İLİN ƏVVƏLİNDƏN BƏRİ "AZƏRENERJİ" TƏQRİBƏN 352 MİN TON ŞƏRTİ YANACAĞA QƏNAƏT EDİB

BAKI.08.10.2003. MEDİA-PRESS: 2003-cü ilin sentyabrında Azərbaycanın istilik-elektrik stansiyalarında 1 kVt/saat elektrik enerjisi hasilinə 380,53 qram şərti yanacaq işlənib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 37,14 qram azdır. Bunun hesabına 48,5 min ton şərti yanacağa qənaət edilib.
Ən çox qənaət "Azərbaycan" Dövlət rayon elektrik stansiyasında (DRES), Əli-Bayramlı və "Şimal" DRES-lərində əldə edilib. Ümumiyyətlə, "Azərenerji" SC sistemində ilin əvvəlindən bəri 1 kVt\saat enerji hasilinə ötən illə müqayisədə 27,83 qram şərti yanacaq az işlənib. Nəticədə 351.97 min ton şərti yanacağa qənaət olunub.


AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİNDƏ NEFT BÖLMƏSİNİN PAYI AŞAĞI DÜŞMƏKDƏDİR

BAKI.08.10.2003.MEDİA-PRESS: 2004-cü ildə Azərbaycan Dövlət büdcəsində neft bölməsindən daxilolmaların xalis çəkisi yenə də düşüb. Maliyyə nazirliyi Vergi siyasəti və gəlirlərin proqnozlaşdırılması Baş idarəsinin rəisi Azər Bayramov bu haqda məlumatında qeyd edib ki, dövlət büdcəsi gəlirlərinin neft bölməsindən asılılığının azalması Azərbaycan hökümətinin ümdə məqsədlərindən biridir. Məsələn, 1997-ci ildə gəlirlərin ümumi həcmində neft bölməsindən daxilolmaların xalis çəkisi 50 faizdən yüksək idi.
Gələn il üçün dövlət büdcəsi gəlirləri 6,957 trln. manat səviyyəsində planlaşdırılır. Hesablamalara görə, bunun təqribən 4, 635 trln. manatını vergi daxilolmaları təşkil edəcək.


2004-CÜ İL ÜÇÜN AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN OKTYABRIN 15-DƏN GEC OLMAYARAQ PARLAMENTƏ TƏQDİM OLUNMASI PLANLAŞDIRILIR

BAKI.08.10.2003.MEDİA-PRESS: Parlamentin İqtisadi Siyasət komissiyası Azərbaycan hökümətinə təklif edib ki, 2004-cü il üçün ölkə büdcəsi layihəsinin hazırlanması prosesini sürətləndirsin və oktyabrın 15-dən gec olmayaraq , baxılmaq üçün parlamentə təqdim etsin.Komissiyanın sədri Səttar Səfərov belə deyib. "İnterfaks-Azərbaycan"-ın verdiyi məlumata görə, komissiyanın bu qərarı respublika prezidentinin qarşıdakı seçkiləri ilə bağlıdır.
S.Səfərov açıqlama verib ki, " Müzakirə prosesi respublikada keçirilən prezident seçkiləri və andiçmə mərasimi ilə əlaqədar uzana bilər. Bununla yanaşı cari ilin 1200-səhifəlik böyük büdcə paketinə baxılmalıdır və buna da vaxt lazımdır".
Onun sözlərinə görə, "Büdcə sistemi haqqında" qanuna əsasən, parlament növbəti maliyyə ili üçün dövlət büdcəsini dekabrın 26-dan gec olmayaraq təsdiq etməlidir.
Media-Pressin verdiyi məlumata görə, 2004-cü il üçün büdcənin mədaxili- 6,957 trln. manat, məxarici -7,272 trln. manat, kəsiri isə-315 mlrd. manat və Ümumi Daxili Məhsulun 0,8 faizi həcmində proqnozlaşdırlır.


AZƏRBAYCAN SOSİAL MÜDAFİƏ FONDUNUN (SMF) 9 AYLIQ GƏLİRİ-1,332 TRLN. MANAT OLUB

BAKI.08.10.2003.MEDİA-PRESS: 2003-cü ilin 9 ayında əhalinin SMF-in gəlirləri 1,332 trln. manata çataraq nəzərdə tutulduğundan 4,3%, yaxud keçən ilin eyni dövrü ilə müqayisədə-213,5 mlrd. manat çox olub.
Gəlirlərin ümumi məbləğinin 805,2 mlrd. manatı icbari sosial sığorta ödəmələri, 525,3 mlrd. manatı isə- dövlət büdcəsi vəsaitləridir. Bunun 238,3 mlrd. manatını büdcə təşkilatlarının, 566,9 mlrd. manatını isə (artım-142,9 mlrd. manat)- qeyri-büdcə təşkilatlarının icbari sosial sığorta rüsumları təşkil edib. Bunun nəticəsidir ki, Fond təqaüdləri və sair sosial ödəmələri vaxtlı-vaxtında verə bilib.
Ümumiyyətlə, 9 ayda bu məqsədlər üçün Fond vəsaitlərindən 1,34 mlrd. manat (keçən ilin 9 ayına nisbətən 225,8 mlrd.manat, yaxud 20,2% çox) ayrılıb. Sosial təqaüdlərə- 77,6 mlrd., işləməyən təqaüdçülərə- 127 mlrd., aztəminatlı ailələr üçün uşaq müavinətlərinə- 134 mlrd., kommunal və nəqliyyat xidmətlərinə görə ödənişlərə-80,2 mlrd. manat və sair pul müavinətlərinə isə- 168,2 mlrd. manat xərclənib.
Əhalinin Sosial Müdafiəsi Fondunda qeyd ediblər ki, Azərbaycan prezidentinin təqaüdlərin artırılması haqqında fərmanına uyğun olaraq, təqaüdlərin yenidən hesablanması prosesi sentyabrın 27-də başa çatıb. Ölkənin bütün şəhər və rayonlarında artırılmış təqaüd və müavinətlərin ödənilməsi davam edir. Keçən ay bu məqsədlər üçün Fonddan 190 mlrd. manat ayrılıb.


ÜB EKSPERTLƏRİ "AZƏRBAYCANIN MƏDƏNİ İRSİ" LAYİHƏSİNİN İCRASI İLƏ TANIŞ OLURLAR

BAKI.08.10.2003.MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) ekspertlərinin Bakıya gəlişinin əsas məqsədi bu bankın "Azərbaycanın mədəni irsi" layihəsinin həyata keçirilməsinin gedişi ilə tanış olmaqdır. Bank mütəxəssisləri bərpa işləri ilə tanış olacaq, mədəniyyət abidələrinin bərpası və mühafizəsi ilə məşğul olan azərbaycanlı mütəxəssislərlə məşvərətlər keçirəcək və layihənin işçi qrupunun rəhbərləri ilə görüşəcəklər. ÜB missiyası Azərbaycanda oktyabrın 17-dək qalacaq.
Bu layihə çərçivəsində Bakıdakı "Şirvanşahlar sarayı" tarixi- memarlıq kompleksinin, Şəkidəki "Xan sarayının", habelə Naxçıvandakı Möminə Xatın və Qarabağlar məqbərələrinin bərpası nəzərdə tutulur. Layihənin dəyəri 8,9 mln. dollardır. Bu pulun 7,5 mln. dolları ÜB-nın kreditidir, 1,4 mln. dollarını isə ölkə höküməti ayırıb. Layihənin reallaşması 2004-cü ilin axırında başa çatmalıdır.


"XƏZƏR ÇERNOMIRDINİNİN" NÖVBƏTİ AÇIQLAMALARI AZƏRBAYCANIN İXRAC NEFT-QAZ KƏMƏRLƏRİ VİKTOR KALYUJNINI RAHAT BURAXMIR

BAKI.08.10.2003.MEDİA-PRESS: Rusiya Xəzər nefti ixracının marşrutlarının seçilməsi zamanı iqtisadi cəhətdən əsaslandırılmış qərarları dəstəkləyir. RF Xarici İşlər nazirinin müavini, ölkə prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı neft-qaz üzrə beynəlxalq Almatı konfransında belə deyib.
Onun sözlərinə görə, Xəzər ətrafında tarixən təşəkkül tapmış magistral boru xətləri sistemi mövcuddur. "Əlbəttə, biz bu sistemi heç də müqəddəsləşdirmirik"-hər bir sistem kimi onun da təkmilləşdirilməyə və inkişafa ehtiyacı olduğunu və bunun həqiqətən də baş verdiyini söyləyən Kalyujnı əlavə edib ki, yeni marşrutlara iqtisadi tələbat olanda onlar yaranır. O, deyib: "Biz çoxşaxəli kəmərlər sisteminin təbii təşəkkülünü məhz belə başa düşürük".
Kalyujnı burada iqtisadiyyatın öz qaydalarının olduğunu və ona görə də, bu qanunların artıq mövcud olan boruların maksimum işə salınmasını və yalnız bundan sonra təzə xəttlərin çəkilməsini tələb etdiyini bildirib. O, "çoxşahəlik adı altında aşkar siyasi məqsədlər güdən layihələrin də irəli sürülməsi hallarının " məlum olduğunu vurğulayaraq, bunun çoxdan təşəkkül tapmış və özünü doğrultmuş təsərrüfat əlaqələrinin ziyanına işlədiyini deyib. V.Kalyujnı: "Ona görə də, bəziləri Ceyhan və Ərzrumu işıq düşən yeganə pəncərə adlandırırlar" sözlərini dedikdən sonra dərhal da əlavə edib ki, bu və ya başqa layihədə iştirak edib-etməmək dövlətlərin və şirkətləin öz qərarıdır.
Kalyujnı cənablarının Azərbaycanın ixrac neft-qaz kəmərlərinə qısqanclıqla yanaşdığı çoxdan və yaxşı məlumdur. Elə bu məsələdə onun qeyri-ardıcıl və ziddiyyətli bəyanatlar verməsi də. Bəzən elə olur ki, RF prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi öz "ibarəpərdazlığı" ilə hətta Viktor Çernomırdin kimi tanınmış "natiqi" də kölgədə qoyur. Əlbəttə, bu "istedad" ın nəticəyə elə bir təsiri olmur.
Məsələn, Kalyujnı sentyabrın axırlarında İtar-Tass-ın müxbirinə "yanacaq-enrgetika kompleksinin geniş inkişafının Xəzərin ekolojiyası üçün təhlükəsindən" danışarkən, nədənsə onun ölkəsinin məhz bu dənizin neft və qaz yataqlarının mənimsənilməsinin böyük iştirakçılarından biri olduğunu "unudub".
Daha maraqlısı isə onun sonrakı sözləridir. Sitat: "Transxəzər boru xətlərinin tikintisi qadağan olunmamalıdır. Lakin belə layihələr qarşısında sərt ekoloji tələblər qoyulmalı və onlar bütün 5 Xəzəryanı dövlətlə razılaşdırılmalıdır. Bu da çox vacibdir ki, qəza hallarında ziyanın ödənməsi prinsipi razılaşdırılsın. Bu çox vacibdir, çünki indi Xəzər şelfində hidrogen sulfidli yataqların işlənilməsinə başlanılır. Hər hansı bir qəza Xəzərin biomühitinə sağalmaz yara vura bilər ". Sitatın sonu.
Bununla əlaqədar cənab Kalyujnıdan soruşmaq yerinə düşərdi: görəsən, Rusiya Türkiyəyə qaz vermək üçün "Mavi axın" sualtı xəttini çəkəndə məsələni hansı Qara dənizətrafı ölkələri ilə razılaşdırmışdı?. Axı, bu kəmər indiyə kimi görünməmiş, bəzi yerlərdə hətta 2 kilometrdən çox dərinlikdən, özü də metalı yiyən təcavüzkar hidrogen sulfidli mühitdən keçib. Bəs, görəsən, "Mavi axın " da qəza baş verəcəyi halda Qara dəniz ətrafındakı ölkələrə vurulacaq ziyanın ödənilməsi prinsipi, yəni Rusiya prezidenti xüsusi nümayəndəsinin Xəzər dənizinə çatanda ağız dolusu danışdığı prinsip işlənib hazırlanıbdırmı?
Halbuki, Viktor Kalyujnının belə deməkdə nə məqsəd güddüyünü anlamaq çox asandır. Gəlin onun Xəzərin ekologiyasından dəm vuranda nəyin "qayğısına" qaldığının əsil səbəblərinə şübhə yeri qoymayan daha bir neçə cümlələrinə nəzər salaq: "Rusiya MDB dövlətlərinin enerji ehtiyatları üçün tranzit ölkəyə çevrilmək istərdi". Bu, Kalyujnının Bakıda "Xəzər neft-qazı-2003" Beynəlxalq sərgi- konfransında dediyi sözlərdir.
Rusiyalı diplomat sözlərinə davam edərək "Biz Xəzərin karbohidrogen ixrac dəhlizlərinin RF ərazisindən keçməsində maraqlı olduğumuzu gizlətməmişik və gizlətmirik" deyib və bu məqsədlə öz ölkəsinin boru xətti sistemini daim genişləndirdiyini və təkmilləşdirdiyini vurğulayıbdır.
Kalyujnı o zaman Bakıda daha bir "parlaq" ideya irəli sürərək, "Rusiya Azərbaycana təklif edir ki, özünün "Şah-Dəniz" yatağı qazını Avropaya daşımaq üçün "Mavi axın" xəttindən istifadə etsin. Azərbaycanın illik layihə gücü 16 mlrd. kub metr olan bu xəttə , oradan isə Türkiyə vasitəsilə Avropaya çıxmaq imkanı vardır"- demişdi. Lakin rusiyalı diplomat o zaman rusiya qazının ixrac qiyməti və həcmləri barədə Türkiyə ilə yaranmış ixtilaflar üzündən "Mavi axın"ın işləmədiyini deməyi nədənsə "unutmuşdu". Cənab Kalyujnı dəqiqləşdirməyi unutmuşdu ki, o zaman "Mavi axın" kəmərinin taleyi tükdən asılı idi- boru boş qala bilərdi. Bu günün özündə də onun tam dolduruldğundan danışmaq olmaz. Yəqin üzümüzə gələn illərdə də bunu iddia etmək mümkün olmayacaq. Axı, rusiyalı diplomat nə cür etiraf edə bilərdi ki, "Qazprom" Türkiyənin qaza tələbatını uzun müddətə hesablayanda yanılıb və indi Transqaradəniz borusu üçün təcili yeni xammal axtarmaq lazımdır?.
Məsəl var, deyərlər: "Yupiterin etdiyini öküz edə bilməz". Rusiyalı diplomat Xəzər karbohidrogenlərinin nəqliyyat marşrutlarından danışanda, görünür, məhz bu qədim latın zərb- məsəlini nəzərdə tutub.


BİR İLDƏ "ÇIRAQ" DA NEFT HASİLATI 1,8% ARTIB

BAKI.08.10.2003.MEDİA-PRESS: "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunun işlənməsi operatoru Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) 2003-cü ilin yanvar-sentyabr aylarında "Çıraq" yatağından 4,859 mln. ton neft çıxarıb ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,8 % artıqdır. Bütövlükdə bu il yataqdan 6,45 mln. ton neft çıxarılması planaşdırılır.
ABƏŞ mətbuat xidməti "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib ki, bu ilin sentyabrında yataqdan 530 min ton neft çıxarılıb. ABƏŞ cari ilin 9 ayında Bakı-Supsa kəməri ilə 4 mln., 662 min ton, o cümlədən sentyabrda- 526 min ton neft yola salıb.
İndi stasionar (daimi) "Çıraq-1" platformasında 18 quyu (15 istismar və 3 suvurma quyusu) işləyir. Platformadakı texniki qurğuların hədd-əksər məhsuldarlığı gündə təqribən 146 min barrel neft çıxarmağa imkan verir. Gələn ilin ortalarına kimi "Çıraq-1" platformasının gündəlik hasilat gücünü 165 min barrelə çatdırmaq planlaşdırılır.
Bütövlükdə "Çıraq" yatağında hasilata başlanandan, yəni 1997-ci ilin noyabrından bəri təqribən 29,4 mln. ton neft çıxarılıb.
"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərin hissəsinin işlənməsi layihəsinin iştirakçıları və onların pay bölgüsü aşağıdakı kimidir:
BP (Britaniya- operator)- 34,1367%, UNOCAL (ABŞ)- 10,2814%, ExxonMobil (ABŞ)- 8,0006%, Devon Energy (ABŞ)- 5,6262%, Amerada Hess (ABŞ)- 1,0413%, ARDNŞ- 10%, İnpex Corp (Yaponiya)- 10%, İTOCHU Oil (Yaponiya)- 3,9205%, Statoil (Norveç)- 8,5633%, TPAO (Türikyə)- 6,75% və Delta Oil (Səudiyyə Ərəbistanı)- 1,68%.


"BAHAR-NEFT DAŞLARI" SUALTI QAZ KƏMƏRİNİN TİKİNTİSİ BAŞA ÇATIB

BAKI.08.10.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Bahar" və "Neft daşları" yataqlarını birləşdirən sualtı qaz kəmərinin çəkilişini başa çatdırıb. İndi burada presləmə işləri görülür, yəni borunun kipliyi yoxlanır. Nəticələr müsbət olarsa, bu ayın axırında kəmər istifadəyə veriləcək.
Sualtı borunu "Xəzərneftikinti" tresti çəkib. Bu zaman "Süleyman Vəzirov" boru döşəyən gəmisindən istifadə olunub. Uzunluğu 68 kilometr və buraxılış qabiliyyəti 5,5 mln. kub metr olan bu kəmərin tikintisi 32 mln. dollara başa gəlib.
Kəmər ARDNŞ-in "Neft daşları" və "Bahar" yataqlarında mövcud olan 2 qaz-kompressor stansiyası qovşağını birləşdirəcək. Repsublika Yanacaq və Energetika nazirliyində Media-Pressə verilən məlumata görə, yeni kəmər "Günəşli" yatağından qaz nəqlinin həcmini artırmaq üçün deyil, buna paralel çəkilmiş 20- düyməlik boruda təzyiqi azaltmaq üçündür. Yeni boru xətti qaz nəqlinin həcmlərini yenidən bölüşdürməyə imkan verəcək. Bununla belə, nazirlikdə qeyd ediblər ki, yeni kəmər gündəlik qaz nəqlinin həcmini təqribən 250 min kub metr artırmağa imkan verəcək.
O ki, qaldı "Günəşli"dən qaz daşınmasının əsaslı şəkildə artırılmasına, bunun üçün yüksək təzyiqli daha bir xəttin çəkilməsinə ehtiyac var. Belə bir layihə mövcuddur və indi o, planlaşdırma mərhələsindən keçir.


"GÜNƏŞLİ" YATAĞINDA 14 NÖMRƏLİ DƏNİZ PLATFORMASINDAN İKİNCİ QUYU QAZILIR

BAKI.08.10.2003.MEDİA-PRESS: Xəzərdəki "Günəşli" yatağının dayaz məntəqəsində quraşdırılmış 14 saylı dəniz stasionar platformasında (DSP-14) ikinci quyunun qazılmasına başlanıb. Dövlət Neft Şirkətində (ARDNŞ) bu barədə məlumatda deyilir ki, dərinliyi 3500 metrə çatacaq quyu 4 aya qazılacaq.
Xatırladaq ki, DSP-14-dən ilk quyu bu ilin avqustunda qazılıb. İndi oradan gündə 200 ton neft və 30 min kub metr qaz çıxarılır. Ümumiyyətlə, bu platformadan qazılacaq 12 quyunun ikisi qaz, qalanları isə neft quyusu olacaq. Geoloqlar ümid edirlər ki, həmin quyularda da hasilat birincidən az olmayacaq ki, çox olacaq.
"Günəşli" yatağıının dayaz hissəsində 100-135 mln. ton neft ehtiyatının olduğu güman edlir. İndi ARDNŞ-in dənizdə istixrac etdiyi neftin təqribən 80 faizi, yaxud dövlət şirkətinin bütün hasilatının 65 faizi buradan çıxarılır.


"QƏRBİ AZƏRİ" DƏ QAZMA SÜTUNLARININ SÜRÜŞMƏSİ SƏBƏBLƏRİNİN AYDINLAŞDIRILMASININ GEOTEXNİKİ TƏDQİQATI BAŞA ÇATIB

BAKI.08.10.2003. MEDİA-PRESS: "Qərbi- Azəri" yatağında (Xəzərin Azərbaycan bölməsinin "Azəri-Çıraq-Günəşli" meqastrukturu ) 9 qabaqlayıcı quyuda qazma sütunlarının sürüşməsi səbəblərinin aşkarlanması üzrə geotexniki tədqiqatlar başa çatıb. Bu haqda Media-Pressə BP-Azerbaijan şirkətində məlumat veriblər.
Xatırladaq ki, hələ avqustda "Qərbi Azəri"də 9 qabaqlayıcı quyunun paket qazması başa çatmışdı. Üst-üstə 4 min metr dərinlikdə qazma işləri görülmüşdü, lakin sonradan naməlum səbəbdən qazma sütunlarında sürüşmə baş vermişdi. BP-Azerbaijanda iddia edirlər ki, hadisədə qazma podratçısının təqsiri yoxdur, çünki bütün avadanlıqlar qaydasında olub. Qəzanın əsas səbəbi geoloji amillə bağlıdır.
Geotexniki tədqiqatların nəticələrinin təhlilinə və "Qərbi-Azəri"də işləri davam etdirmək üçün yeni planın işlənməsinə 2-3 ay lazımdır.
Hələlik isə, "Qərbi-Azəri"də qabaqlama qazmasında istifadə olunmuş "Dədə-Qorqud" yarımdalma platforması "Mərkəzi Azəri" yə aparılıb. Orada 2 istismar quyusunun gövdəsinə çınqıl doldurulması davam edir. Əvvəllər ehtimal edilirdi ki, bu işlər orada istixrac platforması quraşdırıldıqdan sonra görüləcək. Lakin "Dədə-Qorqud" yarımdalma platforması boş qaldığı üçün, həmin işləri indi görmək qərara alınıb. Beləliklə, "Mərkəzi Azəri" layihəsində işlər nəzərdə tutulduğundan daha sürətlə davam edir.


AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ (ABƏŞ) 2006-2007-Cİ İLLƏRİN MƏNFƏƏT VERGİLƏRİNİ ÖDƏMƏYƏ BAŞLAYA BİLƏR

BAKI.08.10.2003.MEDİA-PRESS: 2006-2007-ci illərdən etibarən ABƏŞ-dən mənfəət vergisinin tutlmasına başlanacağı gözlənilir. Repsublika Maliyyə Nazirliyi Vergi siyasəti və gəlirlərin proqnozlaşdırılması Baş idarəsinin rəisi Azər Bayramov belə deyib. Onun sözlərini "İnterfaks-Azərbaycan" agentliyi sitat gətirir: "Əgər bir neçə il ərzində dünya bazarlarında neftin qiyməti yüksək qalarsa (1 barrel-23-24 dollar), o zaman ABƏŞ artıq 2006-cı ildən mənfəət vergisi ödəməyə başlayacaq. Neftin orta illik qiymətinin 20 dollar həddində qalacağı təqdirdə isə, vergi tutulmasına 2007-ci ildən başlanacaq ".- sitatın sonu.
Azər Bayramovun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının mənimsənilməsi müqaviləsinə müvafiq surətdə ABƏŞ-dən mənfəət vergisi yalnız bütün əməliyyat xərcləri və əsaslı xərclər ödəndikdən sonra tutulacaq. Hazırda bu müqavilə üzrə çıxarılan neftin satışından ələ gələn gəlirin 50 faizi əməliyyat xərclərinin, qalan yarısı isə əsaslı xərclərin ödənilməsinə yönəldilir, habelə aşağıdakı nisbətdə bölüşdürülür: ABƏŞ-70%, Azərbaycan Dövlət Neft Fondu (DNF)-30%. ABƏŞ mənfəət vergisini yalnız bütün əsaslı xərclər ödəndikdən sonra ödəməyə başlayacaq.
Bayramov deyib: "hazırda ABƏŞ mənfəət vergisi əvəzinə dövriyyə vergisi ödəyir. 2002-ci ildə işçilərdən tutulan gəlir vergisi ilə birlikdə 2002-ci ildə konsorsiumun vergi tədiyyələri bütövlükdə 415 mlrd. manat (85 mln. dollara yaxın) olub".
ABƏŞ "Çıraq" yatağında neft hasilatına 1997-ci ildə başlayıb. Hal-hazırda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərin hissəsinin işlənməsi layihəsinin iştirakçıları və pay bölgüsü belədir: BP (Britaniya- 34,1367%), UNOCAL (ABŞ-10,2814%), ExxonMobil (ABŞ-8,0006%), DevonEnergy (ABŞ-5,6262%), Amerada Hess (ABŞ-1,0413%), ARDNŞ (10%), İnpex Corp. (Yaponiya-10%), İTOCHU Oil (Yaponiya-3,9205%), Statoil (Norveç-8,5633%), TPAO (Türkiyə-6,75%) və Delta Oil (Səudiyyə Ərəbistanı-1,68%).


AZƏRBAYCAN HÖKÜMƏTİ DÖVLƏT NEFT FONDU (DNF) HAQQINDA QANUN LAYİHƏSİNİ HAZIRLAMAĞA BAŞLAYIB

BAKI.08.10.2003.MEDİA-PRESS: Azərbaycan höküməti DNF haqqında qanun layihəsinin tərtibinə başlayıb. Fondun icraçı direktoru Samir Şərifov "Neft fondunun fəaliyyətini tənzimləyən qanunun qəbulu məsələsində tələsməyin gərəksiz olduğunu, həm mənfi, həm də müsbət təcrübənin öyrənilməsinin zəruriliyini " qeyd edərək, belə qanunun yaxın bir neçə ildə qəbul edilməsi imkanın olduğunu vurğulayıb.
Onun sözlərinə görə, DNF-nın fəaliyyətini tənzimləyən qanunun nə vaxt qəbul edilməsi məsələsi Azərbaycan höküməti ilə Beynəlxalq Valyuta Fondu (BVF) arasında mübahisə mövzusudur. Şərifov qeyd edib ki, respublika hökümətinin mövqeyinə görə, Neft Fondu haqqında qanun Fondun özü müstəqil qurum kimi möhkəmləndikdən bir neçə il sonra qəbul edilməlidir. Bir halda ki, BVF bu qanunun ən tez bir zamanda qəbuluna tərəfdardır.
Parlamentin İqtisadi Siyasət komissiyasının sədri Səttar Səfərov da hesab edir ki, DNF-nin idarə olunması ayrıca qanun əsasında həyata keçirilməlidir. Komissiya sədrinin fikrincə, "belə qanunun qəbul edilməsi Fondun fəaliyyətinin şəffaflığını təmin edərdi". Azərbaycan DNF prezidentin fərmanı ilə 1999-cu ilin dekabrında yaradılıb. 2003-cü ilin birinci yarısında Fondda toplanmış vəsaitlər 13% artaraq, iyulun 1-də 780 mln. dollar təşkil edib.


QAZAXISTAN XƏZƏRDƏ TƏQRİBƏN 2,12 MLRD. TON EHTİYATI OLAN ALTI SAHƏDƏ KƏŞFİYYAT İŞLƏRİ APARACAQ

BAKI.08.10.2003.MEDİA-PRESS: Xəzərin Qazaxıstana aid hissəsində kəşfiyyat işləri üçün hazırlanmış 6 perspektivli neft-qaz sahələrinin ümumi şərti yanacaq ehtiyatı 2,12 mlrd. tona yaxındır. "KazMunayTeniz" dəniz neft şirkətinin "İnterfaks-Qazaxıstan" agentliyinə bu barədə məlumatında deyilir ki, "Darxan" (Qazaxıstan bölməsinin şimalı), "Tyub- Karaqan", "KAzaxstan" (bölmənin mərkəzi hissəsi), "Nursultan", "Rakuşeçnoye- more" və "Ulıtau" (bölmənin cənub hissəsi) bloklarında ekoloji kəşfiyyat işləri aparılmalı və yeraltı sərvətlərdən istifadə hüququna dair icazə alınmalıdır.
"Kazmunayqaz" Milli neft-qaz şirkətinin ixtisaslaşdırılmış bölməsi sayılan "KazMunayTeniz" dəniz neft şirkəti Qazaxıstanın Xəzər və Aral dənizləri hissələrində neft-qaz layihələrinin reallaşdırılması üçün yaradılıb.
"KAzmunayqaz" isə 2006-cı ilə kimi neft hasilatının 9,7 mln. tona çatdırmağı planlaşdırır. Bu barədə məlumat verən şirktətin prezidenti Uzakbay Karabalin deyib ki, "KazMunayQaz" öz qarşısına vəzifə qoyub ki, 2006-cı ildə təqribən 42,7 mln. ton neft və 137,9 mln. kub metr qaz nəql etsin.
Bir qədər əvvəl xəbər vermişdik ki, "KAzmunayqaz"ın yardımçı şirkətləri 2002-ci ildə 7,43 mln. ton neft çıxarıblar. Bu il isə təqribən 7,7 mln. ton yanacaq hasil etmək planlaşdırılır.
Qazaxıstanın energetika naziri Vladimir Şkolnikin sözlərinə görə, gələn il ölkə gündəlik neft ixracını 1 mln. barrelə çatdıracaq. 2003-cü ildə- 52, gələn il isə- 58 mln. ton neft hasil ediləcək. Bu yanacağın 50 mln. tonu ixrac ediləcək.


AVROPA KOMİSSİYASI NOYABRDA XƏZƏR REGİONU ÖLKƏLƏRİNİN İŞTİRAKI İLƏ ENERJİ KONFRANSI TƏŞKİL EDƏCƏK

BAKI.08.10.2003.MEDİA-PRESS: Avropa komissiyası və Avropa parlamenti Xəzər regionu ölklərinin iştirakı ilə bu ilin noyabrında Brüsseldə energetika probelmləri üzrə konfrans keçirəcək. Neft və qaz üzrə Almatı konfransında (KİOGE-2003) Avropa Komisiyası nümayəndə heyətinin birinci müşaviri Con Penninin verdiyi məlumata görə, tədbirdə məqsəd qarşılıqlı fayda naminə region ölkələri ilə energetika sahəsində əməkdaşlığı genişləndirməkdir. Avropa Parlamenti və Avropa komissiyası bu tədbirdə iştirak üçün artıq Xəzər regionunun dövlət və hökümət başçılarına dəvətnamə göndəriblər.


AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİ HASİLATI 13,9% ARTIB

BAKI.08.10.2003.MEDİA-PRESS: Azərbaycanda cari ilin 9 ayında 15,34 mlrd. kVt/saat elektrik enerjisi hasil edilib ki, bu da keçən ilin müvafiq göstəricisindən-13,9% çoxdur. Sentyabrda 1,47 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib. Bunun 1,376 mlrd.- istilik elektrik, 93,843 mln. kVt/saatı isə su elektrik stansiyalarının payına düşüb.
Keçən ay 37 567 Qkall istilik enerjisi hasil edilib. "Azərenerji" Səhmdar Cəmiyyətinin Mərkəzi dispetçer xidmətinin məlumatına görə, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin sentyabr ayında elektrik enerjisi hasilatı 15,5% artıb.