8 AYDA AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYA QOYULUŞU 75 FAİZ ARTIB
BAKI.17.09.2003.MEDİA-PRESS: 2003-cü ilin yanvar-avqustunda Azərbaycan iqtisadiyyatına 10 trln. 476,9 mlrd. manat sərmayə qoyulub ki, bu da 2002-ci ilin müvafiq göstəricisindən 75% çoxdur.
Respublika Dövlət Statistika Komitəsinin məlumatına görə, bu məbləğin 82,8 faizi, yaxud 8 trln. 678,8 mlrd. manatı xarici, 17,2 faizi, yaxud 1 trln. 798,1 mlrd. manatı daxili sərmayənin payına düşür. Hesabat dövründə xarici investisiyalar-83,6, daxili-42,6% artıb.
İnvestisiyaların başlıca mənbəyi müəssisələrin öz vəsaitləri (8 trln. 821,2 mlrd. manat. artım- 81,7% ) olub. Bank kreditləri- 250 mlrd. manat (arıtm-34,9%), büdcə vəsaitləri-252,3 mlrd. manat (artım-3,1 dəfə), büdcədənkənar fondların vəsaitləri 94,3 mlrd.manat (artım-94,4%), əhalinin öz vəsiatləri-264,7 mlrd. manat (artım-5%) olubdur.
Cari ildə ölkə iqtisadiyyatına 13,2 trln. manat invesitisiya qoyulmalıdır. Keçən ilin göstəricisi -10 trln. 292,8 mlrd. manat olub. Real qiymətlərlə götürsək, bu, 2001-ci ilin göstəricisindən 82,2 faiz çoxdur.
DÖVLƏT ƏMLAKININ İCARƏYƏ VERİLMƏSİ HESABINA İLİN ƏVVƏLİNDƏN BÜDCƏYƏ 8,5 MLRD. MANAT (1,727 MLN. DOLLAR) DAXİL OLUB
BAKI.17.09.2003.MEDİA-PRESS: Cari ilin 8 ayında dövlət əmlakının icarəyə verilməsi hesabına ölkə büdcəsinə 8,5 mlrd. manatdan çox (1,727 mln. dollar) vəsait daxil olub ki, bu da proqnozdan 18% çoxdur.
Bu dövrdə əmlakın icarəyə verilməsi barədə 556 yeni müqavilə imzalanıb, 346 müqavilənin müddəti uzadılıb. İqtisadi İnkişaf Nazirliyində (İİN) Media-Pressə bildiriblər ki, ümumiyyətlə 10 ildə 24 min saziş imzalanıb və dövlət büdcəsinə 85,1 mlrd. manat (17, 29 mln. dollar) daxil olub.
AZƏRBAYCANDA BALIQYETİŞDİRMƏ ZAVODUNUN TİKİNTİSİ BAŞA ÇATIB
BAKI.17.09.2003.MEDİA-PRESS: Ümumdünya Bankının (ÜB) həyata keçirdiyi təxirəsalınmaz ekoloji investisiylar layihəsi çərçivəsində balıqyetişdirmə zavodunun tikintisi başa çatıb. Layihəni reallaşdıran qrupun direktoru Ruslan Acalovun "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi məlumata görə, dəyəri 9,1 mln. dollara çatan müəssisəni Neftçalada tikən "Azərenerjitikintiquraşdırma" səhmdar cəmiyyəti və Ferrostaal alman şirkətidir. İndi zavodun sistemləri testləşdirilir və Ferrostaal mütəxəssisləri işçilərə istehsal prosesini öyrədirlər.
Artıq bu il Neftçala zavodunda 3 mln. ədədə yaxın nərə körpəsi yetişdirilib dənizə buraxılacaq. Ruslan Acalov deyib: "Biz zavodun layihə gücünə çatdırılmasını bir neçə ildən sonraya planlaşdırsaq da, artıq gələn il bu işi gerçəkləşdirməyi və 15 mln. nərə körpəsi yetişdirməyi qərara almışıq".
Zavod istismara verildikdən sonra, respublika İqtisadi İnkişaf, Maliyyə və Ekologiya nazirliklərinin nümayəndələrindən ibarət İctimai Nərə Fondu müəssisənin idarəsini öz üzərinə götürəcək.
"AZƏRELEKTROTERM" SC İNVESTİSİYA MÜSABİQƏSİNƏ ÇIXARILIB
BAKI.17.09.2003.MEDİA-PRESS: Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) "Azərelektroterm" Səhmdar Cəmiyyətinin (SC) satışı üzrə investisiya müsabiqəsi elan edib.
Tenderdə iştirak edən namizədlər invesitisiya proqramı təqdim etməlidir. Proqram yeni texnologiyaların tətbiqi, gələcəkdə ixrac etmək üçün yüksək keyfiyyətli məhsul istehsalı, iş yerlərinin bərpası və SC işçilərinin sosial təminatı üzrə təklifləri nəzərdə tutmalıdır.
SC-nın 10,541 mlrd. manat məbləğində öhdəlikləri, o cümlədən 477, 801 mln.manat əməkhaqqı borcu vardır. Debitor borcların həcmi isə-1,611 mlrd. manatdır. "Azərelektroterm" 1969-cu ildə yaradılıb.
STATİSTİKAYA GÖRƏ, AZƏRBAYCAN ƏHALİSİ 8 MİLYONU KEÇİB
BAKI.17.09.2003.MEDİA-PRESS: Sentyabrın birinə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 8 mln. 242 min nəfərə çatıb. Repsublika Dövlət Statistika Komitəsi xəbər verir ki, bu lin 8 ayında ölkədə əhalinin sayı 0,5%, yaxud 40 min nəfər artıb. Şəhər əhalisinin sayı- 51, kənd əhalisi isə- 49 faizdir. Hər min nəfərə təbii artım-7,6 nəfər, doğum-13,7 nəfər, ölüm halları isə-6,1 nəfərdir.
Hesabat dövründə 28,6 min nigah və 4 000 boşanma qeydə alınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə hər min nəfərə nigah qeydiyyatından keçənlərin sayı 4,4-dən 5,3-ədəd artıb. Boşanma göstəricisi dəyişməz qalıb.
MDB-NİN YARIMÇIQ SAMMİTİ VƏ YAXUD NƏ ÜÇÜN TÜRKMƏNBAŞI PUTİNLƏ GÖRÜŞDƏN İMTİNA ETDİ
BAKI.17.09.2003.MEDİA-PRESS: "Vremya novostey" qəzeti yazır: "MDB-nin Yaltada açılan növbəti sammitini, bir çox əvvəlkilər kimi ,tarixi adlandırmaq olardı. Bu şərtlə ki, onun gedişində Belarus, Qazaxıstan, Rusiya və Ukraynadan ibarət tərkibdə Vahid İqtisadi Məkan (VİM) yaradılması haqqında saziş imzalansın". Ancaq bu gün artıq aydındır ki, əgər həmin 4 dövlətin prezidentləri deyilən sənədi imzalasalar belə, onun əhəmiyyəti ilin başlanğıcında düşünüldüyündən xeyli az olacaq. O vaxt VİM ideyası MDB-nin "böyük dördlüyü"nün düşüncəsinə hakim kəsilmişdi.
Bu "məkanda" azad ticarət zonasından artığına nail olmaq mümkünsüzdür. Çünki dördlüyün yalnız bir üzvü-Kiyev buna hazır deyil. Ukrayna öz suverenliyindən keçmək istəmir: VİM-də fövqəlmilli orqanların təsisi məhz bunu nəzərdə tutur. İkinci mərhələdə fövqəlmilli orqanlar yaradılması konsepsiyasında bu şərt nəzərdə tutulub. Sammit ərəfəsində Ukrayna Ali Radası ölkənin VİM-ə daxil olması barədə qərar qəbul eməkdən boyun qaçırıb. Millət vəkilləri bu məsələ barədə mövqelərini yalınz sabah, yəni prezidentlər Yaltaya toplaşdıqdan sonra, "müəyyənləşdirəcək" və hansı qərara gəldikləri barədə son anda ölkə prezidenti Leonid Kuçmaya məlumat verəcəklər. Yəqin ki, telefonla.
Yaltada baş verə bələcək digər mühüm hadisələrə (ancaq onlar daha baş verməyəcək) misal kimi qeyd etmək olar ki, formal şəkildə olsa belə. GUÖAM sammiti keçirilməyəcək. Halbuki, Krım görüşünə xeyli qalmış Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova paytaxtlarında sammitin keçiriləcəyi istisna edilmirdi. İş burasındadır ki, bu qeyri-formal qurumun yalınz 4 lideri Yaltaya gələcək. Beşinci lider-Azərbaycan prezidenti Heydər Əliyev, məlum olduğu kimi, Amerikanın Klivlend xəstəxanasında müalicə kursu keçir. Ancaq məhz buna görə, Krımdakı görüşün maraqlı olacacağı gözlənilir. Çünki Azərbaycan Nazirlər Kabinetinin yeni başçısı İlham Əliyev orada ilk dəfə tribunaya qalxacaq.
MDB ölkələri üçün daha bir taleyüklü məsələ- Rusiya, Türkmənistan və Ukraynadan ibarət tərkibdə qaz konsorsiumu yaradılması məsələsi də Yaltada müzakirə olunmayacaq. Bu ideya Türkmənistan prezidenti Saparmurat Niyazova məxsusdur. Bu yaxınlarda o, bir daha öz təklifini yada salaraq, vəd etmişdi ki, məsələni Leonid kuçma və Vladimir Putinlə müzakirə etmək üçün Yaltaya gələcək. Türkmənbaşı hələ mayda Sankt-Petarburqun 300 illiyi bayram edilərkən, geniş miqyasda qaz əməkdaşlığını öz xammalının başlıca müştəriləri ilə müzakirə edəcəklərinə ümid bəsləyirdi. Ancaq Neva sahillərində bu məsələ nə isə alınmadı. Rusiya prezidenti Türkmənistan başçısı ilə çox qısa müddət ünsiyyətdə oldu və bu zaman ikili rusiya-türkmənistan vətəndaşlığı haqqında sazişdən Aşqabadın birtərəfli qaydada çıxmağı ilə bağlı qalmaqalla maraqlandı.
İndi isə Yaltada heç belə qısamüddətli ünsiyyət də olmayacaq. Ona görə ki, Türkmənbaşı sammitə gəlməkdən boyun qaçırıb. Bu barədə Ukrayna xarici işlər nazirinin müvaini Aleksandr Motsik məlumat verib. Bununla əlaqədar strateji qaz əməkdaşlığı barədə Aşqabaın elan etdiyi Ukrayna-Türkmənistan sazişi də imzalanmayacaq. Aşqabad Niyazovun Yaltaya gəlməkdən imttinasının səbəbini göstərmir. Heydər Əliyevdən fərqli olaraq, Türkmənbaşı rəsmən xəstə sayılmır, əksinə, keçən ay alman həkimləri onun sağlamlıq durumunu yüksək qiymətləndiriblər. Türkmənbaşının "gərgin iş qrafiki" də ona əngəl törətmir. MDB-nin əvvəlki sammitlərində iştirak etməyəndə Aşqabad adətən məhz prezidentin iş qrafikinin gərgin olduğunu qeyd edirdi. "Yemiş bayramı" da arxada qalıb, "Ruhnamə"-nin yazılmasının ikinci ildönümü də qeyd olunub. Prezident Niyazov özünün ikinci şerlər kitabını da qurtarıb və nəşr etdirib. Xalq məclisinin "tarixi" iclası da keçirilibdir.
Yalnız bir ehtimal qalır: Türkmənbaşı Yaltada Putinlə görüşmək istəmir. Axı, bu halda o, Türkmənistanda rusdilli vətəndaşların hüquqlarının pozulması ilə bağlı tikanlı suallara bir daha cavab axtarmalı olacaqdı. Bu ehtimal gerçəyə bənzəyir. Heç olmasa, ona görə ki, Aşqabad ikili vətəndaşlıq məsələləri üzrə rusiya-türkmən komissiyasının sentyabra təyin edilmiş ikinci iclasını "qeyri-müəyyən müddətə" təxirə salmağı xahiş edib. Bu xəbəri "Vremya novostey" Moskvadakı diplomatik mənbələrə istinadən yayıb.
Əslində başqa bir ehtimalı, yəni enerji problemini də istisna etmək olmaz. Çünki Yaltada yəqin qaz problemi ilə bağlı çəkişmələr də olacaqdı. Məlumdur ki, öz qazının Avropaya ixracında (əslində bu imkan real potensala az söykənir) Aşqabın Kiyevlə əməkdaşlıq niyyəti Moskvanın enerji niyyətləri ilə tərs-mütənasibdir. Ona görə də, Niyazovu Krımda bu məsələ ətrafında Putinlə xoşagəlməz söhbət gözləyirdi və yəqin bu səbəbdən ondan yayınmağa çalışıb.
Məlumdur ki, "Naftoqaz Ukrainı" səhmdar cəmiyyətinin (SC) başçısı Yuriy Boyko iki gün qabaq Aşqabadda Saparmurat Niyazovla görüşərək, türkmən qazının Ukraynaya ixracı barədə 25 illik müqavilə məsələsini onunla müzakirə edib. Ukrayna Yalta sammitində bu sənədi cümə günü imzalayacağına ümid edirdi. Ancaq danışıqlar uğursuz oldu. Orta Asiya qazı məsələsində "Qazprom"un strategiyasını tar-mar edən bu müqavilə oktyabrdan tez imzalanmayacaq.
"Naftoqaz UKrainı" "Turkmennefteqaza" təklif edib ki, Rusiya "Qazprom"u və "Türkmennefteqaz" uzunmüddətli dövlətlərarası saziş bağladıqdan dərhal sonra ölkənin təbii qazını satın almaq barədə apreldə uzunmüddətli müqavilə imzalansın. Hələlik isə Ukraina və Türkmənistan şirkətləri arasında 2005-ci ilə kimi qüvvədə olan 5 illik saziş hər min kub metri 44 dollara 36 mlrd. kub metr təbii qaz verilməsini nəzərdə tutur. "Naftoqaz Ukrainanın" başçısı öz təkliflərini Türkmənistana açıqlayıb: "Qazprom"la olan müqavilə kimi, bu müqavilə də 25 il qüvvədə olmalıdır.
"MƏRKƏZİ AZƏRİ" İSTİXRAC PLATFORMASININ QAZMA MODULLARI AZƏRBAYCXANA GƏTİRİLİB
BAKI.17.09.2003.MEDİA-PRESS: Fransadan Azərbaycana gətirilmiş və istixrac platforması üçün nəzərdə tutulmuş qazma modulu və müvafiq avadanlıq Xəzərdə "Mərkəzi Azəri" də quraşdırılacaq. Modulları EİFFEL fransız şirkəti tikib.
Qazma modulunun 3 ünsürü var: yardımçı qazma modulu, qazma avadanlığı dəsti və qazma bürcü (vışkası). Ünsürlər 48 quyunun qazılmasına və platformanın bütün istismar müddəti ərzində istifadəsinə hesablanıb. Qazma bürcü də daxil avadanlığın ümumi çəkisi 3,5 min tona yaxındır.
Gətirilən avdanlığın "Mərkəzi Azəri" platformasının göyərtəsindəki qurğularla birləşdirilməsi, habelə buraxılış sınaqları "Şelflayihətikinti" müəssisəsində gerçəkləşək. Modulun platforma üzərində oktyabrda quraşdırılacağı gözlənilir.
"Mərkəzi Azəri" layihəsi çərçivəsində ("Azəri-Çıraq-Günəşli" yatalarının tammiqyaslı işlənməsinin 1-ci mərhələsi) dənizdə 48 quyu qazılması üçün platforma quraşdırılacaq, buradan Səngəçal terminalına kimi 30- düyməlik neft və 28 düyməlik qaz boruları çəkiləcək, Səngəçal neft terminalı genişləndiriləcək, qazın sıxılması və suyun vurulması üçün platforma quraşdırılacaqdır.
QİƏT BAKI KONFRANSI GEDİŞİNDƏ AZƏRBAYCAN QAZININ AVROPAYA İXRACI BARƏDƏ ARDNŞ VƏ YUNANISTANIN DEPA ŞİRKƏTİ ARASINDA DANIŞIQLAR YENİDƏN BAŞLANA BİLƏR
BAKI.17. 09.2003.MEDİA-PRESS: Sentyabrın 18-19-u Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq təşkilatına (QİƏT) üzv olan ölkələrin energetika nazirləri və ekspertlərinin konfransı keçiriləcək. Onlardan əlavə, tədbirdə QİƏT katibliyinin, Avropa Energetika xartiyası baş katibliyinin rəhbərləri, neft-qaz şirkətlərinin, habelə Qazaxıstanın Energetika və Mineral Ehtiytlar nazirliyinin nümayəndələri iştirak edəcəklər. Konfrans iştirakçıları təşkilat çərçivəsində əməkdaşlıq məsələlərini, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında QİƏT üzvlərinin imkanlarını, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.
Yunanıstan səfirliyində Media-Pressə verilən məlumata görə, bu ölkənin nümayəndə heyətinin tərkibində Yunanıstan DEPA qaz şirkətinin strateji planlaşdırma üzrə baş direktoru Vassilios Sonbanopulos da vardır. DEPA nümayəndələrinin Bakı səfəri gedişində Azərbaycan Dövlət Neft Şİrkəti (ARDNŞ) ilə "Şah-Dəniz" yatağı qazının Türkiyə və Yunanıstan keçməklə, Avropa ölkələrinə verilməsi barədə danışıqlar aparacaqları da gözlənilir.
Xatırladaq ki, Sonbanopulos bu ilin aprelində Bakıya səfəri zamanı demişdi ki, Yunanıstan 2006-cı ildən Azərbaycanın "Şah-Dəniz" yatağının qazını idxal etməyə başlayacaq. Yunanıstan ildə 2-3 mlrd kub metr qaz idxal edə bilər. Ancaq gələcəkdə bu həcmin artırılması da istisna edilmir.
O zaman ARDNŞ rəhdərliyi ilə danışıqlar gedişində Aərbaycan qazının Türkiyə ərazisindən keçməklə Yunanıstana nəqli barədə uzunmüdətli saziş layihəsi müzakirə olunarkən DEPA rəhbəri Azərbaycan qazının Yunanıstan ərazisindən tranzitlə Avropa ölkələrinə ixrac ediləcəyini vurğulamışdı. Sonbanopulos məlumat vermişdi ki, İtaliya Türkiyə və Yunanıstan istiqamətlərindən daxil olacaq qazı almağa hazırdır. Onun sözlərinə görə, "Edisson qaz" italyan şirkəti ilə müvafiq saziş də imzalanıb. İlk mərhələdə ildə 2 mlrd. kub metr qəbul edilsə də, sonradan bu həcm 4 milyarddan 8 mlrd. kub metrə çatdırıla bilər. Əgər hər şey nəzərdə tutulan kimi gedərsə, bu layihə 2007-ci ildə gerçəkləşə bilər.
Azərbaycan üçün öz qazını Avropaya ixrac etmək çox mühümdür. İş burasındadır ki, "Şah-Dənizi"in ehtiyatları çox böyük olsa da, Türkiyə Azərbaycandan ildə vur-tut 2,5 mlrd. kub metr qaz almağa hazırdır. Ona görə də, "mavvi yanacağ"ın Avropaya ötürülməsini nizamlamaq zəruridir. Bir də ki, Yunanıstanın Bakıdakı səfiri Merkurios Karafotiasın sözlərinə görə, Türkiyə və Yunanıstanın qaz sistemini birləşdirərərək, sonradan Avropaya çəkiləcək boru xətti ilə ildə 30 mlrd. kub metr qaz nəql etmək olar. Yunanıstan ekspertləri bu layihə ilə Azərbaycan və Türkiyəyə müraciət etməzdən qabaq Avropa bazarının tələbatını öyrənib və deyilən həcmdə təbii qazı satın almaq və istehlak etməyə hazır olan Avropa ölkələrini müəyyənləşdiriblər. Karafotiasın iddiasına görə, boru xətti iki istiqamətə:Fransa-İtaliya səmtinə, habelə Sloveniya-Bosniya və Hersovoqina-Xorvatiya səmtinə. Səfirin əqidəsincə, "Şah-Dəniz" layihəsinin gerçəkləşməsi və Azərbaycan qazının Avrorpaya ixracında böyük çətinliklər olmayacaq.
Bu planın reallaşması Türkiyə və Yunanıstanın qaz şəbəkələrini birləşdirən boru xəttinin tikilməsi sayəsində mümkün olacaq. 285 km. uzunluğu olacaq bu şaxənin 85 kilomtetri Yunanıstan ərazisindən keçəcək. Layihənin texniki-iqtisadi əsaslandırılması (TİƏ) artıq hazırdır. İndi əməli işlər başlayıb. Yunanıstan sahəsinin tikintisi xərcləri 180 mln. avrodur. Bu məbləğin 25 faizini Avropa İttifaqı (Aİ) ayırıb. Çünki bu təşkilat layihənin reallaşmasında maraqlıdır.
SƏNGƏÇAL TERMİNALINDA BTC NEFT BORUSUNUN TİKİNTİSİNƏ BAŞLANILMASININ İLDÖNÜMÜ MƏRASİMİ KEÇİRİLƏCƏK
BAKI.17.09.2003.MEDİA-PRESS: Sentyabrın 18-də Səngəçal Neft Terminalında Bakı-Tbilisi-Ceyhan Əsas İxrac neft kəmərinin (BTC ƏİK) tikintisinə başlanmsının təntənəli ildönümü keçiriləcək. Mərasimdə Azərbaycanın Baş naziri İlham Əliyev və hökümətin başqa üzvləri, xarici neft şirkətlərinin və diplomatik missiyaların rəhbərləri, BTC iştirakçısı olan ölkələrin nümayəndələri və mətbuat işçiləri iştirak edəcəklər.
Xatırladaq ki, 18 sentyabr 2002-ci ildə Səngəçal terminalında BTC neft kəməri tikintisinin ilk təməl daşının qoyuluşu mərasimi olub. O zaman mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezdientləri: Heydər Əliyev, Əhməd Nejdet Sezer və Eduard Şevardnadze, ABŞ-ın Energetika naziri Spenser Abraham və başqa rəsmi şəxslər iştirak emişdilər. Bu tarixi hadisə ilə əlaqədar ABŞ və Fransa prezidentləri, Böyük Britaniya, Norveç və layihədə iştirak edən başqa ölkələrin Baş nazirləri öz təbriklərini göndərmişdilər. O zaman 3 ölkənin rəhbəri hadisə şərəfinə xatirə lövhəsi açmış və kəmərin özülünə polad kapsul qoymuşdular. Kapsulda gələcək nəsillərə xitab məktubu var idi. O zaman xəttin "ilk hissəsinin təməli" də rəmzi şəkildə qoyulmuşdu.
BTC ƏİK-in ümumi uzunluğu 1767 kilometrdir. Bunun 443-ü- Azərbaycan, 248-i-Gürcüstan, 1076 kilometri isə Türkiyə ərazisindən keçəcək. Kəmərin buraxılış gücü ildə 50 mln. ton neft olacaq. Bilavasitə 2003-cü ilin aprelində başlanmış tikinti işləri gələn ilin dördüncü rübündə tamamlanmalıdır. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübünə nəzərdə tutulur.
BTC layihəsinin iştirakçıları aşağıdakılardır:
BP-30,1%, ARDNŞ-25%, UNOKAL-8,90%, Statoil-8,71%,TPAO-6,53%, ENİ-5%, İTOCHU-3,40%, CONOCOFİLLİPS-2,50%, İNPEX-2,5%, TOTALFİNAELF-5% və AMERADA HESS-2,36% .
ARDNŞ-İN BAKI-NOVOROSSİYSK XƏTTİ İLƏ İXRAC ETDİYİ NEFTİNİ OKTYABRDA "LUKOYL" ALIB
BAKI. 17.09. 2003. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft şirkətinin (ARDNŞ) Bakı-Novorossiysk boru xətti ilə noyabrda ixrac edilən neftinin bir həssəsini Rusiyanın "Lukoyl" şirkəti alıb.
ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar idarəsində (MİƏİ) Media-Pressə deyiblər ki, "Lukyol" satışa çıxarılmış 80 min ton Azərbaycan neftinin sahidi olub. Bu neft Novorossiyskdən oktyabrın ortalarında yola salınacaq . Qalan 140 min tonun satın alınması üzrə tenderin qalibi isə yaxın günlərdə müəyyənləşməlidir.
Xatırladaq ki, ARDNŞ-in sentyabr neftinin müştəriləri Amerikanın Sempra və ChevronTexaco şirkətləri olub.
Oktyabrda və noyabrda ARDNŞ şimal marşrutu ilə hər ay -220 min ton, dekabrda isə 140 min ton neft nəql edəcək. İxracın azalması qışda Novorossiysk limanında havanın pisləşməsi ehtimalı ilə izah olunur. Həm də respublikanın neft emalı zavodlarına mazut istehsalı üçün daha çox xam neft verilməlidir.
2003-cü ildə ARDNŞ Bakı-Novorossiysk xətti ilə 2,5 mln. ton neft göndərməlidir. İlin əvvəlindən bəri şimal marşrutu ilə hələləik 1,605 mln. ton neft yola salınıb.
BAKI DƏNİZ LİMANI 8 AYDA NEFTİN QƏBULU VƏ YÜKLƏNMƏSİ HƏCMİNİ 74% ARTIRIB
BAKI.17.09.2003.MEDİA-PRESS: 2003-cü ilin yanvar-avqust aylarında Bakı dəniz ticarət limanı 1,911 mln. ton neft və neft məhsulları qəbul edib, yaxud yola salıbdır ki, bu da ötən ilin müvafiq göstəricisindən 74 % çoxdur.
Bu zaman qazax neftinin daşınması həcmi 11% artaraq, 595 min tona, türkmən neftinin daşınması isə -1,4 dəfə artaraq 1,269 mln. tona çatıb. Azərbaycan nefti isə əksinə, 14% azalıb və 34 min ton olub. Bu il limana ilk dəfə 13 min ton rusiya nefti də daxil olub.
Yanvar-avqust aylarında limanda yük dövriyyəsi 4,107 mln. ton olub ki, bu da 2002-ci ilin müvafiq göstəricisindən 39% çoxdur.
LUKOYL "QAZPROM" DAN SONRA RUSİYADA İKİNCİ QAZ İSTEHSALÇISI OLMAQ İSTƏYİR
BAKI.17.09.2003.MEDİA-PRESS: "Lukoyl"un prezidenti Vahid Ələkpərov deyib ki, şirkət "Qazprom" dan sonra Rusiyada qaz istehsalı sahəsində ikinci olmaq istəyir. Onun sözlərinə görə, 2007-ci ildə şirkət Tümen vilayətinin şimalındakı Bolşexed çökəkliyi yatağında illik qaz istixracını 11 mlrd. kub metrə, 2013-cü ildə isə 35 mlrd. kub metrə çatdıracaq.
"Lukyol" Bolşexed çökəkliyinin 4 lisenziyalı sahəsindən biri olan Naxodka yatağından " 2005-ci ildə qazın ilk ixracına başlayacaq. "Lukoyl" "Qazprom" la bu ilin martında imzaladığı sazişə görə, bu qazın hər 1000 kub metrini ona 22,5 dollara satacaq. "Lukoyl"un gəliri 15 faizdən çox olacaq. Saziş yalnız Naxodka yatağına aidddir, lakin "Lukoyl" Bolşexed çökəkliyinin qalan lisenziyalı sahələri üzrə də oxşar sazişlər imzalamağı planlaşdırır.
"QAZPROM" QAZIN QİYMƏTİ BARƏDƏ "BOTAŞ"LA DANIŞIQLARI SENTYABRIN AXIRINA KİMİ BAŞA ÇATDIRMAQ FİKRİNDƏDİR
BAKI.17.09.2003.MEDİA-PRESS: Rusiya "Qazprom"u "Mavi axın" layihəsi çərçivəsində Türkiyəyə verilən qazın qiyməti barədə "Botaş" Dövlət Boruçəkmə şirkəti ilə danışıqları sentyabrın sonuna kimi başa çatdırmaq fikrindədir. Danışıqlar prosesinə yaxın olan mənbə Qaz informasiyası agentliyinə bu barədə məlumatında deyib ki, Qara dənizin dibi ilə Rusiya qazının Türkiyəyə verilməsinin bərpasından sonra, tərəflər ekspertlər səviyyəsində bir neçə texniki görüş kçiriblər. Moskvada ötən cümə günü olmuş sonuncu belə danışıqların "başlıca mövzusu Türkiyə istehlakçılarına verilən qazın qiyməti olub və ayın axırına kimi bu haqda qəti qərar qəbul ediləcək".
Mənbə deyib ki, hal-hazırda Türkiyə kəmərdən gündə 5 mln. kub metrə yaxın qaz götürür. Lakin qazın ixracı və idxalı şərtləri barədə danışıqlar davam etməkdədir.
Xəbər verildiyi kimi, Türkiyə "Mavi axın"la aldığı qazın həcmlərinə və qiymyətlərinə yenidən baxılması zərurətini bəhanə edərək, 2003-cü ilin martında bu yanacağın qəbulunu dayandırsa da, avqustdan onu yenidən qəbul etməyə başlayıb.
Razılaşmalara uyğun olaraq, "Qazprom" 2003-cü ildə "Mavi axın"la Türkiyəyə 2 mlrd. kub metr qaz ixrac etməli olsa da, avqusta kimi yalnız 200 mln. kub metr verə bilmişdi. "Botaş" bu ilin ikinci yarısında xəttdən ən azı 800 mln. kub metr qaz götürməli idi.
"Mavi axın" Qara dənizin dibi ilə Rusiya qazının birbaşa Türkiyəyə axıdılması üçün çəkilmiş magistral xəttidir. Dünya təcrübəsində ilk dəfədir ki, qaz borusu dənizin 2150 metr dərinliyindən təcavüzkar hidrogen sulfidli su mühitindən keçə, onun quruda və dənizdəki sahələrinin ümumi uzunluğu 1213 kilometrdir.
1997-ci il dekabrın 15-də Rusiya və Türkiyə arasında imzalanmış hökümətlərarası saziş çərçivəsində "Qazprom" "Mavi axın" xətti ilə 25 ildə Türkiyəyə 365 mlrd. kub metr qaz ixracı barədə "BOTAŞ"la kommersiya müqaviləsi bağladı.
Müqaviləyə görə, Türkiyə "Mavi axın"la 2004-cü ildə- 4 mlrd.kub metr, 2005- də-6, 2006-da-8, 2007-də -10, 2008-də-12, 2009-da-14 və 2010-cu ildə-16 mlrd. kub metr qaz almalıdır.
BAKILILARIN 120 MLRD. MANAT QAZ PULU BORCU YIĞILIB
BAKI.17.09.2003.MEDİA-PRESS: Bakı əhalisinin istehlak etdiyi qaz borcu (471 min abunəçinin) sentyabrın 15-nə olan məlumata görə, 120 mlrd. manata çatıb. Paytaxtın "Bakqaz" adlanan Baş qaz idarəsində "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda verilən məlumatda deyilir: "Qaz istehlakına görə rüsum yığılması ləng gedir. İdarə məhkəmə sanksiyalarına əl atmaq istəmir. Qaz pulunu verməyənlərə qarşı yeganə mübarizə metodu borclu qalan sakinlərin mənzillərində qazın kəsilməsidir".
Sentyabrın 15-nə olan məlumata görə, dövlət qurumları və büdcə təşkilatları da daxil olmaqla qaz istehlakına görə ümumi borcun məbləği 370 mlrd. manatdır.
"Bakqaz"ın nümayəndəsi deyib: "Özəl şirkətlər qaz haqqını vaxtlı-vaxtında verirlər. Yalnız faraş tərəvəz yetişdirilməsi üçün istixanalarda qazdan qanunsu istifadə edənlər haqq verməkdən yayınırlar. İdarəmiz ildə qaz şəbəkəsinə 70-80 min qanunsuz qoşulma hallarını aşkar edir. Hal-hazırda qazdan qanunsuz istifadə etdiyi üçün 48 nəfərin işi məhkəməyə verilib".
Dövlət Statisitika Komitəsinin məlumatına görə, bakılı abunəçilər yayda hər gün 2,6 mln., qışda isə-5 mln. kub metr qaz işlədirlər.
"BAKQAZ" QAZHESABLAYICILARININ LƏNG QURAŞDIRILMASINDAN NARAZIDIR
BAKI.17.09.2003.MEDİA-PRESS: Bakı qaz idarəsi sakinlərin mənzillərində qazhesablayıcılarının ləng qurulmasından narahatdır. "Bakqaz"-da "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, bu ilin iyulundan bəri Bakıda sakinlər üçün nəzərdə tutulan 43 min ölçü cihazının yalnız iki mini qoyulub. Qaz cihazları Ümumdünya Bankının "Azərbaycanın qaz sisteminin bərpası" layihəsi çərçivəsində quraşdırılır.
"Azəriqaz"da qeyd ediblər ki, cihazların quraşdırılmasındakı lənglik şəhər əhalisinin bu işin əhəmiyyətini layiqincə başa düşməməsi və idarə əməkdaşlarını heç də həmişə mənzillərinə buraxmaması ilə bağlıdır. Odur ki, bu işin nə vaxt qurtaracağını indidən demək çətindir".
Hal-hazırda repsublika paytaxtında qazdan fərdi qaydada istifadə edən 471 min abunəçinin yalnız 42 mini cihazla təmin olunub. Buraya ÜB layihəsi ilə quraşdırılmalı olan 43 min ədəd qaz hesablayıcısını əlavə etsək belə, görərik ki, bu, əhalinin bütün tələbatını ödəmək gücündə deyil.
Qalan 386 min abunəçinin mənzilində qazhesablayıcılarının quraşdırılması üçün modelindən asılı olaraq, 108 milyard, yaxud 170 mlrd. manat vəsait tələb olunur. Bununla belə, hesablayıcılar zəruridir, çünki respublikanın qaz sisteminin normal işləməsinə kömək edir. Ələlxüsus da qışda, qaz yanacağının daha artıq istehlakı dövründə. "Azəriqaz" Səhmdar Cəmiyyəti ÜB layihəsi çərçivəsində Almaniyanın Elster şirkətindən 55 min ədəd (cihazların 12 mini respublikanın rayonları üçündür) məişət qaz hesablayıcısı alıb. Bu cihazların hamısı mənzillərdə pulsuz quraşdırılır. Cihazlar şirkətin Üb-nın "Azərbaycanın qaz sisteminin bərpası" layihəsinin reallaşmasına ayırdığı 20,2 mln. dollarlıq qrantı çərçivəsində qənaət etdiyi vəsaitə alınıb.
Azərbaycanın qaz sisteminin bərpası layihəsi 1996-da başlayıb və bu ilin iyununda başa çatıb. Layihədə məqsəd qaz yanacağından istifadənin səmərəliyini artırmaq, onun texniki itkisini azaltmaq, ölçü cihazlarını və qaz istehlakının uçotu sistemini təkmiləşdirmək olub.