbi rejiminin müntəzəm pozması səbəblərini, habelə bu yaxınlarda ermənilərin oğurladıqları iribuynuzlu mal-qara sürüsünün geri qaytarılması məsələsini müzakirə etməli idilər. Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayında atəşkəs elan edilib. Tərəflərin bu barışığın şərtlərinə riayət etmələri barədə məlumat almaq məqsədilə ATƏT cəbhə xəttində təşkilatın hazırki sədrinin şəxsi nümayəndəsinin dəstəyi ilə müntəzəm monitorinqlər təşkil edir. Xatırladaq ki, Dağlıq Qarabağın azərbaycanlılara, yoxsa ermənilərə mənsubluğu məsələsi üstündə onlar arasında keçən əsrin 90-cı illərində başlamış qanlı münaqişə gedişində Dağlıq Qarabağla yanaşı Azərbaycanın Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı kimi daha 7 ətraf rayonu da işğal olunub. Nəticədə 1 milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək qaçqına və məcburi köçkünə çevrilib və o vaxtdan bəri çadır şəhərciklərində yaşayır.

Məlumat üçün bildiririk ki, BMT-nin təhlükəsizlik şurası özünün 822 (30 aprel,1993), 853 (29 iyul, 1993), 874 (14 oktyabr 1993) və 884 nömrəli (12 noyabr 1993) 4 qətnaməsində Azərbaycan ərazilərinin işğalını pisləyib və bu ərazilərdən erməni silahlı birləşmələrinin dərhal, tamamilə və danışıqsız çıxarılmasını tələb edib. Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma bir sıra dövlətlər, o cümlədən həmsədrlər kimi ABŞ, Rusiya və Fransa daxildirlər.


AZƏBAYCAN XƏZƏRDƏ AZƏRBAYCAN_-ABŞ TƏLİMLƏRİNDƏN İRANIN NARAHATLIĞINI ANLAMADIĞINI BİLDİRİB.

BAKI.20.08.2003.MEDİA-PRESS: Azərbaycan Xəzərdə bu gün başa çatan azərbaycan-amerika təlimlərindən İranın narahatlığını anlamadığını bildirib.Azərbaycanın Müdafiə nazirliyinin mətbuat xidmətində RİA "Novosti"yə verilən bu məlumatda vurğulanıb ki,"Xəzərdəki müştərək amerika-azərbaycan təlimləri sırf antiterror səciyyəsi daşıyır və ölkənin Hərbi-dəniz qüvvələrində şəxsi heyətin vərdişlərini təkmilləşdirmək məqsədi güdür".

Mətbuat xidmətində "İranın bundan nə üçün narahatlıq keçirdiyinin anlaşılan olmadığı"nı vurğulayaraq qeyd ediblər ki, təlimlər Xəzərin azərbaycan bölməsində keçirilir və hansısa üçüncü ölkəyə qarşı yönəlməyib.

Bir gün əvvəl İran XİN-nin rəsmi nümayəndəsi Həmid Reza Asəfi demişdi ki, iran tərəfi Xəzərdə birgə ABŞ-Azərbaycan manevrləri barədə ziddiyyətli məlumatlarlı aydınlaşdırmaq üçün azərbaycan tərəfinə müraciət edib. Avqustun 11-də başlamış və bu gün başa çatan müştərək azərbaycan-amerika təlimlərində ABŞ-ın 18, Azərbaycanın 45 hərbi qulluqçusu, 2 Mi-8 vertolyotu və 2 patrul (keşikçi) kateri iştirak edir


"QƏRBİ AZƏRİ" YATAĞINDA 9 QABAQLAYICI QUYUNUN "PAKET" QAZMASI BAŞA ÇATIB

BAKI.20.08.2003.MEDİA-PRESS: "Qərbi Azəri" yatağında 9 qabaqlayıcı quyunun "paket" qazması başa çatıb. BP-Azərbaycan şirkətində Media-Pressə verilən məlumata görə, "paket" qazması 100 metrədək dərinlikdə qazılan quyuya qoruyucu kəmər buraxılmasına deyilir. Bundan sonra quyu konservləşdirilir və quyulardan hər biri təqribən 3000 metr dərinliyədək mərhələ-mərhələ qazılır. Quyunun layihə dərinliyinə kimi qazılması "Qərbi Azəri"də dəniz istixrac platforması quraşdırıldıqdan sonra həyata keçiriləcəkdir.

"Qərbi Azəri"də qabaqlayıcı qazma proqramı 10 quyu (9 istismar və 1 qazma şlamını vurmaq üçün) qazılmasını nəzərdə tutur. Qazma işləri "Dədə Qorqud" yarımdalma qazma qurğusundan aparılır və 2004-cü ilin yanvarınadək davam edəcək. İlk qabaqlayıcı quyunun qazılması hələ bu ilin iyulunda başa çatdırılıb. Onun dəriniyi 3011 metrdir. Bundan sonra "paket" qazması başlayıb. Qabaqlayıcı qazma işləri tava daşının qoyulması sayəsində mümkün olub. Tava daşının olduğu yerdə 2005-ci ilin sonunda "Qərbi Azəri" istixrac platforması qoyulacaq. Tava daşının özü Bakı Dərinlik özülləri zavodunda (BDÖZ) BOS-Şelf azərbaycan-fransız alyansı (Bougues Offshore fransız şirkəti və BDÖZ) tərəfindən tikilərək, "Azərbaycan" kran gəmisinin köməyi ilə dənizdə quraşdırlıb. Bu işin baş tutması üçün gəmi İtaliyanın SAİPEM şirkəti tərəfindən modernləşdirilib.

Xatırladım ki, bundan əvvəl "Mərkəzi Azəri" yatağında 12 qabaqlayıcı quyu qazılaraq konservləşdirilib. Qabaqlayıcı qazma işləri 2 məqsəd daşıyır. Birincisi, ən qısa müddətdə genişmiqyaslı istixraca başlamaq üçün şərait yaratmağı və ikincisi, istismar qazması başlananadək sahələrdə karbohidrogenlərin bölüşdürülməsi haqqında geoloji məlumat alınmasını.


"ŞAH-DƏNİZ" QAZ YATAĞININ İLK QABAQLAYICI QUYUSUNDA 6500 METR QAZILIB

BAKI.20.08.2003. MEDİA-PRESS: Azərbaycanın ən iri dəniz qaz yatağı "Şah-Dəniz"də layihə dərinliyi 7244 metr olan ilk qabaqlayıcı quyunun 6500 metri artıq arxada qalıb. Bu barədə Media-Pressin müxbirinə BP-Azərbaycanda verilən məlumatda daha sonra qeyd edilib ki, quyu yarımdalma "İstiqlal" qazma qurğusunun altında quraşdırılan tava daşından qazılır. Həmin tava daşı strukturun şimal-şərq cinahında 101metr dərinlikdə qoyulub. Qazma işləri aprelin 19-da başlayıb. Qazma proqramına və quyunun müvəqqəti konservləşdirlməsinə üst-üstə 170 gün ayrılıb. Caspian Drilling Company şirkəti qazma işlərinin podratçısıdır. Ümumiyyətlə yataqda 3 qabaqlayıcı quyu qazılmalıdır. Burada daimi istixrac platforması quraşdırılana kimi qabaqlayıcı qazma proqramının yerinə yetirilməsi ilk qaz kub metrlərinin alınmasını sürətləndirməyə imkan verəcək və paltformanın istismara veriləməsindən sonra yanacaq hasilatının sürətli artımını təmin edəcəkdir.

"Şah-Dəniz" yatağının işlənməsinin "1-ci mərhələsi": dənizdə dərinliyin 105 metr olan yerlərində 15 quyu qazılması üçün TPG-500 platformasının quraşdırılmasını, sonralar artıq 300 metr dərinlikdə 5 quyu qazılan yataqda sualtı hazırlıq işləri aparılmasını, TPG-500 platformasından Sənqəçal terminalına kimi hər biri 100 km. olan 2 sualtı kəmərin (26 düyməlik qaz və 12 düyməlik kondensat) tikilməsini, sahil terminalında qaz və kondensatın hazırlanması üçün qurğu tikintisini və Bakı-Tbilisi-Ərzrum Cənubi Qafqaz kəmərinin çəkilişini nəzərdə tutur. Layihənin ümumi dəyəri 3,2 mlrd. dollardır. "Şah-Dəniz" yatağının 1 trln. kub metr qaz ehtiyatı vardır. BP (25,5%), Norveç Statoylu (25,5%), ARDNŞ (10%), fransız-belçika şirkəti TotalFinaElf (10%), Rusiya Lukoylu (10%), İran şirkəti-OİEC (10%) və Türkiyə TPAO-su (9%) layihənin səhmdarlarıdır.


"CƏNUB-QƏRBİ QOBUSTAN" MÜQAVİLƏ SAHƏSİNİN MƏRKƏZİ BLOKUNDA İKİMİQYASLI SEYSMİK KƏŞFİYYAT APARILMASI ÜÇÜN TENDER ELAN EDİLİB

BAKI.20.08. MEDİA-PRESS: "Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin işlənməsinin operatoru Gobustan Operating Company (GOC) mərkəzi blokda ikimiqyaslı seysmik kəşfiyyat aparılması üçün tender elan edib. ARDNŞ-də Media-Pressə verilən məlumata görə, tenderin nəticələri sentyabrın əvvəllərində elan ediləcək. Xatırladaq ki, müqavilə sahəsinin şimal blokunda artıq ikimiqyaslı seysmik kəşfiyyat aparılıb. 113 kv. kilometrdə aparılmış bu işlərin podratçısı "Aznetegeofizik" trestidir.

İkimiqyaslı seysmik kəşfiyyat başa çatdıqdan sonra yatağın şimal, mərkəz və sahil bloklarında 3- miqyaslı kəşfiyyat işləri aparılması nəzərdə tutulur. Bu işlər 2005-ci ilə kimi görülməlidir. Mərkəzi blokun sahəsi 143 kv.km., Sahil blokunun sahəsi isə 351 kv.kilometrdir.

"Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin müştərək kəşfiyyatı və işlənməsi layihəsi 1998-ci ilin iyununda imzalanıb, noyabrda isə Milli Məclisdə ratifikasiya edlib (təsdiqlənib). ARDNŞ (20%), Union Texas Petroleum (UTP - 40%) və Commonwealth Oil & Gas (40%) müqavilənin iştirakçıları olublar. Lakin tezliklə UTP layihəni səmərəsiz sayaraq, ondan çıxıb və özünün 40 faizlik iştirak payını Commonwealth şirkətinə satıb. Sonuncu da layihədəki 80- faizlik iştirak payının öhdəsindən gələ bilmədi və bu səbəbdən səhmlərinin 62, 83 faizini Çinin iki şirkətinə (Smart Asses və CNOPC) satıb. "Cənub-Qərbi Qobustan" müqavilə sahəsi 3 blokdan (ümumi sahə-604 kv. kilomter) ibarətdir. Bu bloka əvvəllər işlədilmiş, lakin neft və qaz verimi az olduğundan sonralar tərk edilmiş "Şıxzəkirli", "Şeytanud", "Vyurkürd", "Donuzluq", "Nardaran", "İlxıçı", "Qərbi Hacıvəli", "Sundi", "Şərqi Hacıvəli", "Torağay", "Kənizdağ", "Qərbi Duvannı", "Duvannı", "Solaxay" və "Daşgil" yataqları daxildir. Yataqda 137 istismar quyusu qazılsa da, sonradan hamısı qapanıb. Bundan əlavə orada axtarış və qiymətləndirmə məqsədilə daha 250 quyu qazılıb. Layihənin reallaşması üçün 470 mln. dollar sərmayə tələb olunur. Yatağın çıxarıla bilən ehtiyatları 115 mln. barrel neft və 530 mlrd. kub fut (təqribən 206 mln. barrel neft ekvivalenti ) qazdır.


ARDNŞ YANVAR-İYUL AYLARINDA AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİ GƏLİRİNİN ÜÇDƏ BİRİNİ TƏMİN EDİB

BAKI.20.08.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2003-cü ilin yanvar-iyul aylarında ölkə büdcəsinə 1 trilyon 11 mlrd. manat vergi öödəyib ki, bu da büdcənin bütün gəlirinin 32,5 faizidir. Respublika Maliyyə nazirliyində "İnterfaks-Azərbaycan" agentliyinə verilmiş məlumatda daha sonra qeyd edilir ki, ölkənin ən böyük vergi ödəyicilərindən biri- ARDNŞ Dövlət büdcəsi qarşısındakı öhdəliyni 7 ayda demək olar ki, 100 % yerinə yetirib. Maraqlıdır ki, ötən ilin eyni dövrü ilə müqayisədə ARDNŞ-in vergi tədiyələrinin həcmi 23,4 % artıb.

Maliyyə nazirliyində deyiblər ki, "hal-hazırda hökümət ARDNŞ-in 2004-cü il üçün vergi tədiyyələrinin həcmini müəyyənləşdir. İlkin hesablamalara görə bu şirkətin gələn il üçün vergiödəmələri planı 2 trln. manatı keçəcək". 2003-cü ildə ARDNŞ Dövlət büdcəsinə 1, 862 trln. manat köçürməlidir. Lakin nazirliyin ekspertləri hesab edirlər ki, real öödəmələr 1,897 trln. manata çata bilər.


"AZƏRNEFTYANACAQ" 50-İLLİYİNİ QEYD EDİR

BAKI. 20.08.2003. MEDİA-PRESS: Bakı neftayırma zavodu (BNZ) "Azərneftyanacaq" özünün 50-illiyini bayram edir.Bu dövrdə zavodda 280 mln. tondan çox neft emal edilib.Hal-hazırda BNZ 15 çeşiddə neft məhsulu buraxır.Şəffaf neft məhsullarının 70 faizindən çoxu xaricə: Fransa, İtaliya, Gürcüstan, Yunanıstan və başqa ölkələrə göndərilir. Zavodun 2500 personalı var.

Layihə gücü 8 mln. ton olan BNZ ildə 3,1 mln ton neft emal edərək 650-700 min ton benzin istehsal edir. Müəssisə 300 min ton təyyarə yanacağı ( 70 faizindən çoxu ixraca gedir) və 680 min ton dizel yanacağı ( 50 faizindən artığı ixrac olunur) istehsal edir. Son on ildə burada neftin ilkin emalının texnoloji qurğularının (ELOU-AVT-6 və kataliz riforminqinin) yenidən qurulmasının 1-ci mərhələsi başa çatıb.2001-ci ildə naften turşularını təmizləyən qurğunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bu qurğu dünya standartlarına cavab verən dizel və ağ neft fraksiyalarını buraxmağa imkan verir.Eyni halda dizel yanacağını qələvillərlə təmizləyən, fiziki və mənəvi cəhətdən köhnəlmiş qurğu da istismardan çıxarılıb. Neft məhsullarının keyfiyyətini dünya səviyyəsinə çatdırmaq üçün "Merikem Korporeyşn" ( neft məhsullarının qələvilərlə təsfiyyəsi sahəsində dünya lideri) şirkəti ilə texnolji sənədlərin və lisenziyalı avadanlığın satın alınması barədə müqavilə bağlanıb.Layihənin reallaşması artıq 2004-cü ildə TC-1 marka əvəzinə A-1 markalı təyyarə yanacağı ( 1 ton A-1 dünya bazarlarında TC -1-dən 10-15 dollar bahadır) istehsalına keçməyə imkan verəcək.

Cari ilin axırına kimi dizel yanacağını su ilə təmizləyən blok buraxmaq da planlaşdırılır. Dünya standartlarına cavab verən bu qurğu respublikamızda elə bir tələbat olmayan soba yanacağının emalı yolu ilə dizel yanacağı buraxılışını artırmağa imkan verəcək. ELOU-AVT-6 və kataliz riforminqi qurğularının yenidən qurulmasının 2-ci mərhələsi üçün tenderin keçirilməsi də BNZ-nin ən yaxın planlarına daxildir. Bununla da "Azərneftyanacağ"ın bütün baş qurğularının modernləşdirilməsi başa çatmış olacaq


TENGİZ LAYİHƏSİ ÜZRƏ QAZAXISTAN HÖKÜMƏTİ İLƏ CHEVRONTEXACO VƏ EXXONMOBIL ARASINDAKI FİKİRAYRILIQLARI 100 MLN. DOLLAR ZİYANLA NƏTİCƏLƏNİB

BAKI.20.08.2003.MEDİA-PRESS: Qazaxıstan höküməti ölkədə ən böyük neft itsehsalçısı sayılan Tengizchevroil müştərək müəssisəsinin (MM) əsas tərəfdaşları- ChevronTexaco və ExxonMobil Beynəlxalq Neft Korporasiyalarını Tengiz yatağında işlərin sürətini artırmağa hələ də razı sala bilməyib. Qərb şirkətləri Tengiz yatağının inkişafı layihəsinin müddətləri ilə razı deyillər. MM Qazaxıstan hökümətinin layihə üzrə işlərin sürətləndirilməsi təkidindən sonra ötən qış orada işləri ümumiyyətlə dayandırdı. Əks təqdirdə yataqda indi gündə çıxarılan 400 min barrel əvəzinə 2 dəfə artıq yanacaq hasil etmək olardı. İşlərin müvəqqəti dayandırıldığı Tengiz layihəsinin ümumi dəyəri 3,5 mlrd. dollardır. MM-in işindəki fasilə artıq Qazaxıstana 100 mln. dollardan çox ziyan vurub, üstəlik ökədə sərmayə qoyuluşu şəraitini də nəzərə çarpacaq dərəcədə pisləşdirib.


"KAZMUNAYQAZ" 2004-CÜ İLDƏ XƏZƏRDƏ 4 YATAQDA KƏŞFİYYAT İŞLƏRİNƏ BAŞLAYACAQ

BAKI.20.08.2003.MEDİA-PRESS: Qazaxıstan gələn il Xəzər şelfinin 4 yatağında kəşfiyyat işlərinə başlayacaq. KazMunayQaz Dövlət Netf şirkətinin mətbuat xidməti məlumat verib.

Mütəxəssislər həmin yataqların gələcəyini yüksək qiymətləndirlər. Belə ki, "Darxan" yatağının neft ehtiyatları 440 milyon- 1 mlrd. 100 mln. ton arasında, ondan cənubda yerləşən Ulıtau, Nursultan və Rakuşeçnoye dəniz yataqlarında isə daha 1 mlrd. ton həcmində qiymətləndirilir. Almatıdan Dow Jones xəbər verir ki, kəşfiyyat quyularının qazılması işi 4 il vaxt aparacaq. Adını çəkdiyimiz 4 dəniz yatağının və "Kurmanqazı" sahəsinin sənaye üsulları ilə istismarı Qazaxıstan tarixində ilk dəfə olaraq, milli dəniz neft-qaz sənayesini yaratmağa imkan verəcək.

Dəniz neft layihəsinin gerçəkləşməsinin region üçün başlıca faydası yeni iş yerlərinin yaradılması, sosial sahəyə fəal yardım, yerli kadrların öyrədilməsinə hər il maliyyə vəsaiti ayrılması, gömrük rüsumlarının artması, habelə ölkənin elmi kadrlarından istifadə edilməsi olacaqdır. KazMunayQaz dənizdəki işlərə mümkün qədər çox yerli podratçıları, mal- avadanlıq tədarükçüləri və xidmət mütəxəssislərini cəlb etmək niyyətindədədir. Həmin neft və qaz yataqları 1994-1997-ci illərdə Beynəlxalq "Kazaxstankaspiyşelf" konsorsiumunun dənizdə apardığı seysmik- kəşiyyat işləri zamanı aşkar edilib və öyrənilibdir.


ABŞ-IN TƏZYİQLƏRİNƏ BAXMAYARAQ XARİCİ ŞİRKƏTLƏRİNİN İRANDAKI NEFT LAYİHƏLƏRİNƏ MARAĞI İTMİR

BAKI. 20.08.2003. MEDİA-PRESS: İran ABŞ-ın Yaponiya və Avropa şirkətlərinə israrlı təzyiqini görməzliyə vurmağa çalışır. Bu şirkətlər ABŞ-ın mövcud qadağalarına baxmayaraq, Azadeqan yatağının mənimsənilməsini maliyyələşdirməyə hazırlaşırlar. İran XİN_in rəsmi nümayəndəsi Həmid Reza Asəfinin sözlərinə görə, bəzi əcnəbi şirkətlər hətta ABŞ hökümətinin xəbərdarlığından sonra da bu layihədə iştiraka maraq göstərməkdədirlər.

Ötən həftə Avropaya səfəri gedişində ABŞ-ın Energetika naziri Spenser Abraham holland və İtalyan şirkətlərinə israrla tövsiyyə edib ki, Azadeqan yatağına sərmayə qoymasınlar. Bundan bir qədər əvvəl isə Vaşinqton Tokionu təkidlə çağırıb ki, 26 mlrd. barrel neft ehtiyatına malik bu yatağın işlənməsi barədə saziş bağlamaqdan çəkinsin. İranın Neft naziri Bijan Namdar Zənqane avqustun əvvəllərində bildirmişdi ki, iyunun axırlarında müqavilənin bağlanmamasına baxmayaraq, Yaponiyanın Japex konsorsiumu (Tomen Corp. , Inpex Corp., Japan Petroleum Exploration Co. i Indonesia Petroleum konsorsiuma daxildirlər) ilə Azadeqan layihəsi üzrə danışıqlar davam edir. Həmid Reza Asəfi də Yaponiyanın "Azadeqan" layihəsindən çıxması xəbərini təsdiqləməyib. O, deyib: "Mənim məlumatıma görə, yapon höküməti əvvəlki razılaşmalardan imtina etməyib və bu ölkənin layihədə iştirakına dair danışıqlar prosesi davam edir ".

İran Xin-inin rəsmi nümayəndəsi deyib: ""Azadeqan" yatağı bizdə əsla təşviş doğürmur, çünki onun işlənməsində iştirak etmək istəyənlərin sayı çoxdur ". Bəzi kütləvi məlumat vasitələri bir qədər əvvəl xəbər vermişdi ki, Vaşinqtonun təzyiqinə dözməyən Tokio 2,8 mlrd. dollar dəyərində olan "Azadeqan" yatağının mənimsənilməsi üzrə müştərək layihədən imtina edibdir. Ancaq nazir müavini Nicat Hüseyniyan bu yaxınlarda deyib ki, "İran-yapon danışqları uzanıb və əgər bu hal davam edərsə, İran tərəfinin öhdəlikləri qüvvəsini itirmiş olacaq". Tehranın özünün başqa beynəlxalq tərəfdaşlarına, o cümlədən Rusiya neft şirkətlərinə müraciət etməsi də istisna edilmir.


AZƏRBAYCAN" DRES-DƏ 2003-2004-CÜ İLLƏRİN QIŞ DÖVRÜNƏ HAZIRLIQ MƏQSƏDİLƏ AVADANLIĞIN TƏMİRİ ÜZRƏ PLANLI İŞ APARILIR

BAKI.20.08.2003.MEDİA-PRESS: Respublikanın ən böyük DRES-i "Azərbaycan" da 2003-2004-cü illərin qış dövrünə hazırlıq məqsədilə avadanlığın planlı təmiri davam edir.

"Azərenerji" SC-da Media-Pressə verilən məlumata görə, hal-hazırda əsas işlər stansiyanın ikinci enerji blokunda aparılır. Burada əsaslı təmiri avqustun axırlarına kimi başa çatdırmaq nəzərdə tutulur. Nəticədə enerji blokunun məhsuldarlığı 30-40 Mvt. artacaq. Bundan əvvəl əsaslı təmiri başa çatdırılmış 8-ci enerji blokunda indi 300 Mvt. enerji hasil edilir. Təmirdən əvvəl bu göstərici 280 Mvt-dan çox deyildi. 3 və 5 nömrəli bloklar da cari təmirdən çıxmalıdır. Bundan sonra bu blokların hər birinin enerji hasilatı 15-20 Mvt. artacaq.

Səhmdar Cəmiyyətində qeyd ediblər ki, görülən tədbirlər stansiyada enerji hasilatının 2015 meqavata çatdırılmasına imkan verəcək ki, bu da son 10 ildə rekord səviyyədir. DRES "Azərbaycan" republikasının bütün elektrik enerjisinin 50 faizindən çoxunu istehsal edir. Keçən il burada 10,1 mlrd. kilovat/saat elektrik enerjisi hasil edilib. Ölkə üzrə ümumi göstərici isə 18 mlrd. kilovat/saatdan bir qədər çox olub. Stansiyada 9-cu enerji blokunun tikintisini də başa çatdırmaq planlaşdırılır. Bu məqsədlə tender elan edilib. İlk hesablamalara görə, tikintinin başa çatdırılması üçün 50-60 mln. dollar lazımdır. Bu məqsədlərə kredit ayrılması üçün İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf bankı, habelə Çin Milli Korporasiyası ilə danışıqlar aparılır.


"WASHINGTON POST": AMERİKADA TƏKCƏ ELEKTRİK TƏCHİZATI ŞƏBƏKƏLƏRİ YOX, QAZ KƏMƏRLƏRİ, YOLLAR VƏ KANALİZASİYA DA KÖHNƏLİB

BAKI. 20.08.2003.MEDİA-PRESS: ABŞ-ın şimal-şərqində elektrik enerjisinin gözlənilmədən sönməsi nəinki elektrik təchizatı şəbəkələrənin bərbad vəziyyətini üzə çıxartdı, həm də Amerika infrastrukturunda təcili modernləşmə tələb edən başqa ünsürlərin olduğunu da xatırlatdı.

"Washinqton Post" qəzeti yazır ki, Şimali Amerika elektrik təchizatının etibarlığı şurasının hesablamalarına görə, ABŞ-da elektrik enerjisinin verilməsi sistemi əksər hallarda keçən əsrin 50-ci illərinin texnologiyasına əsaslanır və onların modernləşdirilməsi üçün hardasa 56 mlrd. dollar tələb olunur. Corc Buş 50 milyondan çox adamın işığının söndürülməsindən, ABŞ tarixində bu qəbildən olan ən böyük hadisədən sonra, elektrik şəbəkələrinin köhnəldiyini etiraf etməyə məcbur olub. Bu zaman ABŞ infrastruktrunun sair ünsürləri də təcili vəsait qoyuluşunu tələb edir. Təbii qaz nəqliyyatı üzrə amerikan assosiasiyasının məlumatına görə, yaxın 12-15 ildə ABŞ-ın müxtəlif regionları arasında bu xammalın çatdırılmasına tələbatı ödəmək üçün ölkəyə qaz kəmərlərinin modernləşdirilməsinə və yenilərinin çəkilməsinə ən azı 70 mlrd. dollar lazımdır.

ABŞ höküməti tərkibinə daxil olan Ətraf mühitin mühafizəsi üzrə Federal Agentlik hesablayıb ki, çirkab suların təmizlənməsinə xidmət edən köhnəlmiş sistemin qaydaya salınması və modernləşdirilməsinə 300-400 mlrd. dollar tələb olunur. Hökümətin daha bir idarəsi-Şosse yolları üzrə Federal administrasiya ABŞ konqresini xəbərdar edib ki, avtomobil nəqliyyatının sürətlə artmaqda olan tələbatının ödənilməsi üçün mövcud yolların təmirinə, yeni yolların, yolayrıclarının və körpülərin tikintisinə 2020-ci ilə kimi ildə 107 mlrd. dollar sərmayə qoyulmalıdır. Yalnız yolların hazırki, heç də yaxşı olmayan vəziyyətini qoruyub saxlamaq üçün ildə 76 mlrd. dollar tələb olunur ki, bu da büdcənin ayırdığı vəsaitlərdən 17,5% çoxdur.


2003-CÜ İLİN 7 AYINDA AZƏRBAYCANDA RABİTƏ VƏ POÇT XİDMƏTLƏRİNDƏN 622,9 MLRD. MANAT GƏLİR ƏLDƏ EDİLİB

BAKI. 20.08.2003. MEDİA-PRESS: Azərbaycandə 2003-cü ilin yanvar-iyul aylarında rabitə və poçt xidmətlərindən 622,9 mlrd. manat gəlir əldə edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxdur.

Dövlət Statistika komitəsinin məlumatına körə, rabitə xidmətlərinin 67,7 faizini qeyri-dövlət bölməsinin müəssisələri göstərib. Əhaliyə 450, 3 mlrd. manat məbləğində xidmətlər göstərilib ki,bu da ötən ilin yanvar-iyul göstəricilərindən 27,4% çoxdur. Mobil (çevik) rabitənin iki operatorunun (Azərsell və Baksell MM ) gəliri 356 mlrd.manat( ötənilkindən 27,4 % çox) olub.2003-cü il iyulun 1-ə olan məlumata görə, respublikada mobil rabitədən bəhrələnənlərin sayı 901 min nəfərə çatıb.


GALLUP:AMERİKANLAR ÜSAMƏ BEN LADENİN ÖLDÜRÜLMƏSİNİ SƏDDAM HÜSEYNDƏN VACİB SAYIRLAR

BAKI.20.08.2003.MEDİA-PRESS: Mətbuatda İiraq hadisləri barədə müxtəlif səpgidə çoxlu yazılar verilməsinə və Səddam Hüseynin oğulları- Uday və Uzayın ölümünün ABŞ-ın ictimai şüuruna təsirinin hələ də "davam etməsinə" baxmayaraq, əksər amerikanlar keçmiş İraq diktatorunun deyil, məhz Üsamə ben ladenin məhv edilməsini daha vacib sayırlar. Bunu məşhur Gellap institunun apardığı ictimai rəy sorğusu sübut edir. Avqustun əvəllərində Gellab xidmətinin telefon sorğusunda: Birləşmiş Əyalətlər üçün daha vacib olan nədir- Üsamə Benladinin tutulub məhv edilməsi, yoxsa Səddam hüseynin?- sualına respondentlərin (rəyi öyrənilənlərin) 41 faizi birincini, 29 faizi isə ikincini seçiblər. İştiakçıların təqribən 1/5-i (21%) hər iki hədəfi mühüm sayıb, 6 faizi isə Ladenin, yaxud Səddamın vacib olduğunu müəyyənləşdirə bilməyib.

Yeri gəlmişkən, Gellap xidmətinin müntəzəm apardığı ictimai rəy sorğusu hər iki hədəfin məhv edilməsi imkanı barədə ABŞ sakinləri arasında nikbinliyin getdikcə azaldığını göstərir. Əgər Əfqanıstan müharibəsinin başlanğıcında (noyabr-2001-ci il) ABŞ əhalisinin 78 faizi Üsamə ben Ladenin hökmən tutulacağını hesab edirdisə, 2002-ci ilin sentyabrında artıq belələrinin sayı 59 faizə endi. Eyni mənzərəni biz İraq diktatorunun fiquru ətrafında da müşahidə edirik: İraqda müharibənin ilk günlərində nikbinlərin sayı 70% idisə, iyunun sonlarında artıq 48 faizdir.


TÜRKMƏNBAŞI NÖVBƏTİ KİTABINI YAZDI

BAKI.20.08.2003.MEDİA-PRESS: Türkmənistan prezidenti Sapartmurat Niyazov türkmən xalqının mənəviyyatı haqqında üçüncü kitabını yazdı. "Türkmənin beş əyyamının ruhu" kitabının təqdimatı geniş ictimaiyyət təmsilçilərinin, görkəmli mədəniyyət xadimlərinin, bütün kütləvi informasiya vasitələri rəhbərlərinin toplandığı ölkə parlamentində keçirilib.

Sapartmurat Niyazov yazır: "Bizim dövrümüz- 5 min il ərzində xalqın topladığı mənəvi dəyərlərin hər türkmənin qəlbində oyanmalı və möhkəm kök salmalı olduğu bir dövrdür".

Onun hekayəti türkmən xalqının mənşəi sayılan Oğuz xan dövründən başlayır. Sonra oğuz- türkmən xalıqının həyatsevərliliyinin bünövrəsini qoymuş Türkmən Qorqut ata dövrü işıqlandırlır. Türkmən bey Koroğlunun yaşadığı üçüncü dövr - qəhrəmanlıq dövrü, türkmənlərin hərb sənəti dövrüdür. Məhtumqulu Türkmənin yaşadığı dördüncü dövr- ən yaxşı gələcəyə bəslənən ümid və arzular dövrüdür. " Xalıqın arzuları Türkmənbaşının dövründə gerçəkləşir". Türkmənistan məclisinin sədri Ovezgeldı Atayev belə deyib. Hələlik 5 min tirajla buraxılmış yeni kitab artıq ölkənin kitab köşklərinə verilərək Niyazovun "Ruhnamə" və "Türkmən ilim aman bolsun" ("Türkmən xalqıma xeyir-dua") kitabları ilə bir rəfə qoyulub.