GÜRCÜSTAN DİN-İ BTC KƏMƏRİNİN MÜHAFİZƏSİ ÜZRƏ SƏYLƏRİNİ ARTIRIR

BAKI.22.08.2003. MEDİA-PRESS: Gürcüstanın Daxili İşlər nazirliyi (DİN) tikilməkdə olan Bakı-Tblisi-Ceyhan Əsas İxrac Kəmərinin (BTC ƏİK) mühafizəsi üçün xüsusi işlər proqramı hazırlayıb. Bu barədə Gürcüstan DİN-in rəhbəri Koba Narçemaşvili Praym-Nyusa məlumat verib.

O, "belə mühüm və strateji layihənin həyata keçirilməsinin xüsusi təhlükəsizlik təminatı tələb etdiyini" və DİN-də bu məsələ üzrə xüsusi monitorinq qrupu yaradıldığını qeyd edərək deyib: "Layihə gerçəkləşdikcə, DİN də fəaliyyətini artıracaq. Biz keçən il imzalanmış üçtərəfli saziş çərçivəsində öz azərbaycan və türkiyəli həmkarımızla daimi kontaktlar yaratmışıq". Xatırladaq ki, bir neçə gün bundan əvvəl Azərbaycan Daxili İşlər naziri Ramil Usubov BP-Azərbayan şirkətinin prezidenti Devid Vudvordla görüşündə respublika DİN-i strukturunda xüsusi şöbənin yaradıldığını qeyd etmişdi. Şöbənin vəzifəsi ixrac neft-qaz kəmərlərinin Azərbaycandan keçən hissələrinin təhlükəsizliyini təmin etmək olacaq.

R.Usubovun sözlərinə görə, şöbənin yerlərdəki nümayəndələri öz işlərini orada mövcud olan polis orqanları və Dövlət mühafizə xidməti əməkdaşları ilə həmahəng quracaqlar. D.Vudvord da öz növbəsində respublika DİN-in ixrac kəmərlərin təhlükəsizliyinin təmini sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.


QAZAXISTANIN "KAŞAQAN" YATAĞININ İSTİSMARI 2 İL GECİKƏCƏK

BAKI.22.08.2003.MEDİA-PRESS: Qazaxıstanın "Kaşaqan" ofşor yatağının nefti bazarlara 2 il gec-2007-ci ildə çıxarılacaq. Bu, fövqəladə vəziyyət xarici səhmdarlarla Astana arasında yaranmış və hələ də həllini tapmamış mübahisənin nəticəsidir. Konsorsiumun dənizin dayaz yerində ilk quyunun qazılması tarixinə əməl etməməsi nəticəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Agip ("Kaşaqan"ın işlənməsi üzrə beynəlxalq konsorsiumun operatoru) şirkəti arasında çəkişmələr yaranıb. Bu barədə "The Moscow Times" qəzeti məlumat verib.

"Kaşaqan" yatağı öz böyüklüyünə görə dünyanın bütün neft yataqları arasında 5-ci sayılır. Gündəlik hasilat orada 1 mln. barreldən (ildə 50 mln. ton) çox ola bilər. Bu halda Qazaxıstan, necə deyərlər, avtomatik surətdə dünyanın neft ixrac edən ilk beşliyinə daxil ola bilər. Qazaxıstanın Energetika naziri V.Şkolnikin fikrincə, yataqda istismara başlamaq vaxtının pozulmasına səbəb ilk növbədə geoloji kəşfiyyat işlərinin yubanmasıdır. Konsorsium ilk kəşfiyyat quyusunu yalnız 2000-ci ildə, yəni müəyyən olunmuş tarixdən 2 il sonra qazmağa başlayıb.

Məlumdur ki, Astana "Kaşaqan" layihəsində iştirak edən beynəlxalq şirkətləri işin müəyyən olunmuş tarixinə əməl etmədiklərinə görə, cərimə ödəməyə vadar etmək istədi. Lakin konsorsium bundan boyun qaçıraraq bildirdi ki, yatağın istismarına başlanılması onları qayğılandırmır. Həm də konsorsium üzvləri hesab edirlər ki, ilk istismar quyusunun qazılması müddətinin pozulması sırf texniki səbəblərə görədir. Bu isə müqavilədə nəzərdə tutulub. Nəticədə layihə əslində dondurulub. Çünki bu yay yataqda heç bir iş görülməyib. Prezident Nazarbayevin işə qarışması da nəticəsiz qalıb. Konsorsiumun qərb iştirakçıları bildirirlər ki, "Kaşaqan" dan ilk sənaye nefti 2007-ci ildən tez hasil olmayacaq.

Bu yataqda neft istixracı bir sıra ciddi çətinliklərlə bağlıdır. Əvvəla, məhsuldar laylar çox dərindədir və bu səbəbdən lay təzyiqi də yüksəkdir. İkincisi, dənizin dayaz yerləri qışda buz bağlayır, habelə qabarma və çəkilmələr su səthində böyük təlatümlər törədərək hündür dalğalı tufan və qasırğalarla nəticələnir. Bütün bunlar Sibirdə və Azərbaycanda daha yüngül yataqları (sənaye baxımından) işlədənlərə əl verir.

Buna baxmayaraq, Qərbdə mütəxəssislərin çoxu "Kaşaqan"ın parlaq gələcəyinə inanır. Məsələn, Kembric Tədqiqatçı energetiklər birliyində (Cambridge Energy Research Associates) Xəzər üzrə mütəxəssis L. Rusetskas bu yaxınlarda Parisdə deyib ki, "Kaşaqan"ın insan əli dəyməmiş neft ehtiyatları sərmayəçilərin ona daimi marağını təmin edir. Günlərin gözəl bir günündə "Kaşaqan" da neft istixracına başlanacaq. Ancaq bunun nə qədər tez və ya gec olacağı Qazaxıstandakı investisiya şəraitindən asılıdır".

"Kaşaqan"ın işlənməsinin ilk fazasının dəyəri 8 mlrd. dollardır. Bu vəsaitin 3 milyardı 6 quyunun qazılmasına xərclənəcək. Ekspertlər və neftçilərin hesablamalarına görə, yaxın 15 ildə bu yatağa sərmayə qoyuluşu 20 mlrd. dolları keçəcək.


"LUKOYL" KARBOHİDROGEN EHTİYATLARINA GÖRƏ RUSİYADA ƏN BÖYÜK VƏ DÜNYADA İKİNCİ ÖZƏL NEFT ŞİRKƏTİNƏ ÇEVRİLİR

BAKI.22.08.2003.MEDİA-PRESS: Rusiya neft şirkəti "Lukoyl" Komi Respublikasında Urals Group-un neft səhmlərinin satın alınması üzrə sövdələşmənin başa çatdığını elan edib. Bu qrupun əsas səhmdarlarından biri Boris Yeltsinin keçmiş kürəkəni Leonid Dyaçenkodur. Məhz bu səhmlərin alınması "Lukoyl"a imkan verir ki, özünü karbohidrogen ehtiyatlarına görə Rusiyada ən böyük və dünyada ikinci özəl şirkət hesab etsin. Rusiyada çıxan "Vedomosti" qəzeti belə yazır.

Bu və cari ildə baş tutmuş bəzi digər uğurlu sövdələşmələr "Lukoyl"a imkan verib ki, öz ehtiyatlarının həcminə görə indi yaradılmaqda olan "YukosSibneft" nəhəngi ilə rəqabətə girsin. Apreldə birləşmiş "Yukos" və "Sibneft" elan etdilər ki, bu 2 şirkətin birgə ehtiyatı 19,4 mlrd. barrel neft ekvivalentindədir. O vaxt bu göstərici "Lukoyl"un ehtiyatlarından 0,1 mlrd. barrel çox idi. Lakin Vahid Ələkbərovun şirkəti öz ehtiyatlarının yeni uçotunu apararaq onlara yeni səhmləri, o cümlədən Urals Group-un səhmlərini əlavə edib. Hesablamalar indi "Lukoyl"un ehtiyatlarının 19,7 mlrd. barrel təşkil etdiyini göstərib.


YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ BANKI EKSPERTLƏRİ AZƏRBAYCANIN ENERJİ SİSTEMİNİN VƏZİYƏTİNİ ÖYRƏNİRLƏR

BAKI.22.08.2003.MEDİA-PRESS: Yaponiya Beynəlxalq Bankının (JBİC) Bakıda olan ekspertlərinin başlıca vəzifəsi Azərbaycanın enerji sisteminə zəruri kömək göstərmək məqsədilə onun real vəziyyətini tədqiq etməkdir.

"Azərenerji" Səhmdar Cmiyyətində Media-Pressə bidiriblər ki , JBİC nümayədələri azərbaycan energetikləri ilə, habelə respublika Nazirlər Kabinetində, İqtisadi İnkişaf, Yanacaq və Energetika, Maliyyə, Ekologiya və Təbii Ehtiyatlar Nazirliklərində görüşlər keçirəcəklər. JBİC repsublikada enreji sisteminin vəziyyətini öz vəsaitləri hesabına öyrənəcək. Gələn il bank Azərbaycanın Enerji bölməsində mövcud vəziyyəti öyrənərək ətraflı hesabat təqdim edən konsaltinq şirkətini seçmək üçün tender keçirmək niyyətindədir. JBİC aldığı nəticələrə əsaslanaraq Azərbaycanın Energetika bölməsində öz gələcək siyasətini qurmağı nəzərdə tutur.

Xatırladaq ki, Yaponiyanın JBİC bankı bundan əvvəl "Şimal" DRES-də ilk buxar-qaz qurğusunun tikintisinə 0,75% illik rüsumla 40 il müddətinə kredit ayırıb. Qurğunu Mitsui yapon şirkəti tikib. DRES-in yeni enerji bloku 400 MVT gücündədir. JBİC Qaradağ- Digah- "Şimal"DRES qaz kəmərinin tikintisinə də kredit ayırıb. Bu bankın kreditlərinin ümumi məbləği 340 mln. dollara yaxındır.


2003-CÜ İLİN 7 AYI ƏRZİNDƏ AZƏRBAYCAN İQTİSADİYYATINA QOYULMUŞ SƏRMAYƏLƏRİN HƏCMİ 8,86 TRLN. MANAT (1,8 MLRD. DOLLAR) OLUB

BAKI.22.08.2003. MEDİA-PRESS: Bu ilin 7 ayı ərzində bütün maliyyə mənbələri hesabına Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 68,1% artaraq, 8,86 trln. manat (1,8mlrd. dollar) təşkil edib.

Sərmayə qoyulşlarının çox böyük hissəsi-93,4 faizi sənaye bölməsinin payna düşüb ki, bu da "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsinin "1-ci" və "2-ci" fazalarının realizəsi, habelə Bakı-Tbilisi-_Ceyhan Əsas İxrac kəmərinin tikintisinə başlanılması ilə izah olunur. Bütün sərmayə qoyuluşlarının 80 faizindən çoxu xarici şirkətlərin payına düşür. 7 ayda bu sərmayələrin məbləği 7,4 trln. manat(1,5 mlrd. dollar) olub. Sərmayə qoyuluşlarının ümumi həcminin 83,7 faizi- müəssisələr və şirkətlərin, 2,8 faizi-bankların, 2,1 faizi- büdcə, 0,9 faizi- büdcədənkənar fondların, 2,6 faizi isə- əhalinin vəsaitləridir.

Xatırladaq ki, 2002-ci ildə Azərbaycan iqtisadiyyatına ümumilikdə qoyulmuş 10,3 trln. manat (2,1 mlrd. dollar) sərmayənin 1,789 mlrd. dollarını xarici şirkətlərin vəsaitləri təşkil edib. Bütün sərmayələrin 85 faizi neft sahəsinə yönəldilib. Respublika İqtisadi İnkişaf nazirliyinin hesablamalarına görə, cari ildə Azərbaycan iqtisadiyyatına 2,63 mlrd. dollar sərmayə qoyuluşu gözlənilir ki, bunun da çox hissəsi yenə də neft bölməsinə yönəldiləcək. Bu sahəyə təxsisat təqribən 1,72 mlrd. dollar olmalıdır.


AZƏRBAYCANIN DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ ÜZRƏ 7 AYLIQ GÖSTƏRİCİ- 105, 9% YERİNƏ YETİRİLİB

BAKI.22.08.2003.MEDİA-PRESS: 2003-cü ilin yanvarından iyul ayına olan mərhələdə Azərbaycanın dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər 105, 9% yerinə yetirilib. Dövlət büdcəsinin gəlirli sahəsi 7 ay ərzində 2,738 trln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 38, 8% çox deməkdir.

Bu mərhələdə dövlət büdcəsinin məsrəfləri-2,581 trln. manat təşkil edib ki, bu da ötən ilki göstəricini 29,5% ötmüşdür. Eyni zamanda məsrəflər üzrə göstəricilər 95,4% yerinə yetirilib.

Təhsil sahəsinə ayrılan büdcə məsrəfləri- 17,9%, təminat və sosial müdafiəyə-17,6%, iqtisadiyyatın inkişafına-22%, məhkəmə, hüquq-mühafizə orqanları, prokurorluq və xüsusi xidmətlərə-0,7%, beynəlxalq təşkilatlarda ölkə üzvlüyünün ödənişinə-0,7%, səhiyyəyə-3,9%, mədəniyyət, kütləvi informasiya vasitələri, dini təşkilatlarla işlərə-2,4% təşkil edib.

Göstərilən dövr ərzində təhsil üzrə xərclər 90%, səhiyyə üzrə- 78,7%, mədəniyyət,KİV və din üzrə-94,3% icra olunub. Hüqüq-mühafizə orqanları, prokurorluq və xüsusi xidmətlərin saxlanmasına ayrılmış vəsaitin 92,7 faizi xərclənib, iqtisadiyyatın inkişafına-112,6% , sosial xərclər isə 100,3% icra olunub.


İİB 2002-Cİ İL NOYABR ZƏLZƏLƏSİ NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASINA AZƏRBAYCANA 9 MLN. DOLLAR AYIRIB

BAKI.22.08.2003. MEDİA-PRESS: İran İnkişaf Bankı (İİB) 2000-ci ilin noyabr ayında olmuş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycana 9 mln. dollar faizsiz kredit ayırıb.

Ölkə prezidenti Heydər Əliyevin sərəncamına uyğun olaraq, bu vəsait Bakıda 40 məktəbin bərpasına, həmçinin Fövqəladə hallar üzrə hökümət kommisyasının zəlzələdən zərər çəkmiş hesab etdiyi 200-ə yaxın binanın 16 min mənzilinin qaz təchizatının təmirinə xərclənəcək. İİB kreditinin qalan hissəsinin bir bir qismi Mingəçevir su bəndinin sağ sahilində sürühmənin aradan qaldırılmasına yönəldiləcək.


BU GÜN MSK PREZİDENTLİYƏ NAMİZƏDLƏR ARASINDA TELERADİO EFİRİNİN BÖLÜŞDÜRÜLMƏSİ ÜZRƏ PÜŞK ATACAQ

BAKI.22.08.2003.MEDİA-PRESS: Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) respublika prezidentliyinə namizədlər arasında efir vaxtının bölüşdürülməsi məqsədilə püşkatma keçirəcək. Tədbirdə dövlət başçısı vəzifəsinə namizədlərin efir çıxışlarının növbəliyi müəyyənləşəcək.

Dövlət Radio və Televiziyası bütün namizədlərə pulsuz seçkiqabağı təşfiqat ayırır. Püşkatamaya prezidentliyə namizədlikləri qeydə alınanların hamısının səlahiyyətli nümayəndələri, beynəlxalq təşkilatlardan və diplomatik nümayəndəliklərdən müşahidəçilər, həmçinin KİV nümayəndələri dəvət ediliblər. Xatırladırıq ki, oktyabrın 15-də keçiriləcək prezident seçiklərinə rəsmən 12 namizəd buraxılıb.


AVROPA ŞURASININ VENESİYA KOMİSSİYASI BAKIDA MSK ÜZVLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRƏCƏK

BAKI.22.08.2003.MEDİA-PRESS: Avropa Şurasının Venesiya komissiyası (AŞ VK) Bakıda sentyabrın 1-ci ongünlüyündə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri üçün xüsusi seminar keçirəcək. Seminarı seçki hüququ sahəsində tanınmış beynəlxalq ekspertlər aparacaq. Onlar dinləyiciləri bu sahədə mövcud olan beynəlxalq təcrübə ilə tanış edəcəklər.

Xatırladaq ki, bundan əvvəl AŞ VK 2003-cü ilin baharında qəbul edilmiş Azərbaycan Seçki Məcəlləsinin ekspertizasını keçirərək, onu demokratik qaydalara və beynəlxalq hüquq normalarına müvafiq hesab etmişdi.


AVROPA ŞURASI ERMƏNİSTANA QARŞI CƏZA TƏDBİRİNƏ ƏL ATMAYACAQ. AŞPA MONİTORİNQ KOMİSSİYASININ HƏMMƏRUZƏÇİSİ BELƏ HESAB EDİR

BAKI.22.08.2003.MEDİA-PRESS: Avropa Şurası onun qarşısında Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin icrasına əməl etmədiyinə görə, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməkdə yox, narazılığı əməkdaşlıq vasitəsilə yumşaltmaqda maraqlıdır. Avropa Şurası Parlament Assambleyası (AŞPA) monitorinq komissiyasının məruzəçilərindən biri Yeji Yaskernia Yerevanda jurnalistlərə deyib ki, əsas diqqət ölüm hökmünün ləğv edilməsi probleminə yönəldilir. O, deyib: "Biz AŞPA-nın payız sessiyasına kimi Ermənistanın insan hüququları üzrə Avropa Konvensiyasının 6-cı protokolunu ratifikasiya edəcəyini gözləyirik."

Həmməruzəçi əmin olduğunu bildirib ki, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi məsələsinin 2004-cü ilin yanvarında AŞPA-da müzakirəsinə kimi Yerevan onları yerinə yetirmiş olacaq. Yaskernia xatrladıb ki, AŞPA-nın yay sessiyasında ermənilərin bu orqandakı yeni nümayəndə heyətinin səlahiyyətini ratifikasiya etməmək təklif olunmuşdu. Bu, repsublikadakı prezident seçkiləri prosesindən doğan narazılıqla bağlı idi. Yaskerniya deyib: "Məncə AŞPA erməni nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyəcək, biz Ermənistana qarşı münasibətdə yekdil olmalı və imkan verməliyik ki, o, öhdəliklərini yanvar ayına kimi yerinə yetirsin"


GÜRCÜSTANDA ELAN EDİLMƏMİŞ DEFOLT VƏZİYYƏTİ YARANIB

BAKI.22.08.2003.MEDİA-PRESS: "Gürcüstan Xarici borclarını vaxtında ödəmək gücündə deyil. Əslində Gürcüstan artıq defolt vəziyyətindədir, çünki biz Paris klubunun müəyyən etdiyi cədvəl üzrə borc öhdəliklərimizi yerinə yetirmirik ". Bu haqda jurnalistlərə müsahibə verən respublika Milli Bankının prezidenti İrakli Manaqadzenin sözlərinə görə, Beynəlxalq Valyuta Fondu(BVF) tövsiyyələrinin icra olunmaması Gürcüstanın Xarici borclarının strukturunun dəyişdirilməsini davam etdirmək imkanını təhlükə qarşısında qoyur ki, bu da Gürcüstana sərmayə qoyuluşu şəraitinin pisləməsinə səbəb ola bilər.

Milli bankın prezidenti deyib: "BVF tövsiyyələrinin yerinə yetirilməsi şərtlərinə əməl olunmaması Paris klubunun sentyabr iclasında Gürcüstanın xarici borclarının strukturunun dəyişdirilməsi məsələsinin müzakirəsini çətinləşdirə bilər. Bu, sərmayə qoyluşu mühitinə mənfi təsir göstərər və xarici borclarını vaxtında ödəmək iqtidarında olmayan ölkəmizi makroiqtisadi səbatsızlığa gətirib çıxarardı". Gürcüstanın xarici borcunun ümumi həcmi 2 mlrd. dollara yaxındır.Bunun təqribən 600 milyonunu Gürcüstan Paris kreditorlar klubuna üzv olan ölkələrdən borc alıb. Repsublikanın ehtiyat valyuta fondu isə vur-tut 200 mln. dollara yaxındır.


XOMEYNİ QAYIDIR.
İslam respublikası banisinin nəvəsi amerikanları iran xalqına kömək etməyə çağırır

BAKI.22.03.2003. MEDİA-PRESS: "Əgər amerikanların müdaxiləsindən savayı azadlığa çıxmağın başqa yolu yoxdursa, İran sakinləri bununla razılaşmalıdırlar". Bu sözləri deyən Corc Buş hökümətinin "quzğun"larından biri yox, İran İslam Republikasının banisi və mənəvi lideri Ayətullah Xomeyninin nəvəsi Həsən Xomeynidir. Bəli, vaxtilə ABŞ-ı görməyə gözü olmayan, onu "böyük İblis" adlandıran Ayətullahın doğmaca nəvəsi!

"İzvestiya" qəzetinin yazdığına görə, bir ay əvvəl İran hökümətinin gizli casuslarından canını qurtarmağa çalışan Həsən Xomeyni şimaldan İraqa daxil olub. Həsənin sözlərinə görə, xəfiyyələr "nə yolla olursa- olsun onu aradan götürmək" tapşırığı almışdılar. Hazırda nəvə Xomeyni Bağdadda hələ bu yaxınlara kimi prezident Səddam Hüseynin qardaşlarından birinə mənsub olmuş dəbdəbəli villada yaşayır. O, buradan, demək caizdirsə, "Bağdad sürgünü"ndən, İrandakı hakim rejimi öz xalqına həqarətli münasibətdə təqsirləndirirdi.

Xomeyninin nəvəsi barədə məlumat azdır. Seyid Həsən Xomeyninin 45 yaşı var. Dini təhsilini Ən-Nəcəfdə almış nəvə Xomeyni 7 yaşından 14 yaşına kimi o vaxtlar mühacirət həyatı sürmüş babası ilə yaşayıb. İslam inqilabından sonra dini təhsilini İranın şiə mərkəzlərindən birində davam etdirib. Həsən 1997-ci ildə İranda keçirilmiş prezident seçkilərində dövlətin gələcək başçısı Məhəmməd Hatəmini fəal müdafiə edərək, onu "babasının təliminin ən yaxşı müdafiəçisi" adlandırırdı. Son illərdə Həsən Ayətullah Xomeyni muzeyinin mühafizi və İslam dövləti banisinin əsərlərini nəşrə hazırlayan institutun kuratoru vəzifələrini tutub. Yaxın vaxtlaradək nəvə Xomeyni heç də ABŞ-a məhəbbət bəsləyən adama bənzəmirdi. Məsələn, o, dinləyicilər qarşısında bu fikri təkrarlamağı xoşlayırdı: "Qurdla quzu arasında məhəbbət mümkün olmadığı kimi, ABŞ-la İran arasında da dostluq münasibətləri mümkünsüzdür ". 2002-ci ilin iyununda Ayətullah Xomeyninin vəfatının 13-cü ildönümünə həsr olunmuş mitinqdə camaatın "Amerikaya ölüm!" hayqırtıları altında çıxış edən nəvə Xomeyni ifadələrindən çəkinməyərək ABŞ və İsrailin regiondakı siyasətlərini növbəti dəfə tənqid atəşinə tutub.

"İzvestiya" vurğulayır ki, hər şey bu ilin mayında İranda baş vermiş tələbələrin təlatümlü çıxışlarının darmadağın edilməsindən və etiraz iştirakçılarından 4 min nəfərinin həbsindən sonra dəyişdi. Bu nümayişləri Həsən Homeyni də fəal müdafiə edirdi. Ayətullahın nəvəsi həmin andan İranda non-qrat (arzuolunmaz) şəxs elan edildi. İran xəfiyyələri Həsənin ovuna çıxdılar. O da İraqa qaçmağa, ingilis və amerikan qoşunlarının qoltuğuna sığınmağa məcbur oldu. Amma nəvə Xomeyni Bağdada gəlişini heç də İranda ona qarşı yaranan təhlükə ilə deyil, bu ölkədə yerləşən müqəddəs şiə məkanlarını uzun illərdən sonra ilk dəfə ziyarət etmək və hələ təhsil illərində tanıdığı, indi şiələr arasında bir çoxları yüksək vəzifə sahibi olan köhnə dostlarını görmək imkanı ilə əlaqələndirir. Fərq burasındadır ki, Həsən Xomeyni indi daha çox azadlıq və konstitusiyadan dəm vururaraq deyir: "Amerika azadlıq və konstitusiya rəmzidir və olaraq qalacaqdır".

İranda mövcud olan siyasi sistemi Həsən "totalitar", "İranlıların istək və arzılarından uzaq" quruluş adlandırır. O, mərhum babasının adından İranda köklü dəyişikliklər təklif edir: siyasət də din bir-birindən ayrılmalı və ölkədə elə bir demokratik quruluş yradılmalıdır ki, "adamlar orada etiqadlarına görə təqib olunmasınlar". Əgər bunun gerçəkləşməsi üçün Amerika qoşunlarının İrana müdaxiləsi lazımdırsa, nəvə Xomeyni belə addımı müdafiə etməyə hazırdır.


"QAZ ŞANTAJI" : KİYEV RUSİYA "QAZPROM"U QARŞISINDA YENİ ŞƏRTLƏR İRƏLİ SÜRÜR

BAKI.22.08.2003.MEDA-PRESS: Kiyev Ukraynanın indiki qaz-nəqliyyat infrastrukturunun idarə olunmasına Rusiya "Qazprom"unu və Almaniyanın Ruhrgas konsernini buraxmaq fikrindən daşınıb. Bu yaxınlarda Ukrayna Energetika naziri Sergey Yermilovun verdiyi bəyanata görə, beynəlxalq konsorsium onun ölkəsinin bütün qaz kəməri sistemini deyil, yalnız yeni şaxəni- Aleksandrov Qay-Novopskov-Ujqorod xəttini idarə edə bilər. Köhnə ixrac infrastrukturu isə Ukrayna hökümətinin ixtiyarında qalacaq. Ukraynalıların qaz nəqli üzrə cədvəllərinə nəzarət etməyə hazırlaşan Rusiya "Qazprom"unun əməkdaşları Kiyevin danışıqlarda yeni mövqeyindən şok vəziyyətinə düşüblər.

"Vedomosti" qəzeti xatırladır ki, Ukraynanın qaz şəbəkələrinin müştərək idarəsi fikri keçən ilin yayında yaranıb. O zaman prezidentlər Vladimir Putin və Leonid Kuçma konsorsium yaratmaq barədə razılığa gəldilər. "Qazprom"və "Naftoqaz Ukrainı" bərabər əsaslarla ona rəhbərlik etməli idilər. Qərara alınmışdı ki, konsorsium Ukraynanın bütün boru şəbəkələri idarəsini öz əlinə götürür. 2002-ci ildə tərəflər öz səhmlərinin hərəyə 16 faizini Rusiya qazının Almaniyadakı əsas müştərisi Ruhrgas alman şirkətinə vermək barədə ilkin razılığa gəldilər. Lakin Putin- Kuçma ideyası kağız üzərində qaldı: Kiyev haqlı olaraq ehtiyatlanırdı ki, "Qazprom" və "Ruhrgas"bu konsernin infrastrukturuna yiyələndikdən sonra, Ukrayna ərazisindən qazın axıdılmasının qiymət cədvəlini aşağı sala bilərlər. Ukraynanın ssenarisinə görə, konsorsium nəql edilən qazı Ukraynanın Rusiya ilə sərhədində satın almalı və Avropaya satmalıdır. Bu şərt Moskva üçün qəbuledilməzdir. Bildiyiniz kimi, danışıqlar prosesinin gedişi barədə mətbuatda ziddiyyətli xəbərlər yayılırdı. Ancaq indi məlum olur ki, əslində tərəflər dalana dirəniblər və Kiyev də, demək caizdirsə, "Qordiyev düyününü kəsməli oldu".

Ukraynanın Energetika naziri Sergey Yermilovun bəyanatına görə, konsorsiuma yalnız onun öz vəsaitləri ilə tikdiyi yeni boru xəttləri daxil ediləcək, mövcud qaz-nəqliyyat sisteminə isə Ukrayna höküməti və "Naftoqaz Ukrainı" rəhbərlik edəcəklər. Onun sözlərinə görə, konsorsium iştirakçıları ildə 30 mlrd. kub metr həcmində qaz ötürə bilən yeni Aleksandrov Qay-Novopskov-Ujqorod marşrutunun tikintisi imkanını müzakirə edirlər.

Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətində "Vedomosti"-yə bildiriblər ki, "tərəflər" kəmərdən istifadənin əsas ssenarisi barədə razılığa gələ bilmirsə, bunun güzəştli variantı əlavə tikili və şəbəkələrə malik konsorsium yaratmaqdır"."Naftoqaz Ukrainı"dakı mənbənin də iddiasına görə, "konsorsiumun qaz-nəqliyyat sisteminə" yalnız yeni xətlərlə qazın daşınmasının aid olacağı barədə qərar o vaxt qəbul edildi ki, Ukraynanın bütün qaz-nəqliyyat şəbəkəsi bazasında konsorsium yaradılması haqqında danışıqılar dalana dirəndi".

"Qazprom"un idarə heyəti sədrinin mətbuat katibi Sergey Kupriyanov bu xəbəri təsdiqləyərək, vurğulayıb ki, yeni şaxənin çəkilməsinə dair danışıqlar gedir. Konsorsiumun biznes-planı layihəsi ildə 15 mlrd. kub metr qaz ötürmək və gələcəkdə onu 32 mlrd kub metrə çatdırmaq gücündə olan yeni magistral kəmərinin tikintitsi imkanını nəzərdə tutur. Kupriyanovun sözlərinə görə, yeni xəttin marşrutu, qiyməti və tikintinin müddəti hələlik müzakirə olunur, tikintinin maliyyələşdirilməsi məsələsi isə sonra, konsorsiumda iştirakçıların payı tam müəyənləşdikdə həll edələcəkdir. Yermilov iddia edir ki, yeni şaxə təqribən 2 mlrd. dollara başa gələcək. Lakin "Qazprom" rəhbərliyi Kiyevin danışıqlardakı mövqeyindən qəfil geri çəkilməsindən heyrətə gəlib. "Qazprom" dakı mənbə israrlıdır: "Güman olunur ki, konsorsium Ukraynanın bütün magistral qaz kəmərlərini idarə edəcək". Ruhrgas-ın nümayəndəsi Hayner Harbi isə yeni qaz şaxəsinin çəkilməsi məsələsinin şərhindən ümumiyətlə vaz keçib.

Təhlilçilər hesab edirlər ki, Yermilovun bəyanatı konsorsiumun əsas ideyasının üstündən xətt çəkir. "Trast" bankının nümayəndəsi Vladislav Metnyov xatırladır ki, "Qazprom" konsorsiumu yaratmağı təklif edəndə borunun Ukrayna ərazisindəki hissəsinə daha yüksək səviyyəli nəzarətə və şəffaf tranzit qiymət cədvəlinin formalaşacağına ümid bəsləyirdi. "Troyka Dialoq" investisiya şirkətinin təhlilçisi Valeri Nesterovun fikrincə, yeni şərtlər danışıqların yeni raundu ərəfəsində "Qazprom"a təzyiq vasitələrindən biridir. O, deyib: "Ukrayna tərəfi narahatdır, ona görə ki, bir tərəfdən ixracçı kimi "Qazprom", o biri tərəfdən isə istehlakçı kimi Ruhrgas, görünür, Ukrayna şəbəkələrindən ötürüləcək qazın qiymət cədvəlinin aşağı olmasında maraqlıdırlar.

Milli "Naftoqaz Ukrainı" konserni idarə heyəti sədri Yuri Boykonun verdiyi məlumata görə, Ukrayna və Rusiya avqustun 31-də Ukrayna qaz-nəqliyyat sisteminin idarəsi üzrə konsorsiumun fəaliyyətinə dair texniki-iqtisadi əsaslandırmanı (TİƏ) imzalamaq niyyətindədirlər. Avqustun 26-da qaz-nəqliyyat konsorsiumunun Müəssisələr Şurası çağrılacaq. Bundan sonra müqavilənin imzalanmasının dəqiq tarixi müəyənləşdiriləcəkdir. Bu zaman Boyko konsorsiumun hansı model üzrə işləyəcəyini dəqiqləşdirməyərək qeyd edib ki, hazırda Rusiyanın Ukraynaya gəlmiş nümayəndə heyəti bu məsələ üzərində işləyir.

Ancaq məlumdur ki, Moskva ilə Kiyev arasında "qaz münasibətləri" nin soyuması heç də beynəlxalq konsorsium yaradılması layihəsindən başlamayıb. Ukraina xeyli müddət idi ki, necə deyərlər, "qazın borudan icazəsiz götürülməsi ilə" (əslində oğurlanması ilə) məşğul idi ki, bu da "Qazprom"un haqlı qəzəbinə səbəb olurdu. Son zamanlar bu mürəkkəb münasibətlər kələfinə Türkmənistan "düyünlər"i də əlavə olub. Sonuncu öz qazının Ukrayna ərazisindən və onun köməyi ilə müstəqil ixrac etmək barədə təkəbbürlü planlar cızır. Əslində qaz kələfi çox düyünə düşüb. "Qazprom" Ukraynanın magistral qaz-nəqliyyat şəbəkələri olmadan keçinə bilməz, çünki Rusiya qazının əsas həcmləri Avropaya məhz bu yolla daşınır. Türkmənistan da Moskva üçün çox vacibdir, çünki,"Qazprom" Aşqabaddan dünya qiymətlərindən çox aşağı aldığı qazı həm rus alıcılara verə, həm də Avropaya ixrac edə bilər. O ki, qaldı Türkmənistana, "Qazprom" onun qazını topdan alan ən yaxşı müştərilərdən biridir. Ukrayna isə, Rusiya qazı olmasa, öz enerji balansının heç yarısını da təmin edə bilməzdi. Rusiyanın daha bir qəzeti- "İzvestiya"nın fikrincə, Rusiya-Ukrayna və Türkmənistan qazın RF ərazisindən keçməklə, Mərkəzi asiyadan Ukraynaya nəqli üçün yeni boru xəttinin tikintisi layihəsi ətrafındakı ixtilaflar ucbatından az qala "qaz müharibəsi " astanasındadırlar. Moskva bu kəməri çəkmək istəmir, ancaq görünür Kiyev və Aşqabadın birgə təzyiqi qarşısında geri çəkilməli olacaq. Bu səbəbdən "izvestiya" hesab edir ki, belə vəziyyətdə Rusiya-Ukrayna-Türkmənistan üçlüyündən 2-sinin 3-cüyə qarşı birləşməsi haqqında istənilən xəbər beynəlxalq qalmaqal doğura bilər.

Xatırladaq ki, bu yaz prezident Niyazov Xəzərboyu qaz kəmərinin tikintisi təşəbbüsü ilə (Kiyev onu dəstəkləyib) çıxış etmişdi. Həm də bu layihədə "Qazprom" un dominant roluna təzminat verilmir. Türkmənbaşı dərhal bəyanat verib ki, layihədə "Naftoqaz Ukrainı" və başqa qrumlar iştirak edə bilərlər. "Qazprom" isə Türkmənistana əvvəlcə mövcud xəttlərin yenidən qurulmasının bir neçə variantını hazırlamağı və yalnız bundan sonra 2,5 mlrd. dollara başa gələcək yeni marşrutun çəkilməsinin məqsədəuyğunluğu məsələsinin həllini təklif edir. Bundan əvvəl "Qazprom" mövcud "Orta Asiya-Mərkəz" qaz kəmərinin modernləşdirilməsi ilə (təqribən 2 mlrd. dollar xərc tələb edir) kifayətlənməyi təklif edirdi.

Aşqabad və Kiyev isə görünür, hər halda, "üçüncü artıqdır" oyununu oynamaqda qərarlıdırlar. Media-Press artıq yazıb ki, əgər Moskva Ukrayna-Türkmənistan layihəsinin gerçəkləməsinə razılığını verməsə, onda Ukrayna Rusiya qazının Avropaya ixracını məhdudlaşdırmaqla hədələyir. Kiyev qərarını bununla əsaslndırır ki, borular mərkəzi asiya qazı ilə ilk növbədə türkmən qazı ilə doludur. Lakin "Qazprom", deyəsən, "öz boğazına çatı salmaq istəmir". İş burasındadır ki, yeni qaz kəməri (tikiləcəyi halda) ixracçı kimi Türkmənistanın imkanlarını artıra və bu halda o, özünün əzəmətli qaz ehtiyatları sayəsində Avropa bazarlarında "Qazprom" üçün real təhlükəyə çevrilə bilər. Üstəlik ona görə ki, "Qazprom"un Ukraynadan yan keçən marşrutlar tikintisinə dair layihələri var. Məsələn, Rusiya qazının Avropaya ixracının prinsipcə yeni olan Şimali Avropa kəmərini göstərmək olar. "Qazprom"un rəhbəri A. Millerin avqustun 15-də verdiyi bəyanatına görə, Şimali Avropa qaz kəmərinin tikilməsinə şirkətimiz daha çox önəm verir. Bu layihə "Qazprom"a yeni-yeni bazarlara, o cümlədən Şimali Amerika bazarına çıxmağa imkan verəcək. Şirkətimiz məhsulun bölüşdürülməsi şərtləri əsasında Orta Asiyada qaz istixracında da iştirak edəcək. Özbəkistan, Qazaxıstan və Türkmənistanla müvafiq razılaşmalar da vardır. Şirkət 2008-ci ilə kimi illik qaz ixracının həcmini 200 mlrd. kub metrə çatdırmaq ümidindədədir.

Bu faktı da qeyd edək ki, avqustun 18-də Moskvada "Qazprom", "Turkmennefteqaz" və "Turkmenqaz" arasında imzalanmış elmi-texniki əməkdaşlıq sazişi "Orta Asiya-Mərkəz" qaz- nəqliyyat sisteminin inkişaf etdirilməsini nəzərdə tutur. Bu sənədə uyğun olaraq, həmin sistemin yenidən qurulması, genişləndirilməsi və yeni obyektlər tikilməsi üzrə kompleks proqam işlənib hazırlanacaq, Türkmənistan ərazisində "Orta Asiya-Mərkəz" obyektlərinin mövcud vəziyyəti cihazlarla birgə yoxlanılacaq, yeni qaz-nəqliyyat tikililərinin ən münasib marşrutları müəyyənləşdiriləcək və proqram çərçivəsindəki sərmayə qoyluşlarını əsaslandıran sənədlər hazırlanacaqdır. Ehtimal edilir ki, 2004-cü ildən Rusiyaya türkmən qazının verilməsinə (ildə 5-6 mlrd. kub metr) başlanacaqdır. 2009-cu ildə ixrac həcmi ildə 70-80 mlrd. kub metrə kimi yüksələcəkdir. Lakin bütün bunlar yəqin "qaz müharibə"sinin başlanmayacağı təqdirdə mümkündür.