PEKİNDƏ AZƏRBAYCAN-ÇİN XİN-LƏRİ ARASINDA MƏSLƏHƏTLƏŞMƏLƏR BAŞLAYIB
BAKI.24.09.2003.MEDİA-PRESS: Bu gün Pekində ikitərfli və çoxtərəfli əməkdaşlığın müxtəlif yönümləri üzrə Azərbaycan və Çinin Xarici İşlər nazirlikləri səviyyəsində məsləhətləşmələr başlayıb. Çinin respublikamızdakı səfiri Çjan Siyunun "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda məlumatında qeyd olunur ki, "Beynəlxalqterrorizmlə mübarizədə əməkdaşlıq, Cənubi Qafqaz regionundakı vəziyyət, qarşılıqlı siyasi-iqtisadi əlaqələrin inkişafı və 2004-cü ilin ikitərfli əməkdaşlıq planın hazırlanması müzakirə olunan məsələlərdir".
İTALİYANIN RENCO ŞİRKƏTİ SUMQAYIT YAXINLIĞINDA TƏHLÜKƏLİ TULLANTILARIN BASDIRILMASI ÜÇÜN MEYDANÇA TİKİNTİSİNİ OKTYABRDA BAŞA ÇATDIRACAQ
BAKI.24.09.2003.MEDİA-PRESS: İtalyan şirkəti Renco Sumqayıt şəhəri yaxınlığında təhlükəli tullantıların basdırılması məqsədilə tikdiyi və dəyəri 2,7 mln. dollar olan meydançanı oktyabr ayında təhvil verəcək. Təxirəsalınmaz ekoloji investisiyalar proqramını reallaşdırma qrupunun direktoru Ruslan Acalovun "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatında layihənin respublika Ekologiya nazirliyinin sifarişi ilə və Ümumdünya Bankının pulu ilə gerçəkləşdiyini vurğulayaraq deyib: "Artıq meydançada geomenbranın və geotrikotajın quraşdırılması üzrə işlər başlayıb, yeraltı yolların çəkilişi isə başa çatmaq üzrədir".
Qrupun rəhbəri qeyd edib ki, meydançada tikinti başa çatdıqdan sonra Sumqayıtdakı aktiv səth maddələri zavodunun ərazisinin civə tullantılarından təmizlənməsinə başlanacaq. Təmizlənmə işlərini və çirklənmiş torpaq qatının daşınmasını Almaniyanın Gabeg şirkəti həyata keçirəcək. Bu məqsədlə şirkətlə bağlanan müqavilənin dəyəri 1 mln. dollara yaxındır.
R, Acalov deyib: "Gabeg artıq sentyabırn 1-dən zavod ərazsisini təmizləməyə başlayıb. İndi burada xüsusi avadanlıq quraşdırılır. Biz şirkətə bir vəzifə olaraq tapşırmışıq ki, tullantıların basdırılmasını ilin axırına kimi başa çatdırsın".
Təmizləmə işləri başa çatdıqdan sonra şirkət istehsal proseslərində təhlükəli tullantıları olan müxtəlif şirkətlər və müəssisələrə də xidmət göstərə biləcəkdir. Acalovun fikrincə, "yəqin neft şirkətləri də bu meydançada baş verən proseslərlə maraqlanacaqlar. Meydançanın idarə olunması üçün "təhlükəli tullantılar" Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılıb. Təsisçi Ekologiya və Təbii Ehtiyatlar nazirliyidir. SC nizamnaməsi meydançanın fəaliyyətinin şəffaf olmasını nəzərdə tutur. Belə şəfaflığın təmini üçün meydançanın Müşahidə şurasında ictimaiyyətin iştirakı da nəzərdə tutulub".
Ruslan Acalov meydançanın müasir texnologiyaları əsasında tikildiyini və ən ciddi ekoloji standartlara uyğun olacağını vurğulayaraq deyib: "Qanunvericilik və normativ- hüqüqi aktlara dəyişikliklər edilməsi nəzərdə tutulur. Bunlar şirkəti vadar edəcək ki, meydançada sənaye tullantılarını basdırarkən ətraf mühitin mühafizəsinin müasir metodlarına əsaslansın. Bu, ASC-ya imkan verəcək ki, çəkdiyi bütün xərcləri ən qısa müddətdə ödəsin.
Təxirəsalınmaz ekoloji investisiyalar proqramına ümumi dəyəri 24,5 mln. dollara çatan 4 layihə daxildir. Bu məbləğin 20 mln .dollarını Ümumdünya Bankı, 3,1 milyonunu Azərbaycan höküməti ödəyəcək, qalan 800 min dollarını isə Yaponiya hökümətinin, 600 min dollarını Know-How Britaniya fondunun qrantları təşkil edəcək. Sumqayıt zavodunun ərazisində torpaq səthinin aktiv maddələrdən təmizlənməsi layihəsi 8 milyon dollara başa gələcək və bu pulu Ümumdünya Bankı ödəyəcək.
XƏZƏR EKOLOJİ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KÜR ÇAYI MƏNŞƏYİNİN BƏRPASI VƏ MÜHAFİZƏSİ LAYİHƏSİ HAZIRLANACAQ
BAKI.24.09.2003.MEDİA-PRESS: Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində Kür çayı mənşəyinin bərpası və mühafizəsi layihəsi hazırlanacaq. Bu məqsədlə Ümümdünya Bankının (ÜB) nümayəndə heyəti sentyabrın 24-də Bakıya gəlib. ÜB-nın Bakı nümayəndəliyində Media-Pressə verilən məlumata görə, missiya Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar nazirliynin rəhbərləri ilə danışqlar aparacaq, ÜB-nın "Təxirəsalınmaz ekoloji investisiyalar" layihəsi çərçivəsində nazirliyin bir institut kimi inkişafının gedişi ilə tanış olacaqlar.
Xəzəryanı dövlətlər: Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan XEP üzvləridir. TACİS XEP layihəsinin realizəsinə 6 mln. avro, Qlobal ekologi fond-8 mln. dollar, ÜB-1,8 mln. dollar ayırıblar.
Xəzər dənizinin fiziki, kimyəvi, bioloji, meteoroloji və geofiziki parametrləri barədə vahid ekoloji məlumat bazasının yaradılması XEP layihəsinin başlıca vəzifələrindən biridir. Xəzərin səviyyəsinin dəyişməsi və onun çirklənməsi göstəriciləri də bu məlumata daxil ediləcək. Bütün Xəzəryanı ölkələr dənizin milli bölmələrinin bəzi sahələri üçün artıq bu cür məlumat bazası yaradıblar. İndi onların hamısını bir yerə toplamaq gərəkdir. Qeyd edim ki, Aral dənizi və Qara dəniz üçün artıq bu cür məlumat bazaları tərtib edilib.
ALİMLƏR XƏZƏRDƏ NƏRƏ BALIQLARININ SAYININ ARTMASI BARƏDƏ CİTES-İN FİKRİ İLƏ RAZILAŞMIRLAR
BAKI.22.09.2003.MEDİA-PRESS: Alimlərin fikrincə, Xəzərdə balıq ovunun artması və bunun nəticəsi kimi, ağ balığın sayının tükənməsi ilə əlaqədar, 1 kilosu təqribən 3 min dollara çatan ağ balıq kürüsü (xavyar) əsil mənada qəhətə çıxa bilər.
Rusiya, İran və Xəzərdə ağ balığın yayıldığı digər ölkələr, Britaniyanın "İndependent" qəzetinin yazdığına görə, sentyabrda ildə 155 tona yaxın ağ balıq ovlamağa icazə alıblar.
Nəsli tükənməkdə olan balıq növləri ilə beynəlxalq ticarət üzrə Konvensiyanın (CİTES) qərarı 1998-ci ildə mövcud olmuş 7,6 mln. ədəd nərəkimilərin artaraq 2002-ci ildə 11,6 milyona çatmasına əsaslanırdı. Ancaq, New Scientist jurnalının qeyd etdiyi kimi, tənqidçilərin fikrincə, balıqların sayı yarım milyon az ola bilər və CİTES-in özünün natamam məlumatları 2002-ci ildə bu balıqların sayının 40 % azaldığını göstərir.
Nərə kimilərin genetikası ilə məşğul olan rus alim Vadim Birşteyn deyib: "CİTES heç bir təhlil aparmadan etimad doğurmayan rəqəmlərə istinad edir və fikirləşir ki, biz də balığın möcüzə edəcəyinə inanacağıq".
Alimlərin fikrincə, 1970-ci ildən bəri nərəkimilərin artımı əsasən balıq ovunun güclənməsi və Rusiya mafiyasının qeyri-leqal ticarəti (bu ticarətin dövriyyəsi ildə təqribən 500 mln. funta çatır) nəticəsində təqribən 90% azalıb. CİTES üçün nərəkimilərin sayını Həştərxan alimləri dəqiqləşdiriblər. Onlar hesablama apararkən Xəzərdə ov zamanı hər dəfə təqribən 10-24 balığın tordan suya düşdüyünü nəzərə alaraq, bu sayı ümumi saydan çıxıblar.
Lakin Yabanı təbiətin mühafizəsi cəmiyyətinin (Vaşinqton) üzvü xanım Ellen Pikitç deyib ki, amerikalı alimlərin və BMT tədqiqatçılarının hesablamalarına görə, hər dəfə tordan yalnız 1 balıq qaçır. Bax, yarım milyon rəqəmi də bu hesabın nəticəsidir.
CİTES bildirib ki, onun hesablama modeli əvvəlki tədqiqatlar gedişində öz təsdiqini tapıb, lakin rəqəmlərin "ziddiyyətliliyini" və alimlərin bu hesablamalarla razılaşmadığını etiraf edib.
Mərkəzi Asiya xəbərlər agentliyinin məlumatına görə, İran höküməti qara kürünün ixracı məqsədilə nərəkimilərin ovunu xeyli azaltmağı qərara alıb. Hökümət bu addımı bioloqlar və ekoloqların tələbi ilə atıb. Məlumdur ki, İran qara kürünün bütün ixracının hardasa 90 faizini təmin edir və onun satışından alınan valyuta büdcənin ayrılmaz hissəsini təşkil edir. Alimlər nərəkimilərin sayının azalması barədə çoxdandır ki, həyəcan qaldırıblar. Bu balıqların sayının kəsgin azalması Sovet İttifaqının dağılıması dövründən başlayıb.
Məhz o zaman Xəzərdə peyda olmuş çoxlu sayda brakonyerlər (balığı qanunsuz ovlayanlar) şəxsi qazancları naminə dənizdəki ən qiymətli balıq növlərini düşüncəsiz surətdə ovlamağa girişdilər. Onlarla yanaşı sənaye müəssisələri də nərəkimilərə böyük ziyan vurur. Məsələn, bu balıqlar orta hesabla təqribən 50 il, bəzi ağ balıqlar isə hətta 100 il ömür sürürsə, indilikdə onların orta ömrü 20-30 il həddindədir. İran ekololqları əmindirlər ki, vəziyyət getdikcə pisləşəcək. Çünki Xəzərdə neft istixracının sürətlə artması tezliklə nərə kimilərin sayının azalmasına da öz təsirini göstərəcək.
ALTAY RESPUBLİKASI XALQLARI MƏCLİSİ AZƏRBAYCANLILARI DÖYƏNLƏRİN CƏZALANDIRILMASINI TƏLƏB EDİR
BAKI.24.09.2003.MEDİA-PRESS: Altay respublikası (Sibir) Xalqları Məclisi respublika rəhbərlərinə açıq məktubla müraciət edərək, avqustda Qorno-Altaysk şəhərində azərbaycanlıların döyülməsində iştirak edənlərin cəzalandırılmasını istəyiblər.
Yerli mətbuat xəbər verib ki, açıq məktub respublikanın başçısı Mixail Lapşinə, respublika parlamentinin spikeri İqor Yaimova, prokuror Andrey Volkova və Daxili İşlər naziri Yuri Valyayevə ünvanlanıb.
Məclis Şurası respublika rəhbərliyindən avqustun 15-də Altayda baş vermiş hadisələrin lazımınca qiymətləndirilməsini tələb edib. O zaman şəhərin müxtəlif rayonlarında eyni vaxtda kimliyi məlum olmayan yerli gənclər 20-dən çox azərbaycanlını döyüb. Onların 14 nəfəri müxtəlif dərəcəli sınıqlar və zədələrlə xəstəxanaya düşüb.
Müraciət müəlliflərinin fikrincə, bu cinayətin törədilməsində iqtisadi amillər istisna edilə bilər. Özbaşınalığa ondan bir gün əvvəl məişət zəminində baş vermiş hadisə səbəb olub. Altay respublikası xalqları məclisinin nümayəndələrinin fikrincə, cinayət işinin qaldırımasına baxmayaraq, bu hadisələrə lazımi qiymət verilməyib. Müraciətdə deyilir: "Əslində hamı elə davranır ki, guya fövqəladə hadisə olmayıb. Halbuki, ictimaiyyət bu münaqişəni milli zəmində haqq-hesab çəilməsi kimi qəbul edib".
Altay respublikası xalqları məclisi bu respublikada millətlərarası razılığı saxlamaq məqsədilə müxtəlif millətlərin nümayəndələrinin birliyi kimi 2001-ci ilin mayında yaradılıb.
İRANDA BAŞLAYAN YENİ DƏRS İLİNİN MƏKTƏB PROQRAMLARINA RUS DİLİNİN ÖYRƏNİLMƏSİ DƏ DAXİL EDİLİB
BAKI.24.09.2003.MEDİA-PRESS: İranda yeni dərs ili başlayıb və ilk dəfədir ki, məktəblilər rus dilini öyrənəcəklər. İran Mədəniyyət Nazirliyi Xarici Dillər Departamenti nümayəndəsinin dediyinə görə, yeni dərs ili ərəfəsində İslam respublikasının Ali Maarif Şurası belə qarar qəbul edib. Rus dili ilə yanaşı məktəb proqramına italyan və ispan dillərinin təlimi də daxil edilib. Əvvəllər rus dili İranın yalnız bir sıra institutlarında öyrənilirdi. İndi isə mədrəsə şagirdəlri öyrənilən 6 dildən birini seçə biləsəklər. Proqrama yeni daxil edilmiş dillərlə yanaşı ənənəvi ingilis, alman və fransız dilləri də qalmaqdadır.
İran Təhsil nazirliyi mütəxəssislərinin fikrincə, İslam respublikasının Rusiya ilə qonşuluğu səbəindən son vaxtlar ölkə gəncləri məhz rus dilinin öyrənilməsinə daha böyük maraq göstərirlər.
DEVİD VUDVORD: BP YAXIN BİR NEÇƏ İLDƏ AZƏRBAYCANDAKI LAYİHƏLƏRƏ 18 MLRD. DOLLAR SƏRMAYƏ QOYACAQ
BAKI.24.09.2003.MEDİA-PRESS: BP şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələrə qoyacağı sərmayə yaxın bir neçə ildə 18 mlrd. dollara çatacaq. Bu haqda jurnalistlərə məlumat verən BP-Azərbaycan şirkətinin prezidenti Devid Vudvordun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" və "Şah-Dəniz" yataqlarının işlənməsinə, həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin çəkilişinə məhz bu həcmdə vəsait xərclənəcək.
BP prezidenti deyib: "Azərbaycanda valyuta məzənnəsi sabitdir, inflyasiya aşağıdır, makroiqtisadi göstəricilərin ildə 8-10% həcmində artımı təmin edilib. Bu proseslərdə neft bölməsi çox böyük rol oynayır. BP-nin layihələri bu bölmə üçün heç də az əhəmiyyət kəsb etmir".
Onun sözlərinə görə, respublikada BP-nin neft-qaz layihələrinin tətbiqi gedişində 100-ə qədər yerli şirkət və çoxlu sayda yerli mütəxəssis işlə təmin ediləcək. 2005-ci ildən "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsinə başlanacaq, neft satışından repsublikanın gəliri xeyli artacaq. Azərbaycan Neft Fondu yaratmaqla neft gəlirlərinin idarə olunmasının düzgün yolunu seçib ki, bu da neft vəsaitlərinin ən münasib xərclənməsini təmin edəcək".
BP şirkəti Azərbaycanda neft-qaz istixracı üzrə 4 müqavilədə, həmçinin BTC Əsas İxrac kəmərinin tikintisində iştirak edir. Şirkət bu müqavilələrdən hər birinin operatorudur. Məsələn, BP "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi layihəsində- 34,14%, "Şah-Dəniz"də- 25,5%, "İnam" layihəsində-25%, "Araz-Alov-Şərq" də- 15% və BTC ƏİK tikintisi layihəsində 30,1% paya malikdir.
BTC KƏMƏRİ İLƏ AXIDILACAQ NEFTİN 1 BARRELİNİN QİYMƏTİ 3,4 DOLLAR OLACAQ
BAKI.24.09.2003.MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri (BTC ƏİK) ilə neft axıdılmasının orta qiymət cədvəli 1 barrelə görə 3,3-3,5 dollar olacaq. Azərbaycan respublikası Dövlət Neft Şirkətiindən (ARDNŞ) "İnterfaks-Azərbaycan"
agentliyinə bu haqda verilən məlumatda qeyd olunub ki, "həmin qiymət cədvəli neftin nəqli, tikinti smetası və sair amillər üzrə bugünün hesablamaları nəzərə alınaraq müəyyənləşdirilib. Dəqiq qiymət isə, vəziyyətə görə dəyişgən olacaq ". ARDNŞ-də bu faktı da vurğulayıblar ki, neft ixrac edənlər üçün qiymət cədvəlinin BTC Co. (kəmərin tikintisi və istismarı üzrə operator) şirkətinin səhmdarlarına nisbətən xeyli baha olması da məcburi deyil.
ARDNŞ-dəki mənbə deyib: "Əgər bizim əlavə neftimiz olarsa və ƏİK-lə axıdılmaq üçün neft verməyə, habelə yanacağı yola salmağa hazır olanlar tapılarsa, tariflər də dəyişdirilə bilər. Lakin nəql zamanı "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılmış neftə üstünlük veriləcək ".
BTC Co- nun səhmdarları: BP (30,1%), QNKAR (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), TotalFinaElf (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%) və Amerada Hess (2,36%) şirkətləridir.
Uzunluğu 1767 kilometr olan BTC neft kəmərinin 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın və 1076 kilometri Türkiyənin ərazsindən keçəcək. Buraxılış qabiliyyəti ildə 50 mln. ton olan bu kəməri doldurmaq üçün 1,5 milyon ton neft lazımdır. 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatmalıdır. Aralıq dənizindəki Ceyhan limanından (Türkiyə) ilk Azərbaycan neftinin ixracı isə 2005-ci ilin ikinci rübündə gözlənilir. Layihənin dəyəri 2,95 mlrd. dollardır.
Hal-hazırda Bakı-Novorossiysk kəməri ilə axıdılan azərbaycan neftinin hər tonu ona 15,67 dollara, Bakı-Supsa kəməri ilə- təqribən 3 dollara başa gəlir.
BU GÜN "ŞAH-DƏNİZ" YATAĞINDA İKİNCİ QABAQLAYICI QUYUNUN QAZILMASINA BAŞLANIR
BAKI.24.09.2003.MEDİA-PRESS: Bu gün BP (Xəzərin Azərbaycan hissəsində "Şah-Dəniz" qaz-kondensat yatğının işlənməsi üzrə operator) şirkəti "Şah-Dəniz" də ikinci qabaqlayıcı quyunu qazmağa başlayır. BP Exploration (Shakh-Deniz) Ltd şirkətinin rəhbəri Rok Kelli bu barədə məlumatında birinci qabaqlayıcı quyu kimi, ikincinin də təqribən 7,2 min metr dərinlikdə olacağını deyib.
Onun sözlərinə görə, birinci quyunun qazılması zamanı alınan məlumatlar yatağın ehtiyatları barədə BP şirkətinin proqnozlarını təsdiqləyib. İndi hesablamalar aparılır. Ancaq ilkin məlumata görə, yatağın ehtiyatları nəzərdə tutulduğundan az deyil.
Birinci qabaqlayıcı quyu cari ilin aprel-avqust aylarında qazılıb. Qazma işlərini Caspian Drilling Company "İstiqlal" üzən yarımdalma quyusundan aparıb. Quyu "Şah-Dəniz"in şimal-şərqində, dərinliyin 101 metrə çatdığı nöqtədə qazılıb. Layihə dərinliyi 7244 metr olan bu quyuda yüksək lay təzyiqi üzündən qazma 6560 metr dərinlikdə dayandırılıb. Qabaqlayıcı qazma proqramı "Şah-Dəniz"də üç quyu qazılmasını nəzərdə tutur.
Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı borunun çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzrum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb.
"1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən gur istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metr, qaz kondensatı isə- 2 mln. ton olacaqdır. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq.
"BP (25,5%), Statoil (25,5%), QNKAR (10%), LUKAgip
(10%), OIEC (10%), TotalFinaElf (10%) i TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır.
Bu yatağın ehtiyatları 1 trln. kub metr civarındadır.
OKTYABRIN 10-A KİMİ "QARADAĞ-DİGAH-ŞİMAL DRESİ " XƏTTİNDƏ QAZ- KOMPRESSOR STANSİYASININ QURAŞDIRILMASI BAŞA ÇATACAQ
BAKI.24.09.2003.MEDİA-PRESS: Oktyabrın 10-na kimi "Qaradağ-Digah-Şimal-Dövlət rayon elektrik stansiyası " (DRES) xəttində qaz- kompressor stansiyasının quraşdırılması başa çatacaq. Bu xətt DRES-i təbii qazla təmin edəcək. Tikinti işləri qurtardıqdan sonra test- yoxlamalar və buraxılış-sazlama işləri başlayacaq. Kəmərin özü isə noyabrda istifadəyə veriləcək. Bu məlumatı "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti Əlixan Məlikov verib.
Xatırladaq ki, qaz kəməri artıq çəkilib və hermetikliyi də sınaq edilib. Borunu azərbaycan-türkiyə müştərək müəssisəsi (MM) "Azfen/tekfen" çəkib.
Uzunluğu 90 kilometrə çatan "Qaradağ-Digah-Şimal DRES" kəməri gündəlik 10 mln. kub metr qaz nəql etmək gücündədir, hərçənd ki, elektrik stansiyasının təmini üçün cəmisi 2 mln. kub metr kafidir. İş burasındadır ki, gələcəkdə burada daha bir energi bloku ucaltmaq planlaşdırılır. İndi bu barədə Yaponiyanın JBİC bankı ilə danışıqlar aparılır. Gördüyünüz kimi, yeni qaz kəməri əlavə ehtiyat gücünə malik olacaq.
"Azəriqaz" xəttin çəkilişi üzrə müqaviləni Yaponiyanın Mitsui/Toyo Engineering alyansı ilə keçən ilin martında bağlayıb. JBİC 40 il müddətinə, illik 0,75 faizlə 39 mlrd. yen məbləğində 2 kredit ayırdı. Layihə məhz bu bankın vəsaitləri hesabına maliyyələşdirilir. İlk 10 ildə Azərbaycan tərəfi kredit üzrə borc ödəməyəcək.
Hələlik isə stansiyaya qaz köhnə boru ilə verilir. DRES ərazisində qaz-kompressor stansiyası da tikilib. Bu, təzyiqi avadanlığın normal işi üçün tələb olunan 26 atmosferə çatdırmağa imkan verəcək.
BU GÜN AZƏRBAYCANIN 49 RAYONU TƏBİİ QAZLA TƏMİN OLUNUB
BAKI.24.09.2003.MEDİA-PRESS: Bu gün Azərbaycanın 49 rayonu təbii qazla təmin olunub. "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti Əlixan Məlikov bu barədə məlumatında vəd edib ki, istilik mövsümünün başlanğıcına kimi istehlakçıların 75-80 faizi "mavi yanacaq" la təmin olunacaq. Respublikada qazın paylaşdırılmasına cavabdeh olan şirkətimiz qışa hazırlıq üçün bütün zəruri tədbirləri görüb. Bu günə kimi iki yeraltı anbara 430 mln. kub metr qaz vurulub. Yaxın vaxtlarda isə bu həcmi biz yarım milyard kub metrə çatdıracağıq".
"Azəriqaz"ın başçısı deyib ki, QSC gələn il Naxçıvan Muxtar Repsublikasının da (NMR) qaz təchizatı problemini həll etməyi planlaşdırır. Biz 2002-ci ilin sonundan etibarən NMR-nın qazla təminatı barədə İranla danşıq aparırıq. Artıq bu diyara ildə 300-350 mln. kub metr İran qazının verilməsi barədə saziş layihəsi hazırdır".
Onun sözlərinə görə, sazişin mətni İran tərfinə verilib. İlin axırına kimi bu sənədin imzalanması gözlənilir. Azərbaycan İran yanacağının əvəzində öz qazını verəcək, lakin 2006-2007-ci ildən etibarən, yəni "Şah-Dəniz" yatağında istixrac başlananadan sonra biz qazı mövcud Qazı Məhəmməd-Astara xətti ilə İrana qaytarmaq fikrindəyik. Mütəxəssislərimiz bu boru xəttini yoxlayaraq belə qənaətə gəliblər ki, bərpa işlərinə 90 mlrd. manat xərclənməlidir. NMR-ya qaz Xoy-Culfa kəməri ilə veriləcək. Xəttin Culfa hşəhərinə kimi çəkilişi başa çatıb və İran istədiyi vaxt Muxtar Repsublikaya öz yanacağının ixracına başlaya bilər. Qaz borusunun çəkilişinə 14 mln. dollar xərclənib.
Qeyd etmək lazımdır ki, Muxtar Repsublikada qaz infrastruktru inkişaf etməyib. İran tərəfi belə şəbəkənin yaradılmasına kredit ayırmağa da hazırdır. Azərbaycanlı mütəxəssislərin hesablamalırna görə, bu işə 62 mlrd. manat (12,6 mln. dollar) tələb olunur.
AZƏRBAYCANDA QAZ İSTEHLAKÇILARI YANACAQHAQQINI VERMƏYƏ TƏLƏSMİRLƏR
BAKI.24.09.2003.MEDİA-PRESS: Azərbaycan əhalisi "Azəriqaz" Səhmdar Cəmiyyətindən (SC) aldığı "mavi yanacağ"ın haqqını hələ də tam ödəmir. Azərbaycanın 12 rayonuna verilən qaza görə yığılan rüsum 85%, daha 17 rayonda və Bakıda isə daha az -50% olubdur.
Bu haqda məlumat verən SC rəhbəri Əlixan Məlikov deyib ki, özəl müəssisə və şirkətlər yanacağın haqqını demək olar ki, vaxtlı-vaxtında ödəyirlər. Onlar aldıqları qazın 90 faizinin pulunu ödəyiblər. Ancaq mənzil-istismar sahələrində və büdcə təşkilatlarında bu baxımdan çətinliklər mövcuddur. Onlar nəzərdə tutulan rüsumun yalnız 50 faizini ödəyiblər.
Ə. Məlikov həmçinin məlumat verib ki, Bakı ətrafında istixana sahiblərinin hamısına bildiriş göndərilib ki, həmin obyektlərdə təbii qazdan istifadə qadağandır. Çünki istixanalar əhalinin "mavi yanacaq"la təmin olunmasına xeyli əngəl törədir.
Xatırladaq ki, keçən qış Bakıda hər gün 10 mln. kub metr qaz yandırılıb. Halbuki, ölkənin rayonlarına "mavi yanacaq" ixracı 4 mln. kub metrdən çox olmayıb. Bununla belə, Bakıda daim yanacaq çatışmazlığı hiss olunub. "Azəriqaz" prezidenti bu işin əsas baiskarı kimi istixanaları misal çəkərək, Bakıda olan 1300 belə obyektin gündə üst-üstə 700-800 min kub metr qaz yandırdığını vurğulayıb. Ölkə hökümətinin qərarına görə, istixanalarda qaz yandırılması qadağan edilib. Ona görə də, mövcud istixanaları rəsmi qeydiyyata götürmək və işlətdikləri qazın haqqını almaq qərarı çıxarılıb. Ancaq bu da kömək etməyib. Çünki, istixana sahibkarları rüsum ödəməkdən imtina edirlər. Belə ki, keçən il istixanaların qızdırılması üçün işlədilmiş qaza görə, yalnız 2% haqq ödənilib.
TÜRKİYƏNİ QAZAXISTAN NEFTİ VƏ QAZI MARAQLANDIRMIR
BAKI.22.09.2003.MEDİA-PRESS: Türkiyənin Dövlət planlaşdırma təşkilatı bildirib ki, ölkəni Qazaxıstan nefti və qazı maraqlandırmır. Türkiyə höküməti rəhbərliyinə daxil olan bu təşkilatın fikrincə, hal-hazırda ölkənin Qazaxıstan karbohirogenlərinə ehtiyacı yoxdur, çünki ölkənin bütün tələbatı ənənəvi tərəfdaşların hesabına ödənilə bilər. Üstəlik, Türkiyə yaxın illərdə də buna ehtiyac duymayacaq. Təşkilatın fikrincə, ölkənin bəzi regionları yalnız uzaq gələcəkdə və həm də ucuz olacağı təqdirdə Qazaxıstandan neft -qaz idxalına başlaya bilərlər.
Qazaxıstan yanacağı yaxın illərdə bilavasitə Türkiyənin özünə bəlkə də lazım olmadı. Ancaq bəllidir ki, bu ölkənin nefti əvvəl-axır Türkiyənin Aralıq dənizindəki Ceyhan limanını Azərbaycan və Gürcüstanla birləşdirən kəmərlə axıdılacaqdır. Odur ki, Türkiyə planlaşdırma idarəsinin bu bəyanatı Astananın ovqatını korlaya bilməz. Həm də ona görə ki, Qazaxıstan öz neftini başqa yollarla ixrac etməyi düşünür. Bu marşrutlardan biri İrandan keçəcək və Qazaxıstan Xəzərdə verəcəyi neftin həcmini Fars körfəzində alacaqdır. Əvəzləmə prinsipi adlanan (SWAP) bu variant 2 ölkənin nəqliyyat nazirləri Kajımurat Naqmanov və Əhməd Xorrəmin Tehran görüşündə başlıca müzakirə mövzusu olub.
Tehran və Astana SWAP sxemi üzrə işləməyi qərara alıblar. İran qonşu ölkənin neftini Xəzərdəki NEKA limanında qəbul edir, sonra isə Fars körfəzində həmin həcmdə neftini öz qazax tərəfdaşlarına verir. Bu sxem çoxdan mövcuddur, ancaq texniki səbəblər üzündən indiyədək lazımi həcmdə idxal və ixracı təmin etmək mümkün olmayıb. İndi Tehran, "Xəbər" agentliyinin məlumatına görə, Astanaya öz ərazisindən gündə 120 min barrel neft ixrac etmək imkanı verməyə hazır olduğunu bildirib.
İranın Nəqliyyat və Yollar naziri deyib: "Neka limanı indi genişləndirilir. Buradan xam neft, o cümlədən Qazaxıstan nefti Tehrandakı emal zavodlarına göndəriləcək. Hələlik, layihə yalnız sınaqdan çıxarılıb. Buna baxmayaraq, biz Qazaxıstana əvəzetmə yolu ilə ərazimizdən ixracını artırmaq imkanı verə bilərik".
AZƏRBAYCAN VƏ RUSİYA İKİNCİ YAŞMA- DƏRBƏND ELEKTRİK ÖTÜRÜCÜSÜ XƏTTİNİ ÇƏKƏCƏKLƏR
BAKI.24.09.2003.MEDİA-PRESS: "Azərenerji" Səhmdar Cəmiyyəti (SC) və "PAO EGS Rossii" Yaşma-Dərbənd istiqamətində ikinci elektrik ötürücüləri xəttini çəkmək niyyətindədirlər. Hazırda gələcək xəttin texniki parametrləri ekspertlər səviyyəsində müzakirə olunur. Bu barədə Media-Pressə "Azərenerji" də verilən məlumatda deyilir ki, Yaşma və Dərbənd arasında mövcud olan 330 kilovoltluq elektrik ötürücüləri xətti Azərbaycanla Rusiyanın enerji sistemlərini birləşdirən yeganə xəttdir. Bu marşrutda ikinci xəttin də istifadəyə verilməsi enerji təchizatının sabitliyini və etibarlığını, Rusiyadan Azərbaycana enerji verilməsini artırmağa, gələcəkdə isə bu enerjinin qonşu ölkələrə tranzitinə imkan verəcək.
Bundan əlavə yeni xətt azərbaycan tərəfinə elektrik şəbəkəsinin yüklənməsi problemini keyfiyyətlə həll etməyə və elektrik stansiyalarının iş səmərəsini artırmağa imkan verəcək. Məlumdur ki, enerji istehlakının azaldığı vaxtlarda stansiyalarda hasilat aşağı düşür. Bu da nəticə kimi, məhsulun maya dəyərinin artmasına səbəb olur. Belə halların qarşısını almaq üçün elektrik enerjisini daxili sistemdən kənarlara cərəyanı tətbiq edilir ki, bu da sonda yerli elektrik stansiyalarında işin səmərəsinin artmasına kömək edir.
Rusiyadan alınan elktrik enerjisi sistemlərarası Yaşma yarımstansiyası vasitəsilə paylanır. Bu yarımstansiya Azərbaycanın şimal rayonlarının enerji ilə təmin olunması yükünü daşımaqla bərabər, həm də Sumqayıtın enerji ilə təmininin ən mühüm amillərindən biridir.
QİƏT ÖLKƏLƏRİNİN NƏQLİYYAT NAZİRLƏRİ BAKIYA GƏLƏCƏKLƏR
BAKI.24.09.2003.MEDİA-PRESS: Qara dəniz İqtisadi Əməkdaşlıq təşkilatına (QİƏT) üzv olan ölklərin nəqliyyat nazirləri şurası oktyabrın 3-də Bakıda növbəti yığıncağına toplaşacaq.
QİƏT nümayəndəsi Valeri Çeçalaşvili İnterfaks-Azərbaycan agentliyinə bu barədə məlumatında qeyd edib ki, iclas ərəfəsində ekspertlərdən ibarət işçi qrupu gündəliyin məsələlərini iki gün ərzində işləyib hazırlaycaq və razılaşdıracaqdır. Tədbirin özü isə oktyabrın 3-də keçiriləcəkdir.
Çeçelaşvili nəqliyyatın təşkilata üzv dövlətlərin əməkdaşlığında mühüm sahə olduğunu vurğulayaraq deyib: "Nəqliyyat Nazirlər Şurasının Qara dəniz nəqliyyat dairəsi üzrə geniş proqramı və müvafiq hərəkət planı vardır. Nazirlərin QİƏT-i və TRACECA proqramını əlaqələndirmək cəhdi Bakı görüşünün yeni ünsürü olacaq. Bu görüşün çox maraqlı keçəcəyini gözləyirəm. Orada Qara dəniz nəqliyyat daiəsi proqramı çərçivəsində reallaşdırılmaq məqsədilə bəzi əməli layihələr müzakirəyə çıxarılacaq ".
Onun fikrincə, belə layihələri Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) vəsaitləri hesabına reallaşdırmaq olar.
QTİB- QİƏT üzvlərinin 1994-cü ildə yaratdıqları beynəlxalq maliyyə təşkilatıdır. QTİB üzvləri Yunanıstan, Rusiya, Türkiyə bu təşkilatın nizamnamə kapitalında 16,5% , Bolqarıstan, Rumınya, Ukrayna- 13,5%, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan isə- 2% paya malikdirlər.
11 ölkə-Azərbaycan, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumınya, Türkiyə, Ukrayna və Ermənistan QİƏT üzvləridir. Azərbaycan bu ilin mayından həm də təşkilatın sədridir.