İLİN ƏVVƏLİNDƏN BƏRİ XƏZƏR GƏMİÇİLİYİ İDARƏSİ 10 MLN. TONA YAXIN YÜK DAŞIYIB

BAKI.10.10.2003.MEDİA-PRESS: İlin əvvəlindən bəri Xəzər gəmiçiliyi idarəsinin gəmiləri 9,944 mln. ton yük daşıyıb. Bu, ötən ilin müvafiq dövründən 1,412 mln. ton və nəzərdə tutulduğundan 1,344 mln. ton çoxdur. Gəmiçilik idarəsinin mətbuat xidmətində Media-Pressə bu barədə verilmiş məlumatda qeyd olunur ki, yük dövriyyəsinin yarısından çoxu- 6,668 mln. tonu- neft və neft məhsullarıdır. Adi gəmilərlə 853 mln. ton, bərələrlə 2,423 mln. ton yük daşınıb. Bu müddətdə Avrasiya nəqliyyat dəhlizi ilə yükdaşımalarının həcmi- 7,808 mln. ton olub ki, bunun da 7,451 mln. tonu tranzit yüklərdir.
İdarəçiliyin gəmiləri Xəzər hövzəsində 9,280 mln. ton və ya nəzərdə tutulandan 1,41 mln. ton çox yük daşıyıb. MDB limanları arasında daşınmış 8,262 mln.ton yükün 5,793 mln. tonu tanker donanmasının payına düşür. Aktau-Bakı, Türkmənbaşı-Bakı, Alaça-Bakı, Okarem-Abşeron yüklərin daşındığı əsas marşrutlardır. Cari ildə Aktau-Bakı və Türkmənbaşı-Bakı marşrutlarında 298 min ton çox yük daşınıb. Xəzər gəmiçiliyi idarəsinin gəmiləri İran istiqamətində 1,17 mln. ton yük, o cümlədən 875 min ton neft və neft məhsulları daşıyıb.
İlin əvvəlindən bəri 10,2 min nəfər sərnişin daşınıb. Keçən ilin 11, 378 mln. ton göstəricisi müqabilində bu il idarənin gəmiləri 12 mln. ton yük daşıyacaq. İdarənin tanker donanması 1 ildə 15 mln. tona qədər neft və neft məhsullarını mənzil başına çatdıra bilər. Donanmanın tərkibinə gələn il daha 2 tankerin (hər birinin su tutumu 12 min tondur) əlavə olunması yük daşımalarının həcmini ildə 18 mln. tona qaldırmağa imkan verəcək. Keçən il Xəzər gəmiçiliyi idarəsi 7, 3 mln. ton yük daşıyıb.
Bu idarənin gəmiləri 39 ölkənin limanlarına da daxil olur. Belə ki, Qara dəniz, Baltik və Aralıq dənizləri hövzələrindən Volqa-Baltik, Volqa-Don kanalları ilə Xəzərə gətirilən yüklər boşaldılmadan birbaşa İran limanlarına çatdırlır. Xəzər gəmiçiliyi idarəsinin Qara dəniz-Azov hövzəsində işləyən gəmiləri əcnəbi kirayəçilərin yüklərini Avropa, Yaxın Şərq və Şimali Afrika limanlarına daşıyırlar.


"AZƏRBAYCAN HAVA YOLLARI" DÖVLƏT KONSERNİ MOSKVAYA UÇUŞLARI BƏRPA EDİR

BAKI.10.10.2003.MEDİA-PRESS: "Azərbaycan hava yolları " (AZAL) Dövlət Konserni öz təyyarələrinin Moskvaya uçuşlarını oktyabrın 26-dan bərpa edir. "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Konsernində məlumat veriblər ki, Moskvaya gündə 2 təyyarə uçacaq.
AZAL bu marşrutda yeni "Boeinq-737" -dən istifadə etmək niyyətindədir. Bu təyyarənin Bakıya oktyabrın 27-də gələcəyi gözlənilir. Hal-hazırda Bakıdan Moskvaya uçuşlarda "Aeroflot", "Domodedovskiye avialinii" və "Pulkovo" rus şirkətlərinin, İmair azərbaycan və Turan Air azərbaycan-amerika şirkətlərinin təyyarələri iştirak edir.


2003-CÜ İLİN YANVAR-SENTYABRINDA ƏHALİYƏ 11,2 TRLN. MANATLIQ İSTEHLAK MALLARI SATILIB

BAKI.10.10.2003.MEDİA-PRESS: 2003-cü ilin yanvar-sentyabrında Azərbaycan əhalisinə 11,2 trln. manatlıq istehlak malları satılıb ki, bu da keçən ilin eyni dövrünün göstəricisindən 10,2% çoxdur.
Respublika Dövlət Statistika komitəsində verilən məlumata görə, əhali daha çox ərzaqa pul xərcləyib- 7,5 trln. manat. Qeyri-ərzaq mallarına- 3,7 trln. manat sərf edilib. Bu göstəricilər ötən illə müqayisədə müvafiq surətdə 9% və 12,9% çoxdur.
Həmin dövrdə əhaliyə 2,2 trln manatlıq (10,9% çox) xidmətlər göstərilib. Xidmətlərin ümumi həcminin 69 faizi hüquqi, 31 faizi isə fiziki şəxslər tərəfindən göstərilib.


AVROPA İTTİFAQI AZƏRBAYCAN ALİ MƏKTƏBLƏRİNƏ YARDIM LAYİHƏLƏRİNİN REALİZƏSİNƏ BAŞLANDIĞINI ELAN EDİB

BAKI.10.10.2003.MEDİA-PRESS: 2002-2003-cü illərdə Azərbaycanın Ali məktəblərinə texniki yardım (TEMPUS) adlanan Avropa İttifaqı proqramı çərçivəsində 4 layihə gerçəkləşdiriləcək. Avropa İttifaqının TACİS proqramının Əlaqələndirmə bürosunda verilən məlumata görə, bu layihələrdən biri- "Müasir mühəndis təhsili"- Azərbaycan Ali məktəblərində tətbiq ediləcək. Azərbaycan Texniki Universiteti, Dövlət Neft akademiyası, Sumqayıt Dövlət və Mingəçevir Politexnik universitetləri bu proyektin iştirakçılarıdır.
Regional səciyyə daşıyan qalan layihələr Cənubi Qafqaz ölkələri ilə birlikdə həyata keçiriləcək. Məsələn, Memarlıq- İnşaat universiteti "Binanın iqtisadiyyatı: tikintisi və saxlanması", Gəncə Kənd Təsərrüfatı akademiyası "Cənubi Qafqazda ekoloji biliklərin yayılması" , Bakı Dövlət və Azərbaycan Tibb Universitetləri "Cənubi Qafqazda bioloji və veterinar təhsilin milli tədris mərkəzlərinin yaradılması" layihələrində Azərbaycan- təmsil edəcəklər.
TACİS proqramı Əlaqələndirmə bürosunun məlumatında deyilir: "Layihələrdə iştirak edəcək Azərbaycan Ali məktəbləri 2002-ci ilin dekabrında seçilib. Avropa İttifaqı regionun bütün ölkələrində ali məktəblərin seçilməsi işini başa çatdırıb və yeni layihələrin başlanmasına təşəbbüs göstərib. Bütün layihələr 2 il ərzində Avropa universitetləri ilə birlikdə həyata keçiriləcək".


AZƏRBAYCANDA SEÇİCİLƏRİN ÜÇDƏ İKİSİ PREZİDENTLİYƏ NAMİZƏD İLHAM ƏLİYEVƏ SƏS VERMƏYƏ HAZIRDIR

BAKI.10.10.2003.MEDİA-PRESS: Azərbaycan prezidentliyinə namizəd İlham Əliyev 15 oktyabr seçkilərində qalib gəlməyə daha şanslıdır. Bunu "Lider-Media" Sosioloji tədqiqatlar mərkəzinin sorğusu da sübut edir.
Mərkəzin məlumatına görə, respondentlərin 67 faizi İlham Əliyevin, 9 faizi Milli İstiqlaliyyət partiyasının lideri Etibar Məmmədovun, 7,5 faizi isə "Musavat" partiyasının sədri İsa Qəmbərin lehinə səs verib. Sorğuda 1500 nəfər Bakı, Sumqayıt, Quba, Ağdam, Şamaxı, Cəlilabad, Ağdaş və Xaçmaz şəhər və rayonlarının sakini iştirak edib.


AKTAU-BAKI NEFT NƏQLİYYATI SİSTEMİ ÜZRƏ SAZİŞ İLİN AXIRINA KİMİ HAZIR OLACAQ

BAKI.10.10.2003.MEDİA-PRESS: Aktau-Bakı Neft Nəqliyyat sisteminin yaradılmasına dair hökümətlərarası saziş layihəsi ilin axırına kimi hazırlanacaq və baxılmaq üçın Qazaxıstan və Azərbaycan hökümətlərinə təqdim ediləcək. "Kazmunayqaz" Milli Neft Şirkətinin Nəqliyyat strukturu və servis layihələri üzrə direktoru Kairgeldi Kabıldın bu barədə Almatıda bəyanat verərək deyib ki, hal-hazırda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BTC CO. (Bakı-Tbilisi-Ceyhan) boru konsorsiumu "KAzmunayqaz" və BTC Əsas İxrac kəməri (ƏİK) ilə Qazaxıstan neftinin daşınmasında maraqlı olan neft şirkətləri ilə "əməli dialoq" aparırlar.
K. Kabıldının qeyd etdiyi kimi, Qazaxıstan Aktau-Bakı sisteminə BTC ƏİK-lə vahid nəqliyyat dəhlizi kimi baxır. Bu zaman o vurğulayıb ki, ilk mərhələdə neft tankerlərlə daşınacaq. "İndiki məqamda Xəzərin dibindən boru çəkilməsindən söhbət getmir, çünki bu işlə bir çox problemlər bağlıdır".
Milli şirkətin direktoru həmçinin bildirib ki, hökümətlərarası saziş çərçivəsində Qazaxıstan neftini Aktaudan göndərənlər ƏİK sistemindən də yararlanacaqlar. "İmkan yaranacağı təqdirdə, onlar öz neft paylarını bu sistemlə Aralıq dənizi hövzəsinə daşıya biləcəklər. Qazaxıstan öz neftini məhz ƏİK-lə nəql etmək istəyən və belə planları olan milli şirkətlər üçün də əlverişli şərait yaradır".
Media-Pressin verdiyi məlumata görə, Qazaxıstan neftinin BTC kəməri ilə nəqli neftin Aktau-Bakı marşrutu ilə daşınmasını öhdəsinə götürən bir şirkət yaradılmasını nəzərdə tutur. Ehtimal olunur ki, ENİ (İtaliya), Total S.A. (keçmiş TotalFina Elf- Fransa), ConocoPhilips (Amerika) və İnpex (Yaponiya) yeni şirkətin səhmdarları olacaqlar. Qazaxıstanda neft çıxaran bu şirkətlərin BTC Co. konsorsiumunda da üst-üstə 15 faizlik iştirak payları var.
Neftin Aktau-Bakı marşrutu ilə nəqlinin təşkili Aktaudan 76 kilometr cənub-şərqdə- Kurıkda neftin saxlanması, boşaldılması və yüklənməsi üçün yeni terminalın, habelə birləşdirici boru xətlərinin tikilməsini də nəzərdə tutur. Terminalın illk neftötürmə gücü 20 mln. ton olacaq. Birinci mərhələdə tankerlərlə ildə 7,5 mln. ton neft daşınacaq. Zəruri infrastruktur 2006-cı ilin axırına hazır olacaq. Məhz o vaxt Kaşaqan yatağından ilk sənaye neftinin alınacağı gözlənilir.
Qazaxıstanın ƏİK layihəsinə qoşulmasına dair ARDNŞ- "KAzmunayqaz" danışıqları 2002-ci ilin noyabrında başlayıb.


"CƏNUB-QƏRBİ QOBUSTAN" YATAĞINDA 5-Cİ QUYUNUN QAZILMASINA BAŞLANILIB

BAKI.10.10.2003.MEDİA-PRESS: Gobustan Operating Company (GOC) şirkəti ("Cənub-Qərbi Qobustan" blokunun işlənməsi üzrə layihənin operatoru ) "Qərbi Hacıvəli" yatağında 1800 metr layihə dərinliyində 5-ci quyunu qazmağa başlayıb.
Şirkətdə Media-Pressə bildiriblər ki, Donquzluq yatağında 101( layihə dərinliyi 800 metr ) və 102 saylı ( 1100 metr ) quyuların da qazılması üçün hazırlıq görülür.
Xatırladaq ki, GOC şirkəti "Daşgil"və "Duvannı" yataqlarının hər birində 2 quyu (layihə dərinliyi 2550 metr) qazıb. Bütün işləri yerli Caspian Sea Ltd aparıb. Məhsulun bölüşdürülməsi sazişinə (MBS) uyğun olaraq, "Cənub-Qərbi Qobustan" da kəşfiyyat dövrü bu ilin noyabrında başa çatır. O vaxta kimi, şirkət orada 6 istismar və bir kəşfiyyat quyusu qazmalı, 19 köhnə quyunu əsaslı təmir etməlidir. Bu işlərə 15 mln. dollar xərclənməlidir.
"Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin müştərək kəşfiyyatı və işlənməsi layihəsi 1998-ci ilin iyununda imzalanıb və həmin ilin noyabrında ölkə parlamentində təsdiqlənib. ARDNŞ (20%), Union Texas Petroleum (UTP - 40%) və Commonwealth Oil & Gas (40%) MBS-nın iştirakçılarıdır. Lakin UTP layihəni səmərəsiz hesab edərək tezliklə müqavilədən çıxıb və onun 40 faizlik iştirak payını Commonwealth şirkəti alıb. Lakin bu şirkət də 80 faizlik iştirak payını maliyyələşdirmək gücündə olmadığı üçün, payının 62, 83 faizini Çinin Smart Asses və CNOPC şirktlərinə satıb.
"Cənub-Qərbi Qobustan" müqavilə sahəsi 3 blokdan ibarətdir. Əvvəllər istismarda olmuş, lakin neft-qaz istixracının azalması səbəbindən istifadəsiz qalmış "Şıx-Zakirli", "Şeytanud", "Vyurküt", "Donquzluq", "Nardaran", "İlxıçı", "Qərbi Hacıvəli", "Sündi", "Şərqi Hacıvəli", "Torağay", "Kənizdağ", "Qərbi Duvannı", "Duvannı", "Solaxay" və "Daşgil" yataqlarının ümumi sahəsi 604 kv. kilometrə çatır. Yataqda qazılmış 137 istismar quyusunun hamısı sonradan bağlanıb. Bundan əlavə orada daha 250 axtarış və qiymətləndirmə quyusu qazılıb.
Çıxarıla bilən ehtiyatları 115 mln. barrel neft və 530 mlrd. kub fut qaz (neft ekvivalenti ilə təqribən 206 mln. barrel ) həcmində hesablanmış bu layihənin reallaşmasına 470 mln. dollar civarında vəsait xərclənməlidir.


"CƏNUB- QƏRBİ QOBUSTAN" MÜQAVİLƏ SAHƏSİNDƏ 3- MİQYASLI SEYSMİK KƏŞFİYYAT YENİ MALİYYƏ İLİ BÜDCƏSİNİN TƏSDİQİNDƏN SONRA APARILACAQ

BAKI.10.10.2003.MEDİA-PRESS: "Cənub-qərbi Qobustan" müqavilə sahəsinin işlənməsi üzrə operator Gobustan Operating Company (GOC) hələlik orada 3- miqyaslı (3D) kəşfiyyat aparmayıb. GOC-da Media-Pressə məlumat veriblər ki, şirkətin yeni maliyyə ili üçün büdcəsi təsdiq olunduqdan sonra bu işə başlanacaq. Qeyd edək ki, cari maliyyə ili üçün büdcə 15 mln. dollar həcmində təsdiqlənib.
3- miqyaslı seysmik kəşfiyyatı müqavilə sahəsinin şimal, mərkəzi və sahilyanı bloklarında aparmaq nəzərdə tutulur. Mərkəzi blokun 143 kv.km, sahilyanı blokun- 351 kv.km və şimal blokun-113 kv.km. sahələri vardır. Bütün işlər 2005-ci ilə kimi qurtarmalıdır.
Xatırladaq ki, müqavilə sahəsinin şimal blokunda artıq 2- miqyaslı seysmik kəşfiyyat aparılıb. Bu işlərin podratçısı "Azneftgeofizik" trestidir.
"Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin müştərək kəşfiyyatı və işlənməsi layihəsi 1998-ci ilin iyununda imzalanıb və həmin ilin noyabrında ölkə parlamentində təsdiqlənib. ARDNŞ (20%), Union Texas Petroleum (UTP - 40%) və Commonwealth Oil & Gas (40%) MBS-nın iştirakçılarıdır. Lakin UTP layihəni səmərəsiz hesab edərək tezliklə müqavilədən çıxıb və onun 40 faizlik iştirak payını Commonwealth şirkəti alıb. Lakin bu şirkət də 80 faizlik iştirak payını maliyyələşdirmək gücündə olmadığı üçün, payının 62, 83 faizini Çinin Smart Asses və CNOPC şirktlərinə satıb.
"Cənub-Qərbi Qobustan" müqavilə sahəsi 3 blokdan ibarətdir. Əvvəllər istismarda olmuş, lakin neft-qaz istixracının azalması səbəbindən istifadəsiz qalmış "Şıx-Zakirli", "Şeytanud", "Vyurküt", "Donquzluq", "Nardaran", "İlxıçı", "Qərbi Hacıvəli", "Sündi", "Şərqi Hacıvəli", "Torağay", "Kənizdağ", "Qərbi Duvannı", "Duvannı", "Solaxay" və "Daşgil" yataqlarının ümumi sahəsi 604 kv. kilometrə çatır. Yataqda qazılmış 137 istismar quyusunun hamısı sonradan bağlanıb. Bundan əlavə orada daha 250 axtarış və qiymətləndirmə quyusu qazılıb.
Çıxarıla bilən ehtiyatları 115 mln. barrel neft və 530 mlrd. kub fut qaz (neft ekvivalenti ilə təqribən 206 mln. barrel ) həcmində hesablanmış bu layihənin reallaşmasına 470 mln. dollar civarında vəsait xərclənməlidir.


9 AYDA "AZNEFTYAĞ" 126,6 MLN. DOLLARLIQ NEFT MƏHSULLARI İXRAC EDİB

BAKI.10.10.2003.MEDİA-PRESS: 2003-cü ilin 9 ayında Bakı Neft Emalı zavodu "Azneftyağ" 126,6 mln. dollar dəyərində 648,291 min ton neft məhsulları ixrac edib.
Dövlət Neft Şirkətində (ARDNŞ) Media-Pressə məlumat veriblər ki, xaricə 519,091 min ton dizel yanacağı, 103,338 min ton mazut, 12, 355 min ton birbaşa emal benzini, 11,306 min tondan çox bitum və 2,2 min ton müxtəlif növ yağlar göndərilib.
Sentyabrda zavod 12,5 mln. dollar dəyərində 70, 8241 min ton neft məhsulları, o cümlədən 57,502 min ton dizel yanacağı, 2,497 min ton bitum, 10,4777 min ton mazut və 347 ton müxtəlif növ yağlar ixrac edib.


9 AYDA AZƏRBAYCAN TƏQRİBƏN 3 MLRD. KUB METR QAZ İDXAL EDİB

BAKI.10.10.2003.MEDİA-PRESS: Azərbaycan 2003-cü ilin yanvar-sentyabr aylarında Rusiyanın "İtera" şirkətindən 2,9755 mlrd. kub metr qaz alıb ki, bunun da 315,2 mln. kub metri sentyabrın payına düşür. Dövlət Neft Şirkətində (ARDNŞ) Media-Pressə verilmiş məlumatda qeyd olunur ki, indi gündəlik qaz idxalı 10 mln. kub metrə çatır. İlin axırına kimi "İtera" Azərbaycana 1 mlrd. kub metrdən bir qədər çox qaz verməlidir. Azərbaycan bu qazın hər min kub metrinə 52 dollar ödəyir. "Mavi yanacaq"ı respublikamıza Şirvanovka-Qazıməhəmməd kəmər sistemi ilə daxil olur.
Keçən il Azərbaycan "İtera"dan 4 mlrd. kub metr qaz alıb. "Azəriqaz" SC və "İtera" arasında daha 1,5 mlrd. kub metr qaz alqı-satqısına dair bağlanmış müqaviləyə baxmayaraq, bu il də idxalın həcmi dəyişməyəcək.
Respublikanın tələbatının öbənilməsi üçün təqribən 10 mlrd. kub metr qaz lazımdır. Hesablamalara görə, bu gün Azərbaycanda 5,04 mlrd. kub metr qaz istixrac ediləcək. Bu yanacağın 890 mln. kub metri Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin və 4,15 mlrd. kub metri ARDNŞ-in payına düşəcək.
Respublikamız Səngəçal neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində qazqurutma qurğusu tikildikdən sonra əlavə qaz əldə edə biləcək. Bu gün terminala daxil olan neftin hamısı sudan və qazdan ayrılma prosesi keçir. Bu zaman alınan səmt qazı isə yandırılır. Yeni qazqurutma qurğusunun işə düşməsi onu məşəl kimi yandırmadan ARDNŞ-ə verməyə şərait yaradacaq. Dövlət Şirkəti isə onu öz istehlakçılarına çatdıracaq. Qurğu işə düşdükdən sonra terminalda qaz məşəlləri nadir hallarda yandırılacaq. Qazqurutma qurğusunun gerçəkləşməsi üçün ARDNŞ qaz qəbulu üzrə xüsusi qurğu tikməyi və Səngəçal qazpaylaşdırıcı məntəqəsinədək boru çəkməyi nəzərdə tutur. Bu tədbirlər gələcəkdə qaz idxalını azaltmağa kömək edəcək.


VAŞİNQTON ODESSA-BRODI NEFT KƏMƏRİNİN REVERSİNƏ QARŞIDIR

BAKI.10.10.2003.MEDİA-PRESS: Vaşinqtonda Ukraynanın Baş naziri Viktor Yanukoviçlə ABŞ vitse-prezidenti Riçard Çeyninin görüşü olub. Danışıqların səviyyəsi maraq doğurur. İş burasındadır ki, ağ ev öz giriş qapılarını çoxdan Ukraynanın yüksək vəzifəli məmurlarının üzünə açmırdı. "Vremya Novostey" qəzeti belə yazır. Rəsmi məlumata görə, Çeyni-Yanukoviç görüşü iqtisadi əməkdaşlıq məsələlərinə həsr edilib.
Çeyni Ukrayna hökümətinin Odessa-Brodı neft kəmərindən istifadə edilməsi planlarına böyük maraq göstərib. Vitse-prezident Amerika höküməti adından xəbərdarlıq edib ki, yüngül Xəzər neftinin Avropa Biriyi ölkələrinə daşınmasından imtina edilməsi Ukraynanın bir tranzit ölkəsi kimi geosiyasi əhəmiyyətini xeyli azaldacaq. Çeyni əmin edib ki, ABŞ bu xəttin Avropa istiqamətində reallaşmasına kömək edəcək.
Bu sözlərə cavab olaraq, Yanukoviç Ukrayna kəmərinin doldurulması üçün real neftin olmamasından şikayətlənib: Qərb şirkətləri ümumi sözlərlə qənaətlənir, TNK-BP isə yalnız revers şərti ilə neft vəd edir. Çeyni qərb neft şirkətləri ilə əlaqə yaratmaqda kömək göstərəcəyini bildirib. Bu sözlər Ukrayna sülhməramlı bölüklərinin ABŞ başda olmaqla işğalçı koalisiyaya kömək məqsədilə İraqa göndərmək barədə siyasi qərarına görə, Kiyevə bir növ iqtisadi mükafat təsiri bağışlayır.
Ukrayna Xarici İşlər nazirinin birinci müavini Vladimir Yelçenko qeyd edib ki, neft kəməri probleminin müzakirə edilməsinin təşəbbüskarı amerika tərəfidir. Onun sözlərinə görə, Çeyni kəmərdən revers istiqamətində istifadəni "səmərəsiz" sayır. Danışıqlar gedişində ABŞ vitse-prezidenti ölkə hökümətinin mövqeyni açıqlayaraq deyib ki, revers variantının seçilməsi Ukraynanın enerji daşıyıcılarının Qərbi Avropaya nəqli məsələsində həlledici rol oynaması şanslarını kəsgin azalda bilər. Yelçenkonun sözlərinə görə, Çeyni bu məsələ ilə məşğul olacağını vəd edib.
ABŞ prezidentinin müavini həm də söz verib ki, tezliklə Ukraynanın bazar iqtisadiyyatına malik ölkə kimi tanınması məsələsinə baxılacaq və onun Ümumdünya Ticarət təşkilatına (ÜTT) daxil olmasına kömək göstəriləcək. "Vremya Novostey" yazır ki, Ukrayna qanunvericiliyində olan bəzi kəsirlər Amerika tərəfini narahat etsə də, Kiyev rəhbərləri həmin nöqsanları ilin axırına kimi aradan qaldırmağa və gələn ilin əvvəlindən ABŞ-la ÜTT üzrə protokol imzalanması üçün konkret işə başlamağa ümid edirlər.
Bu yaxınlarda Qazaxıstan da Odessa-Brodı kəmərinin işə salınmasına dəstək verəcəyini vəd edib. Ölkənin Energetika və Mineral Ehtiyatlar nazirliyinin Neft sənayesi departamentinin direktoru Musabek İsayevin sözlərinə görə, hal-hazırda "KAzMunayQaz" Milli şirkəti və "KAzTransOil" Qapalı Səhmdar Cəmiyyətləri bu layihə üzərində işləyirlər. Onlar Qazaxıstanda neft ixrac edən əcnəbi və yerli şirkətlərlə danışıq aparırlar. İsayev deyib: "Hələlik, Qazaxıstanın Odessa-Brodı boru xətti üçün hansı həcmdə neft verəcəyini demək çətindir. Hər şey bu marşrutla neçə şirkətin yanacaq nəql etmək istəməsindən asılı olacaq".
Belə bəyanatdan sonra Kiyev sanki rahat nəfəs ala bilərdi. Lakin... iş burasındadır ki, oktyabrın 3-də "Ukrtransneft"in Müşahidə Şurası Odessa-Brodı xəttini doldurmaq üçün TNK-BP-dən kredit kimi 450 min ton neft alınması qərarını bəyənib. Bu zaman qeyd olunub ki, kreditin şərtləri Ukraynanı tam qane edir. Bu isə o deməkdir ki, boru xəttinin revers (geriyə variantından istifadə olunacaq), çünki TNK-BP-nin təklifi bu xəttin Avqustovka-Brodı sahəsindən 20 il müddətinə kirayəni nəzərdə tutur və "Kommersant" qəzetinin yazdığına görə, müştərək şirkət həmin vaxtda neft kəmərinin çox hissəsinin işləməyəcəyinə əsaslanır. Doğrudur, müvafiq saziş hələ imzalanmayıb.
Görəsən, Kiyev indi vəziyyətdən necə çıxacaq? Axı, Ukrayna XİN-in Avropaya inteqrasiya məsələləri üzrə birinci müavini Aleksandr Çalıy bildirib ki, hökümət 2003-cü il noyabrın axırı-dekabrın əvvəllərində "Odessa-Brodı" xəttindən istifadənin istiqaməti barədə qərar qəbul edəcək. Bu marşrutdan revers istifadəni qiymətləndirə bilən şirkətin seçilməsi üzrə tender bu il oktyabrın 13-də başa çatacaq.
Ukrayna Baş nazirinin Vaşinqtonda dediklərinə istinad etsək, ehtimal etmək olar ki, tenderin nəticələri artıq bəllidir- Kiyev Odessa-Brodının revers variantına getməyəcək.
Bir neçə gün bundan əvvəl Ukrayna prezidenti Leonid Kuçma da höküməti "Pulları saymağa" çağıraraq deyib: "Ukrayna höküməti birinci növbədə siyasi yox, iqtisadi qərar qəbul etməlidir".
Media-Pressin də məlumat verdiyi kimi Kuçma Xəzər neftinin Odessa terminalından Polşa sərhədinə kimi daşınması məqsədi ilə Odessa-Brodı xəttindən istifadə olunmasını təhlil edərkən höküməti suallar yağışına tutub: "Mərkəzi Asiyada işləyən və Xəzər dənizi şelfindən neft ixrac etmək istəyən birgə şirkət göstərə bilərsinizmi? Bəs Avropada bu neftin müştəriləri varmı? Bəs bu borunun 100 mln. dollar dəyərində yanacaqla doldurulmasına kim zəmanət verəcək?"
Leonid Kuçma daha bir sual verə bilərdi, ancaq bu sual yəqin ki, ritorik səciyyə daşıyar və cavab tələb etməzdi: "Görəsən, həmin boru xəttinin tikintisi ideyasını irəli sürüb, sonra da onu gerçəkləşdirənlər, ümumiyyətlə, nə düşünürdülər?" Axı, yaranmış vəziyyət iqtisadi baxımdan yararsızdır. Çəkilişinə 100 milyonlarla dollar "gömülmüş" bu neft kəməri məntiqlə izah edilməyən səbəbdən 2001-ci ildən bəri boşdur. Borunun yaradıcıları onun doldurulması üçün texnoloji xammalın qeydinə qalmayıblar, o ki, qaldı xəttə neft vurulması ola.
Rusiya Xarici İşlər nazirinin müavini Viktor Kalyujnının sözləri ilə desək, "Odessa-Brodı neft borusu düşünülmədən tikilən, heçsizliyə gedən və perspektivi olmayan bir xətdir".


2004-CÜ İLİN ƏVVƏLİNDƏ OPEK NEFT İXRACINI YENƏ DƏ İXTİSAR EDƏCƏK: ABŞ ENERGETİKA NAZİRLİYİ EKSPERTLƏRİNİN FİKRİ BELƏDİR

BAKI.10.10.2003.MEDİA-PRESS: ABŞ Energetika nazirliyi belə bir bəyanat yayıb ki, bu qışın axırlarına kimi, neftin 1 barrelinin qiyməti 30 dollara yaxın səviyyədə qalacaq. Nazirliyin mütəxəssisləri həm də bu fikirdədirlər ki, OPEK gələn ilin əvvəlində dünya bazarına çıxaracağı neftini yenə də ixtisar edəcək.
Hər şeydən görünür ki, İraqdan xammal ixracının yaxın vaxtlarda xeyli artacağına və bunun neft məzənnələrinə təsir göstərəcəyinə, hətta Vaşinqton da inanmır. Baxmaraq ki, İraqın neft naziri İbrahim Bəhr əl-Üləma ölkəsinin bu ilin axırına kimi, gündə təqribən 2,8 mln. barrel neft istixrac edəcəyini deyib.
Şübhələri bir az da artıran odur ki, OPEK istixracın və ixracın yenidən ixtisarına hətta tez- kartelin neft nazirlərinin dekabrın 4-də keçiriləcək növbədənkənar sammitində- başlaya bilər. Həm də ona görə ki, təşkilatın ən böyük üzvlərindən biri-Venesuela-artıq bu tələblə çıxış edib. Venesuela höküməti OPEK katibliyinə təklif göndərib ki, kartelin neft səbətinin indi 1 barrelə görə 22-28 dollar arasında olan qiymət dəhlizinin 25-32 dollarla əvəzlənməsi barədə məsələni öz konfransının gündəliyinə daxil etsin. Ölkə prezidenti Uqo Çavesin sözlərinə görə, 2003-cü ilin dekabrında neftin qiymətdən düşməsinə imkan verilməməsi həm də neft hasilatınn ixtisarı proqramında OPEK üzvü olmayan müstəqil dövlətlərin iştirakından asılıdır. Petroleum Finance Company-nin təhlilçisi qiymətlərin artmasında Venesuelanın maraqlı olduğunu deyir, çünki bu ölkə neftin istixrac səviyyəsini onun qiymətlərindən daha asanlıqla tənzimləyə bilər. Venesuela ölkə neftçilərinin tətillərindən sonra hələ tam dirçələ bilməyib. Məsələn, etirazlardan əvvəl ölkədə gündəlik neft hasilatının səviyyəsi 3,1 mln. barrel idi və bunun 2,7 mln. barreli xaricə, əsasən, ABŞ-a, ixrac edilirdi. Dünya neft təşkilatının noyabrın 1-dən qüvvəyə minəcək kvota bölgüsü isə Venesuelanın gündəlik neft istixracı normasını 2,819 mln. barrel səviyəsində müəyyənləşdirib.
Kartel kvotaları sonuncu dəfə ixtisar edəndən sonra da neftin qiymətləri bahalaşıb. Belə ki, International Petroleum Exchange (London ) hərracı noyabrın 7-də başa çatandan sonra Brent çeşidli neftin noyabr füçerslərinin bir barrelinin qiyməti 29,03 dollar (0,14% artım) olub. New York Merchantile Exchange hərracında isə Light Sweet Crude növ neftin 1 barrelinin qiyməti 30,41 dollar (0,06% azalma) olub.


AZƏRBAYCANIN XARİCİ DÖVLƏT BORCU YANVAR-İYUN AYLARINDA 16% ARTIB

BAKI.10.10.2003.MEDİA-PRESS: Bu ilin birinci yarısında Azərbaycanın Xarici borcu 1,578 mlrd. dollara çatıb və ilin başlanğıcı ilə müqayisədə 16,3% artıb. "İnterfaks-Azərbaycan" agentliyinin respublikanın Maliyyə nazirliyinə istinadən yaydığı məlumatında göstərilir ki, proqnozlaşdırılmış illik ümumi daxili məhsula (ÜDM) nisbətən xarici borcun həcmi ilin birinci yarısında 23% olub ki, bu da cari ilin başlanğıcındakı göstəriciyə uyğundur.
İqtisadi islahatlar keçirilməsi üçün beynəlxalq maliyyə qurumlarından alınmış kreditlər xarici borcun strukturunda 497 mln. dollar təşkil edib. Azərbaycan bu məbləğin 276 mln. dollarını Beynəlxalq Valyuta Fonduna (BVF), 221 milyonunu isə- Ümumdünya Bankına (ÜB) borcludur. Ölkə müəssisələrinin dövlət təminatı ilə investisiya layihələri üçün aldıqları kreditlərin ümumi həcmi 1,011 mlrd. dollar olub. Bu vəsaitin 370 mln. dolları- energetika bölməsinə, 132 milyonu- kənd təsərrüfatı və melorasiya işlərinə, 147 milyonu- nəqliyyata, 65 milyonu- kimya sənayesinə və 162 milyonu neft-qaz bölməsinə yönəldilib.
Təminat öhdəliklərini nəzərə almasaq, ilin birinci yarısında dövlətin xarici borcunun artması Azərbaycanın bu müddətdə BVF-dən (18 mln. dollar), SAC-II layihəsinin ikinci tranşı çərçivəsində ÜB-dan (34 mln.), habelə "Azərenerji" SC üçün KfW alman bankından alınmış kreditlər hesabına baş verib.
Qalan kreditləri müəssisə və təşkilatlar dövlət təminatı ilə alıblar.
2003-cü ildə Azərbaycan Xarici borclarının silinməsi üçün təqribən 160-170 mln. dollar ödəyəcək.