KEÇƏN İLİN OKTYABRINDAN BƏRİ AZƏRBAYCANDA SƏNAYE İSTEHSALI 5,6 % ARTIB
BAKI.19.11.2003. MEDİA-PRRESS: 10 ayda Azərbaycanda sənaye istehsalının həcmi 19,4 trln. manat ($3,95 mlrd.) və ya ötən ilin eyni dövründən -5,6% çox olub.
İstixrac sənayesində artım -1,5%, emal sahəsində- 16,5%, elektrik, qaz və su təchizatı sahələrində-13,7 % olub. İstehlakçılara 19 trln. manat məbləğində məhsul çatdırılıb.
Noyabrın 1-dək müəssisələrin anbarlarında 581,2 mlrd. manatlıq hazır məhsul yığılıb qalıb ki, bu da oktyabrakından 35,5 mlrd. manatlıq çoxdur."Anbar" məhsulunun 76,1 faizi- Bakı, 9,3 faizi- Sumqayıt, 3,9 faizi- Gəncə, 2,2 faizi Mingəçevr müəssisələrinin payına düşür. Bundan əlavə, sənaye müəssisələrin satmaq üçün aldıqları malların qalığı 44,3 mlrd. manat təşkil edib.
10 AYDA AZƏRBAYCAN DƏMİRYOLÇULARI 12 MLN. TONDAN ÇOX YÜK DAŞIYIBLAR
BAKI.19.11.2003. MEDİA-PRESS: 10 ayda Azərbaycanın dəmir yolları ilə 12, 087 mln. ton müxtəlif yüklər daşınıb ki, bu da planlaşdırılan həcmin 108,7 faizi deməkdir. Azərbaycan Dəmiryolu idarəsində Media-Pressə bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə artım 9,2 faiz olub.
Yüklərin ümumi həcminin 9,816 mln. tonunu neft və və neft məhsulları ( plandan 5,2% çox) təşkil edib ki, bu da ötən ildəkindən 3,5% artıqdır.
Bu il 13,5 mln. ton neft və neft məhsullarının daşınacağı planlahdırılıb. İlkin hesablamalara görə, bu ilə müqayisədə 204-cü ildə 1 milyon ton artıq neft və neft məhsulları daşınacaq.
Neft daşımaları həcmindəki belə artım xeyli dərəcədə Gürcüstan limanlarında neft sisternlərimizin boşaldılması işinin normallaşması ilə izah olunur. Azərbaycandan dolu gələn sisternlər əvvəllər limanlarda xeyli müddət boşaldılmadan qalırdı və bu səbəbdən Azərbaycan dəmir yolu ilə xəzər neftinin daşınmasında ləngimələr baş verirdi. Batum limanının genişləndirilməsindən və Potidə neft terminalının tikilməsindən sonra artıq bu müşkül öz həllini tapıb və sisternlər vaxtlı-vaxtında Azərbaycana qayıdır.
İndi hər gün respublikamızdan Gürcüstana neft və neft məhsulları ilə dolu 500-ə yaxın sistern yola salınır. Azərbaycan Dəmir yolu idarəsinin mövcud sistern parkı ildə 16-18 mln. ton maye yanacaq daşımağa imkan verir.
2004-2007- Cİ İLLƏR ÜÇÜN AZƏRBAYCANIN DÖVLƏT İNVESTİSİYA POROQRAMININ İŞLƏNMƏSİ BAŞA ÇATIB
BAKI.19.11.2003. MEDİA-PRESS: Azərbaycanın İqtisadi İnkişaf nazirliyi (İİN) 2004-2007-ci illər üçün ölkənin dövlət investisiya proqramının layihəsi üzərində işi tamamlayıb.
Nazirlikdə Media-Pressə verilən məlumata görə, proqramın tətbiqi iqtisadiyyatın dinamik inkişafına və əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradacaq. Sərmayənin iqtisadiyyata axını üçün daha geniş imkanlar yaradılması,iş yerlərinin təşkili, qeyri-neft bölməsinin ixrac imkanlarının artırılması, sosial infrastrukturun müasir tələblərə uyğunlaşdırılması və xarici müəssisələrlə tərəfdaşlıq münasibətlərinin inkişafı proqramın başlıca məziyyətləridir.
İİN-də müxbirimizə bildiriblər ki, müəyyənləşdirilmiş məsələlərin səmərəsini daha da artırmaq üçün proqrama hər il yenidən baxılacaq və zəruri hallarda ona əlavələr ediləcəkdir.
Dövlət poqramına salınmış 87 layihənin bəzilərində artıq reallaşma mərhələsi başlamaq üzrədir, bir sıra layihələr barəsində isə beynəlxalq maliyyə strukturları və donor ölkələrlə danışıqlar aparılır.
ÜB EKSPERTLƏRİ AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI VƏ KREDİTLƏŞDİRİLMƏSİ İLƏ TANIŞ OLURLAR
BAKI.19.11.2003. Ümumdünya Bankının (ÜB ) Bakıya gəlmiş bir qrup mütəxəssisi bu təşkilatın Azərbaycanda " Kənd təsərrüfatının inkişaf etdirilməsi və kreditləşdirilməsi" proqramı ilə tanış olur.
ÜB-nın Bakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, səfər iki məqsəd güdür- layihə nə dərəcədə uğurla tətbiq olunur və bu qəbil layihələrin gələcəkdə davam etdirilməsi mümkündürmü.
Bu layihənin reallaşması üzrə sazişi Azərbaycan hökuməti ÜB ilə 1999-cu ildə imzalayıb. Ancaq proqramın əməli tətbiqinə yalnız 2002-ci ilin aprelində başlanıb. İlk 4 ildə layihənin realizəsinə ayrılacaq $ 33,3 mln. məbləğin $1,4 milyonunu Azərbaycan ödəyəcək. Bütövlükdə $ 100 milyon məbləğində dəyərləndirilən layihə 10 ilə tətbiq olunmalıdır.
Layihə çərçivəsində fermerlərin daşınmaz əmlakı pasportlaşdırılacaq, torpaqları qeydiyyata alan və fermer təsərrüfatlarını kreditləşdirən regional idarələr yaradılacaqdır. Azərbaycanın 6 rayonuna şamil edilən bu layihə fermerlərin fərdi deyil,kollektiv kreditləşdirilməsini nəzərdə tutur . $9 mindən çox olmayan məbləğdə krediti almaq üçün, ən azı 10 fermer təsərrüfatı birləşməlidir. Kreditlərin ödənilməsinin məsuliyyətini də, təbii ki, kollektiv daşımalıdır.
Qeyd edək ki, bu, ÜB-nın respublikamızda aqrar sahənin inkişafını nəzərdə tutan artıq 2-ci proqramıdır. "Təsərrüfatların özəlləşdirilməsi" adı ilə məlum olan ilk layihə 1997-ci ildə 6 pilot rayonda- Bərdə, Ucar,Salyan, Xaçmaz ,Şərur və Naxçıvanda (kənd) başlayıb və cari ildə başa çatır. $30 milyon dəyəri olan proqram 150 kənddə fermerlərə kreditlər verilməsini, torpaqların özəlləşdirilməsinə yardımı, fermerlərə informasiya xidməti göstərilməsini və bazar münasibətlərinə alışdırılmalarını nəzərdə tuturdu. Layihə çərçivəsində təqribən 5 min fermerə $5,8 milyon məbləğdə kredit verilib.
SƏUDİYYƏ İNKİŞAF FONDU AZƏRBAYCANDA SUVARMA LAYİHƏSİNİN REALLAŞMASINA $ 17 MLN. AYIRACAQ
BAKI.19.11.2003. MEDİA-PRESS Səudiyyə İnkişaf Fondunun ( Saudi Fund for Development, SFD) Azərbaycanda Samur-Abşeron suvarma kanalının bir hissəsinin tikintisi layihəsinin inkişafına $17 mln. həcmində investisiya qoyacaq. Respublika hökuməti yanında Meliorasiya və Su təsərrüfatı komitəsinin sədr əvəzi Əhməd Əhmədzadə "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatında kredit ayrılması şərtlərini dəqiqləşdirmək üçün SFD missiyasının Bakıya dekabrın 2-də gələcəyini, ərəb sərmayəçiləri ilə sazişin 2004-cü ildə bağlana biləcəyini deyib.
Ə.Əhmədzadə əlavə edib ki, layihənin maliyyələşdirilməsində SFD ilə yanaşı İslam İnkişaf Bankı və OPEC fondu da iştirak etmək arzusunu bildiriblər. Hər iki qurumun layihəyə hərəyə $10 mln. ayıracağı planlaşdırılır.
Ə.Əhmədzadənin məlumatına görə, bütün kreditlər imtiyazlı şərtlə, təqribən illik 1% rüsümla 30-35 ilə ayrılacaq ki, bu müddətin 8-10 ilində faiz ödənilməyəcək. Ümumi dəyəri $42 mln. həcmində qiymətləndirilən layihə xərclərinin 5 faizini Azərbaycan hökuməti ayıracaq.
SFD vitse-prezidenti Yusif İbrahim əl-Bəssamın bu ilin avqustunda Bakıya səfəri gedişində Fondun Samur-Abşeron kanalının tikintisini maliyyələşdirmək istəyi bəyan edilmişdi. Elə o vaxt Y.əl-Bəssam və Azərbaycan hökuməti başçısının müavini Abid Şərifov Bakıda 5 ümumtəhsil məktəbinin ucaldılmasına SFD-nin 35,7 mln.səudiyyə rialı ($9,75 mln.) məbləğində kredit ayırması barədə saziş imzalamışdılar.
MOSKVADA PATRİARX ALEKSİ GÜRCÜSTAN, AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN DİNİ RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞƏCƏK
BAKI.19.11.2003. MEDİA-PRESS: Noyabrın 26-da Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin Gürcüstan, Azərbaycan və Ermənistanın dini liderləri ilə paytaxtda görüşü olacaq.
Moskva patriarxlığında "İnterfaks"a bildiriblər ki, bu 4-tərəfli görüşdə Gürcüstan katolikosu İliya, Qafqaz Müsəlmanları idarəsini sədri Şeyxül-islam Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin II Aleksinin qonağı olacaqlar. Görüş gedişində Qafqazda nizamlanma problemi müzakirə ediləcək.
Bu, Qafqaz məsələsinə həsr olunan ilk 4-tərəfli görüşdür. 1989-cu ildə etibarən Qafqazda nizamlanma məsələsi Moskva patriarxının Azərbaycanın dini lideri və erməni apostol kilsəsinin başçısı ilə üçtərəfli danışıqları gedişində 4 dəfə müzakirə edilib. Sonuncu belə görüş isə Moskvada 2000-ci ildə baş tutmuşdu.
AZƏRBAYCAN AVROPAYA ENERJİ EHTİYATLARI VERƏ BİLƏN POTENSİAL MƏNBƏDİR.- ALMANİYANIN BAKIDAKI SƏFİRİ BELƏ İDDİA EDİR.
BAKI.19.11.2003. MEDİA-PRESS: Almaniya enerji ehtiyatları sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir. Bakıda mətbuat konfransında bu bəyanatla çıxış edən Federativ Almaniyanın Azərbaycandakı səfiri Klaus Qrevlix sonra deyib: " Qaza böyük tələbat duyan Avropa ölkələri bu gün Rusiya və Əlcəzairdən çox asılı vəziyyətdədirlər. Mütəxəssislərin hesablamalarına görə, yaxın 20-25 ildə Avropa ölkələrinin qaza tələbatı 3 qat arta bilər. Odur ki, biz xəzər hövzəsində böyük qaz ehtiyatlarının təmərküzləşməsi faktını nəzərə almaya bilmərik".
Alman diplomatı qeyd edib ki, Xəzər hövzəsində , o cümlədən Bakı-Tbilisi- Ərzurum layihəsi çərçivəsində qaz şəbəkəsinin inkişafına Avropada böyük əhəmiyyət verilir. Çünki bu amil regionun enerji ehtiyatlarını avropa bazarlarına nəql etməyə imkan verir.
Avropa İttifaqının (Aİ) cənubi qafqaz regionuna marağının yalnız enenrgetika ilə bitmədiyini vurğulayan Qrevlixin sözlərinə görə, 2004-cü ildə bir sıra Şərqi Avropa ölkələri hesabına genişlənəcək bu təşkilat artıq Cənubi Qafqaz sərhədlərinə çıxmış olacaq və məhz bu səbəbdən Brüssel bu məntəqədə sabitlik olmasını istəyir.
AZƏRBAYCAN HÖKUMƏTİ 2008-Cİ İLDƏ QAZ HASİLATININ İKİQAT ARTACAĞINI PROQNOZLAŞDIRIR
BAKI.19.11.2003. MEDİA-PRESS: Azərbaycan hökumətində "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, bu ilin ehtimali nəticələri ilə müqayisədə 2008-ci ildə ölkədə qaz hasilatı 2 dəfə artacaq. "Beləki, əgər cari ildə 5,02 mlrd. kub metr səviyyəsində qaz istixracı gözlənilirsə, əsasən ən böyük offşor qaz-kondensat yatağı "Şah-Dəniz"in istismara verilməsi və "Azəri-Çıraq-Günəşli" (AÇG )yataqlarından qaz hasilatının artması hesabına 2007-ci ildə,10,4 mlrd. "mavi yanacaq" alınacağı planlaşdırılır.
Agentliyin məlumatına görə, 2003-2004-cü illərdə AÇG-dan ildə 910 mln. kub metr, 2005-ci ildə - 1 mlrd. kub metr qaz hasilatı poqnozlaşdırılırsa, 2006-cı ildə "Şah-Dəniz"in istismarına başlanılması nəticəsində bu iki müqavilə çərçivəsində -3,8 mlrd. kub metr, 2007-ci ildə isə -7,2 mlrd. kub metr qaz çıxarılacaq.
Ehtimal edilir ki, Azərbaycan Dövlət Neft şirkəti 2004-2007-ci illərdə qaz istixracını 3,8 mlrj. kub metrdən tədricən 3,2 mlrd. kub metrə endirəcəkdir.
Qarşıdakı 2 ildə əhalinin və sənaye obyektlərinin qazla təchizatı bir qədər aşağı düşəcək. Məsələn, bu il həmin göstəricinin - 3,73 mlrd kub metr, gələn il-3, 65 mlrd., 2005-ci ildə isə daha az -3,54 mlrd. kub metr olacağı gözlənilir. Ancaq 2006-cı ildən əhali və müəssisələrə verilən qazın həcmi 21 % artaraq -4,28 mlrd. kub metr olacaq. 2007-ci idə də artım davam və 4, 87 mlrd. kub metr təşkil edəcəkdir.
AVRASİYA ÖLKƏLƏRİ VAHİD TƏBİİ QAZ BAZARI YARATMAQ İMKANINA MALİKDİR
BAKI.19.11.2003. MEDİA-PRESS: Avrasiya ölkələri vahid təbii qaz bazarı yaradılması üçün zəruri imkana malikdir. Belçikanın paytaxtı Brüsseldə Energetika Xartiyasının himayəsi altında keçirilmiş "Avrasiyanın təbii qazı: perspektivlər və risqlər" beynəlxalq konfransının iştirakçıları bu qənaətə gəliblər.
Energetika Xartiyası üzrə konfransın sədri Henninq Kristofersenin bəyanatına görə, vahid qaz bazarının bəxş etdiyi potensial iqtisadi üstünlüklərdən Avrasiya qitəsi ölkələrinin həddi-əksər istifadə edə bilmələri üçün böyük investisiyalar tələb olunur. O əlavə edib ki, belə investisiyalar üçün risqlər, imkan daxilində, minimuma endirilməlidir.
Konfras iştirakçıları qaz hasilatına və onun Avrasiya ərazisinə daşınmasına sərmayəqoyuluşları axınını artırmaq üçün əlverişli mühit yaradılmasının əhəmiyyətini də qeyd ediblər.
Energetika Xartiyası katibliyinin, Beynəlxalq Neft-qaz istixracsıları Assosiasiyasının və Avropa Qaz Sənaysi İttifaqının birgə müzakirələrində energetika şirkətləri, maliyə qurumları və beynəlxalq təşkilağların, o cümlədən, Rusiya, Qazaxıstan, Tacikistan, Türkmənistan və Azərbaycanın 200-dən çox nümayəndəsi iştirak edib.
ARDNŞ YAPON KONSORSİUMU İLƏ DANIŞIQLARI İLİN SONUNADƏK BAŞA ÇATDIRMAQ FİKRİNDƏDİR
BAKI.19.11.2003. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft şirkəti (ARDNŞ ) "Atəşgah-Yanan tava- Muğan-dəniz" perspektiv strukturunun işlənməsi layihəsinin gələcək realizəsindən imtina etməyi qərara almış JAOC (Japan Azerbaijan Operatinq Comprany) yapon konsorsiumu ilə bütün mübahisəli məsələləri bu ilin sonunadək yoluna qoymağ fikrindədir.
Media-Pressin əvvəllər xəbər verdiyi kimi, 4 yapon şirkətindən ibarət bu konsorsium "Yanan tava" sahəsində elə ilk kəşfiyyat quyusunu qazarkən uğursuzluğa düçar olub - lay təzyiqi yüksək oldüğüna görə, qazma layihə dərinliyinə çatmadan dayandırılıb. 2-ci kəşfiyyat quyusunun qazılmasından sonra JAOC aşkarlanmış neft ehtiyatlarının kommersiya marağı doğurmadığını elan etdi və bundan sonra gündoğar ölkənin elçiləri layihə üzrə işlərini əslində dayandırdılar və özlərinin Bakıdakı ofisini bağladılar.
ARDNŞ JAOC-un layihədən çıxmaq qərarı ilə ümumən razılaşsa da, hesab edir ki, yaponlar məhsulun pay bölgüsü üzrə öhdəliklərini heç də axıra kimi yerinə yetirməyiblər.
ARDNŞ-də "İnterfaks-Azərbaycan" agentliyinə deyiblər ki ," yaponların layihəni tərk etməsi -həll olunmuş məsələdir.Ancaq hansı şərtlərlə? Bax, biz də onlara təzyiq göstərmədən, butun problemləri çözməyə çalışacağıq.Ümidvarıq ki, ilin sonunadək danışıqları başa çatdıracağıq".
Müqavilə üzrə keçmiş tərəfdaşların fikir ayrılığı başa çatmayan ilk kəşfiyyat quyusunda qazmanın nəticələrinə yanaşma tərzinin müxtəlifliyi ilə izah olunur. ARDNŞ-də belə hesab edirlər ki, əgər quyu layihə dərinliyinə çatdırılmayıbsa, deməli, müqavilənin şərtlərindən birinə əməl olunmayıb. ARDNŞ prezidenti Natiq Əliyevin əvvəlki bəyanatına görə, məhsulun pay bölgüsü sazişi nəzərdə tutur ki, qazılan hər neft quyusu öz geoloji təyinatını yerinə yetirməlidir. Bu isə məhz layihə dərinliyi, yaxud layihə üfüqü ( horizontu) açıldıqda baş verir.
Yaponlar isə belə hesab edirlər: bir halda ki, müqavilə iki quyu qazılmasını nəzərdə tutur ( Atəşgahda qazılmış 2-ci quyu 5,5 min metr layihə dərinliyinə çatıb), deməli, öhdəliklərini yerinə yetiriblər.
ARDNŞ artıq belə vəziyyətlə -əcnəbi şirkətin perspektiv yataqda kəşfiyyatı davam etdirmək istəməməsi faktı ilə bir dəfə üzləşib. Beləki, fransız TotalFinaElfi "Lənkəran-Talış-Dəniz" blokunda 2-ci kəşfiyyat quyusunu qazmaqdan imtina etdiyinə görə, dövlət şirkətinə təqribən $20 mln. məbləğində pul ödəməli olub.
İndiki halda da söhbət, yəqin ki, elə bundan gedir. Fərq yalnız ödəncin məbləğində ola bilər.
"Atəşgah-Yanan Tava-Muğan-Dəniz" strukturunun kəşfiyyatı və işlənməsinə dair ARDNŞ-lə (50%) yapon şirkətləri: İtochu oil ( 7,5%) ,Japex (22,5%), Teikoku (7,5%) və İnpex (12,5%) arasında müqavilə 1998-ci ilin dekabrında bağlanıb. JAOC əməliyyat şirkəti isə 1999-cu ilin mayında yaradılıb.
Müqavilə sahəsi Xəzərin azərbaycan hissəsinin cənub-qərbində sahilyanı sonada yerləşir. Ümumi sahəsinin 500 kv. kilometrə çatdığı blokda dənizin dərinliyi 50-100 metr arasındadır. Karbohidrogen ehtiyatlarının 80 mln. ton təxmin edildiyi bu layihəyə $ 2,3 mlrd. həcmində sərmayə qoyulmalı idi.
CHEVRON TEXACO "ABŞERON" DƏNİZ STRUKTURUNDA 2-Cİ KƏŞFİYYAT QUYUSUNU QAZMAYACAQ
BAKI.19.11.2003. MEDİA-PRESS: Chevron Texaco (ABŞ) Xəzərin azərbaycan şelfindəki "Abşeron" strukturunda 2-ci kəşfiyyat quyusunu qazmayacaq və buna gör də qarşı tərəfə vura biləcəyi ziyanın məbləğini ödəyib. Şirkətin Bakı nümayəndəliyində Media-Pressə bu mülumatı versələr də, ödənilən məbləği açıqlamayıblar.
Bununla belə , Chevron Texaconun nümayəndəsi ikinci quyunun qazılmasından imtinanın şirkətin Bakı ofisinin bağlanması anlamına gəlmədiyini də vurğulayıb.
Müqaviləyə uyğun olaraq , amerika şirkəti "Abşeron"da daha bir quyu qazmalı idi. Chevron Texaco nümayəndələri bu vaxtadək deyirdilər ki, 2-ci quyunun qazılması işlərinə 2004-cü ildə başlana bilər.Çünki qazma Maersk danimark şirkətinin tikdiyi yeni yarımdalma "Lider" qurğusundan aparılmalı idi. 2-ci quyunun qazılacağı nöqtə hələ 2001-ci ildə müəyyənləşdirilmişdi. Quyu yatağın şimal-qərb cinahında qazılmalı və onun da layihə dərinliyi 1-ci kəşfiyyat quyusu kimi 6700 metr olmalı idi. Ancaq Chevron Texaco bu məsələyə nöqtə qoydu.
Media-Pressin əvvəllər məlumat verdiyi kimi, "Abşeron" perspektiv strukturunda qazılmış ilk kəşfiyyat quyusu $78 milyona başa gəlib. Bu, Xəzərin azərbaycan hissəsində qazılmış ən baha quyudur. Layihənin operatoru kimi Chevron Texaco bu məbləğin 60, TotalFinaElf ( Fransa) isə qalan 40 faizini ödəyiblər.
Bu qədər xərc və zəhmət bahasına başa gəlmiş quyu nəticə etibarı ilə kommersiya baxımından cəzbedici həcmdə neft vermədiyinə görə qapadıldı. Azərbaycan geoloqlarının fikrincə, gözlənilən səmərənin olmaması qazma nöqtəsinin düzgün seçilməməsinin nəticəsidir. Lakin şirkət nümayəndələri geoloqlarımızın bu tövsiyyələrini qulaqardına vurdular.
ARDNŞ və Chevron (sonradan Texaco ilə birləşib ) "Abşeron" dəniz strukturunun kəşfiyyatı və işlənməsinə dair müqaviləni 1997-ci ildə imzalayıblar. Bir müddət sonra fransız-belçika şirkəti TotalFinaElf ( indiki- Total S.A.) də layihəyə qoşulub. $3,5 mlrd. həcmində sərmayə qoyuluşunu nəzərdə tutan bu layihədə pay bölgüsü belədir: ARDNŞ- 50%, Chevron Texaco-30% və TotalFinaElf- 20 %. Müqavilə bağlanarkən blokda 120 mln. ton neft və 3 trln. kub metr qaz ehtiyatı olduğu güman edilirdi.
TÜRKMƏNİSTANDA QAZ HASİ LATININ İNDİKİ ARTIMI 2004-CÜ İLDƏ 74 MLRD. QAZ İSTİXRACINA DAİR PROQNOZÜN REALLAŞACAĞINI TƏSDİQLƏMİR
BAKI.19.11.2003. MEDİA-PRESS: Türkmənistan 2004-cü ildə 74 mlrd. kub metr qaz çıxarmağı planlaşdırır ki, bunun da 58 mlrd. kub metri ixrac olunacaq. Respublika hökuməti başçısıın müavini Ellı Qurbanmuradov belə deyib.
Onun iddiasına görə,ixracın artımı həm də yeni çəkiləcək 120 km.-lik boru xətləri sayəsində təmin diləcək. Gələn il türkmən qazının başlıca müştəriləri Ukrayna ( 36 mlrd.), "İtera" şirkətlər qrupu ( mlrd.) və "Qazprom" ( 5 mlrd.) olacaq.
Qurbanmuradov deyib ki, Türkmənistan neft hasilatını 1,5 dəfə ( cari ildəki -10 mln. tondan 2004-cü ildə- 15 mln. tonadək) artırmaq əzmindədir.
Əvvəllər xəbər vermişdik ki, Türkmənistan 2002-ci illə müqayisədə bu il qaz istixracını- 26% (67,6 mlrd.), nefti isə- 50% (13,5 mln. tonadək) artırmağı planlaşdırır.
Lakin 2003-cü ilin 10 ayının göstəricilərinə görə, bu hədəf əlçatmaz görünür. Beləki, 2003-cü ilin yanvar-oktyabrında Türkmənistanda qaz istixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə -8% (47,2 mlrd. kubmetrədək), neft isə- 10 % ( 8, 145 mln tonadək) artıb.
2004-CÜ İLDƏ ÇİN ABŞ-DAN SONRA DÜNYANIN 2-Cİ NEFT İDXALÇISINAM ÇEVRİLƏCƏK
BAKI.19.11.2003. MEDİA-PRESS: Beynəlxalq Energetika Agentliyinin (BEA) ilkin hesablamalarına görə, bu il və gələn il dünyada neft istehlakı artımının üçdə biri Çinin payına düşəcək. Üstəlik, 2004-cü ildə bu ölkə ABŞ-dan sonra dünyada ən çox neft istehlakçıları sırasında birinci yerdə duracaq! Çinin 80 mln. ton neft idxal edəcəyi gözlənilir.
2003-cü ilin əvvəlindən bəri bu göstərici artıq 70 mln. tonu keçib ki, bu da ötən ildəkindən 3 mln. ton çoxdur. Strateji təhlil 2010-cu ildə Çinin 300-320 mln. ton neft istehlak edəcəyini göstərir.
Çin Xalq Respublikası Dövlət Şurası Baş nazirinin müavini Szen Peyyan ölkənin inkişafına həsr edilmiş forum iştirakçıları ilə görüşündə energetika sahəsində əməkdaşlığı fəallaşdırmağa çağırıb.
Szen Peyyan deyib ki, Pekin neftdən asılılığı azaltmaq üçün istehsal və energetika strukturlarını tənzimləmək, enerji ehtiyatlarından istifadənin səmərəsini artırmaq, təmizlənmiş daş kömürdən , yeni və bərpa oluna bilən enerji ehtiyatlarından , o cümlədən külək və günəş enerjilərindən istifadə texnologiyalarının tətbiqini genişləndirmək niyyətindədir.
ALMANİYA KONSERNİ SİEMENS "AZƏRENERJİ" SC-NIN LAYİHƏLƏRİNDƏ İŞTİRAK ETMƏK İSTƏYİR
BAKI.19.11.2003. MEDİA-PRESS: Almaniyanın Siemens şirkəti "Azərenerji" Səhmdar Cəmiyyətinin (SC) layihələrinin reallaşmasında iştirak etməyə maraq göstərir.Sumqayıtda yeni buxar-qaz stansiyasının, Xaçmazda yarımstansiyanın tikintisi, "SKADA" dispetçer idarə sisteminin tətbiqinə dair layihələr o sıradandır.
İndi Siemens və SC Bakı -Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin mühüm strateji obyekti - Səngəçal neft terminalı ərazisində 110 kilovoltluq yarımstansiyanı birgə inşa edirlər.
Bundan əvvəl isə alman konserni respublikamızda bir sıra layihələri həyata keçirib. Məsələn, "Ötürücü sistemin bərpası proqramı"nı Almaniyanın KFW bankı maliyyələşdirib. Bu proqram çərçivəsində ölkəmizdə 22 yüksəkvoltlu yarımstansiyası yenidən qurulub, 330-kilovoltluq DRES "Azərbaycan"-Goranboy elektrik verilişi xətti tikilib, "AzDRES" yarımstansiyası genişləndirilib. 330-kilovoltluq "Ağcabədi" yarımstansiyasının tikintisi də bu bahar başa çatdırılıb. Bu, Azərbaycanda ilk belə yarımstansiyadır ki, bütün layihələşdirmə və tikinti işlərini dünya standartlarına uyğun olaraq Siemens şirkətinin özü görüb.
Sumqayıtda buxar-qaz qurğusunun tikintisi indi Siemensin marağını çəkən ən böyük layihələrdən biridir. Zərərlə işləyən 2 istilik -elektrik mərkəzi bu şəhərdə hələ 2002-ci ildə işini dayandırmışdı, çünki burada 1 kVt elektrik enerjisi istehsalına 700 qram yanacaq sərf edilirdi. Bununla əlaqədar, SC Sumqayıtda 400-500 MVt gücündə buxar-qaz qurğusu tikməyi qərara aldı. Siemens artıq öz layihəsinin rəsmi təqdimatını keçirib və bütün zəruri sənədləri veribdir. Bu layihənin reallaşması işində İsveçrənin Aistom , Avstriyanın VATECH NİDRO və Türkiyə- ABŞ alyansı ENKA/ Bechtel şirkətləri Siemensin rəqibləridir.