rus || eng
BU İL BAKI METROPOLİTENİ 25 VAQON ALACAQ
BAKI.02.04.2004.MEDİA-PRESS:
Bu il Bakı Metropoliteni Moskva yaxınlığındakı Mıtişşinsk vaqonqayırma zavodundan 25 vaqon (5 qatar) alacaq. İlk 10 vaqon artıq mayın 10-dək Azərbaycana gətiriləcək.
Mətbuat konfransında bu məlumatı verən Metropolitenin rəhbəri Tağı Əhmədov deyib ki, biz Mıtişşinsk vaqonlarının buraxılış qiymətinin $590 min olmasına rəğmən, onların hər birini $325 minə alırıq. Moskva zavodu metromuz üçün bu imtiyazlı qiyməti Azərbaycanın sabiq prezidenti Heydər Əliyevə minnətdarlıq əlaməti olaraq müəyyənləşdirib. Çünki sağlığında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən dövrdə nəqliyyat sahəsinin də kuratoru kimi, Mıtişşinsk zavodu üçün çox yaxşılıqlar edibmiş!
T.Əhmədov qeyd edib ki, yeni vaqonlar alınandan sonra Bakı metrosunun parkı 75 təzə vaqona malik olacaq. Çünki idarə 2002-2003-cü illərdə də 50 yeni vaqon alıb. İndi Metropolitenin ixtiyarında 37 qatar var.
Əhmədovun sözlərinə görə, idarə yalnız cari təmir işləri aparır, ona görə ki, əsaslı təmir Azərbaycanda qeyri-mümkündür. Hərəkətdə olan qatarların vaqonlarının çoxu 1973-77-ci illərin istehsalıdır. Təmir gedişində bəzən 80 hissə və ya avadanlığı dəyişmək gərək olur. Bu səbəbdən təzə vaqon almaq əsaslı təmir xərclərindən ucuz başa gəlir.
Bu gün metro xətlərində yalnız saz qatarlar işləyir. Ən kiçicik nasazlıq gözə çarpan kimi , qatar dərhal depoya göndərilir. Metropoliten xətlərində quraşdırılmış "Pakap" adlanan xüsusi avadanlıq vaqonlardakı nasazlığı dərhal aşkarlayır. Özü də avtomatik surətdə. Qatarda nasazlıq varsa, baş kompüterə siqnal verilir.
BAKI METROSUNUN ŞİMAL QOLUNUN ÇƏKİLİŞİNƏ $150 MİLYON LAZIMDIR
BAKI.02.04.2004.MEDİA-PRESS:
Bakı metropoliteninin şimal qolunun tikintisinə $150 milyon lazımdır.
Bu xəbəri mətbuat konfransında açıqlayan Metropolitenin başçısı Tağı Əhmədovun sözlərinə görə, "Memar Əcəmi"dən sonra daha 3 stansiyanın -"Nəsimi","Azadlıq" və depo "İlqar Qarayev"in tikintisi tamamlanmalıdır. Ümumi üzunluğu 3,5 km. olan bu stansiyaların hamısında işlərin 40-50 faizi görülüb. Lakin tikintini tamamlamaq üçün tələb olunan vəsait hələki, yoxdur. Dövlətin ayırdığı pullar yalnız tunellərin lazımi qaydada saxlanmasına sərf edilir.O ki, qaldı xarici sərmayələrin alınmasına, əcnəbi pul sahibi bakı metrosunda gediş haqqının 250 manat (0,05 dollardan da az!) olduğunu bilincə, təklifdən imtina edir.
BAKIMETROPOLİTENİ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ GÜCLƏNDİRİR
BAKI.02.04.2004.MEDİA-PRESS:
Bakı metrosunun bütün stansiyalarında təhlükəsizliyi təmin etmək üçün izləyici kameralar quraşdırılıb. Metropolitenin rəhbəri Tağı Əhmədov mətbuat konfrasında bu xəbərə əlavə edib ki, yalnız metronun girişində deyil, bilavasitə perronlarda və hətta eskalatorlarda hər şey izlənilir
Hətta təhlükəsizliyi bir az da artırmaq üçün vaqonlarda da müşahidə kameraları quraşdırmaq qərara alınıb. Hələ ki, bu cihazlar yalnız iki qatarda qoyulub. T.Əhmədovun sözlərinə görə, Bakı yeraltı dəmir yolu bütün MDB məkanında belə avadanlığın quraşdırıldığı yeganə metrodur. O vurğulayıb ki, bu tədbirin tətbiqindən sonra polislərin sərnişinləri qanunsuz yoxlaması halları azalıb.
AHİK MİNİMUM ƏMƏKHAQQINI YAŞAYIŞ MİNİMUMU SƏVİYYƏSİNƏ QALDIRMAĞI TƏKLİF EDİR
BAKI.02.04.2004.MEDİA-PRESS:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkədə minimum əməkhaqqını yaşayış minimumu səviyyəsinə qaldırmağı təklif edir.
Konfederasiyanın şöbə müdiri Çingiz Tağıyev jurnalistlərə deyib:" Biz təklif edirik ki, 2005-ci ilədək minimum əməkhaqqı yaşayış minimumunun məbləğinə çatdırılsın. İşləyənin güzaranı yoxsulluq həddindən aşağı olmamalıdır. Azərbaycanda ümumi daxili məhsulda ( ÜDM) əməkhaqqının xüsusi çəkisi 15 faizdən bir qədər çoxdur, halbuki MDB ölkələrinin əksəriyyətində bu göstərici 30-40 % arasındadır.
Hal-hazırda Azərbaycanda əməkhaqqı minimumu -60 min manat, yoxsulluq həddi -120 min manat, orta əmək haqqı isə-438,1 min manatdır.
AZƏRBAYCANDA MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN 3 QƏSƏBƏ TİKİNTİSİNƏ TENDER ELAN EDİLİB
BAKI.02.04.2004.MEDİA-PRESS:
Azərbaycan Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bu kateqoriya vətəndaşlar üçün evlər və sosial infrastruktur tikintisinə tender elan edib. Hazırda məcburi köçkünlər 4 çadır şəhərciyində yaşayır.
Tenderin şərtlərinə uyğun Ağdam rayonunda 3764 ailə, Goranboyda-149 ailə və Ağcabədidə- 37 ailə üçün 3 qəsəbə salınması nəzərdə tutulur. Bu qəsəbələr elektrik və su təchizatı sistemi, səhiyyə, təhsil, məişət xidməti və bu k. obyektlərlə təmin olunmadır. Bundan əlavə, qəsəbələri ətraf şəbəkələrlə birləşdirən elektrik və su təchizatı sistemlərinin, yolların və suvarma kanallarının çəkilişi planlaşdırılır.
İSVEÇRƏ DÖVLƏT TORPAQ KADASTRINI YARATMAQDA AZƏRBAYCANA KÖMƏK EDİR
BAKI.02.04.2004.MEDİA-PRESS:
İsveçrənin Federal topoqrafiya xidmətinə mənsub Beechcraft Super King Air - 350 xüsusi təyyarə Azərbaycanda müasir torpaq kadastrının yaradılması layihəsi çərçivəsində Abşeron yarımadasının aerofotoşəkillərini çəkib.
"İsveçrə əməkdaşlığı"-nın Bakı ofisində Media-Pressə verilən məlumata görə, uçuşlar əhalisinin sıxlığına uyğun 3 şərti zonaya bölünmüş Abşeron yarımadası üzərində aparılıb. Aerofotoşəkillər İsveçrə Dövlət İqtisadiyyat katibliyinin maliyyələşdirdiyi " Dövlət torpaq kadastrı və monitorinqi elmi-istehsalat mərkəzinin istehsalat imkanlarının yaxşılaşdırılması" layihəsi çərçivəsində çəkilib. Bu layihə Azərbaycanda regionun kadastr xəritələri göstəricilərinin müasir rəqəmli bazasının yaradılmasına yönəldilib.
Layihə İsveçrə və Azərbaycan hökumətləri arasında maliyyə köməyi sazişinə uyğun həyata keçirilir. İsveçrənin ayırdığı 3,5 milyon frank məbləğində qrant zəruri avadanlıq alınmasına , müvafiq xidmətlərə və yerli kadrların öyrədilməsinə xərcləndiyi halda, azərbaycan tərəfinin ayırdığı 500 min frank müxtəlif yerli ehtiyat mənbələri və xidmətlər üçündür. Tətbiqinə 2003-cü ilin noyabrında başlanmış layihə 2 il davam edəcək.
Layihənin əsas məqsədi pilot regionlarda dəqiq torpaq kadastrının yaradılmasında Azərbaycana kömək göstərməkdir.Torpaq sahələrinin dəqiq müəyyən edilmiş sərhədləri torpaqdan səmərəli istifadənin zəruri şərtidir. Sahibkar özəlləşdirmə zamanı aldığı torpaq sahələrinin miqyasını yeni kadastr xəritələrinin köməyi ilə dəqiq müəyyənləşdirə və şəxsi mülkiyyətinin sərhədləri çərçivəsində yaranacaq mübahisələri həll edə biləcək.
ABŞ ERMƏNİLƏRİ BUŞ HÖKUMƏTİNDƏN NARAZIDIR
BAKI.02.04.2004.MEDİA-PRESS:
Amerikanın erməni icması Corc Buş hökumətinin işindən narazıdır. ABŞ prezidentinə ünvanlanan məktubda Vaşinqton hökumətinin erməni seçicilərə verdiyi bir sıra vədlərə əməl etmədiyi və amerika ermənilərini narahat edən ondan çox məsələyə göz yumduğu vurğulanır.
Amerika erməni milli komitəsi , məxsusən, Buşun ermənilərin üzdəniraq soyqırımını tanıyacağı barədə verdiyi seçkiqabağı vədi pozduğunu,Ermənistana köməyin miqyasının azaldıldığını, Yerevan və Bakıya hərbi yardımda tarazlığın pozulduğunu,ermənistan-amerika iqtisadi əlaqələrinin inkişafında passivliyi, Ermənistanın blokadasını dayandırmaq məqsədi ilə Türkiə və Azərbaycana təzyiq göstərməkdən imtina etdiyini bildirir.
SƏNGƏÇALDAN "AZƏRİQAZ"IN PAYLAŞDIRICI ŞƏBƏKƏSİNƏDƏK QAZ BORUSUNUN ÇƏKİLİŞİNƏ BAŞLANIB
BAKI.02.04.2004.MEDİA-PRESS:
BP-Azeribaijan şirkəti Səngəçal terminalından "Azəriqaz" Səhmdar Cəmiyyətinin (SC) paylaşdırıcı şəbəkəsinədək uzanacaq qaz borusunun çəkilişinə başlayıb.
Şirkətin ofisində Media-Pressə verilən bu məlumatda keçən il ABƏŞ-lə (Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti) ARDNŞ arasında bağlanmış müvafiq müqaviləyə əsasən yeni boru xəttinin layihəsi hazırlanıb. Ekologiya və Təbii Ehtiyatlar nazirliyi tikintinin və kəmərin istismarının ətraf mühitə təsirini öyrənən sənədləri təsdiqləyib.
Uzunluğu 5 km. olan kəmər gündə 20-25 milyon kuğ metr qaz nəql edə bilər. $13 milyon dəyəri olan bu xəttin çəkilişi 2004-cü ilin sentyabrında başa çatmalıdır.
Bu kəmər "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində çıxan səmt qazının Azərbaycana əvəzsiz verilməsi üçün zəruridir.
Media-Pressin əvvəllər xəbər verdiyi kimi, terminaldan qaz 40-41 atmosfer təzyiqlə veriləcəyi üçün "Azəriqaz" SC-nin ixtiyarında olan boru şəbəkəsi ona tab gətirə bilməyəcək. Ona görə də əlavə qaz tənzimləyicisi quraşdıraraq , təzyiqi 20 atmosferə endirmək və yalnız bundan sonra qazı "Azəriqaz"ın paylaşdırıcı şəbəkələrinə ötürmək nəzərdə tutulur.
Bu gün Səngəçala daxil olan neft səit qazından və sudan təmizlənir. Səmt qazı yandırılır, Yeni borunun çəkilişi imkan yaradacaq ki, ARDNŞ məşəl kimi bihudə yandırılan qazı istehlakçılarına versin və bunun hesabına qaz idxalının həcmini gələcəkdə azaltsın.
İndi respublikanın qaza illik tələbatı 10 milyard kub metrdir. Bu həcmin yarısı daxili istixrac, yarısı isə idxal hesabına ödənilir. Bu il Azərbaycanda 5, 04 milyard qaz hasil edilməlidir. Bu həcmin 890 milyon kubmetrini ABƏŞ respublikaya əvəzsiz verəcək.
ARDNŞ NEFTİNİN APREL ÜÇÜN İKİNCİ PARTİYASINI LUKOIL INTERNATIONAL TRADING & SUPPLY CO ALIB
BAKI.02.04.2004.MEDİA-PRESS:
Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı -Novorossiysk kəməri ilə ixrac edilən neftinin aprel ayı üçün ikinci partiyasının müştərisi tenderin nəticələrinə görə Lukoil International Trading & Supply Company (LITASCO) olub. ARDNŞ-in Marketinq və İqtisadi əməliyyatlar (MİƏ) idarəsində Media-Pressə bildiriblər ki, LİTASCO 80 min ton azərbaycan neftini aprelin 28-29-da Novorossiysk limanından yola salacaq.
ARDNŞ Bakıdan şimala uzanan bu marşrutla azərbaycan neftinin bu ilki ixrac həcmini də 2003-cü ilin səviyyəsində -2,5 milyon ton həcmində təsdiqləyib. 1999-cu ilin yanvarında neft ixracı barədə Rusiya və Azərbaycan arasında imzalanmış hökumətlərarası müqaviləyə uyğun olaraq, tərəflərdən biri müqaviləni qüvvədən salmaq niyyətini müddətin qurtarmasına yarım il qalmış qarşı tərəfə bildirməsə, müqavilə hər il avtomatik surətdə uzadılır. Tərəflər qarşılıqlı razılıq əsasında hər 5-ildən bir sazişə düzəlişllər də edə bilərlər.
UKRAYNA VƏ AZƏRBAYCAN İYUNADƏK BU ÖLKƏDƏN AZƏRBAYCAN NEFTİNİN TRANZİTİNƏ DAİR SAZİŞ İMZALAYACAQLAR
BAKI.02.04.2004.MEDİA-PRESS:
Ukrayna və Azərbaycan hökumətləri azərbaycan neftinin Ukrayna ərazisindən ixracı və tranzitinin şərtləri barədə sazişi iyunadək imzalamaq niyyətindədirlər. Ukraynanın Nazirlər Kabineti bu sənədin layihəsini bəyənib və onu imzalamağı baş nazirin müavini Andrey Klyuyevə tapşırıb. Ukrayna hökuməti mətbuat xidmətinin məlumatına görə, xammalı artıq mayda işə salınan "Odessa-Brodı" neft kəməri ilə nəql etmək planlaşdırılır.
Azərbaycan neftinin ixrac həcmləri saziş imzalanadək gizli saxlanacaq. Mütəxəssislər bunun 2-4 milyon ton arasında ola biləcəyini ehtimal edirlər. Bütövlükdə cari ildə Odessa-Brodı ilə avropa istiqamətində 2-6 milyon ton neft axıdılacağı gözlənilir. Bu həcmin bir hissəsini Qazaxıstan və bu respublika ərazisində çalışan şirktlər təmin edəcək. Ukrayna və azərbaycan tərəfləri neftin azad və fasiləsiz tranzitini təmin etmək,onun həcmlərini, istiqamət və şərtlərini hər il razılaşdırmaq, eləcə də neftin yeni əlverişli marşrutlarla nəqlinin birgə layihələrində iştirak etmək istəyir. Ukrayna tərəfi nəqliyyat tarifini ayrı-seçkiliyə yol vermədən müəyyənləşdirəcək.
İTAR- TASS-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin yayında Ukraynaya baş tuta biləcək səfəri gedişində iki ölkənin yanacaq-energetika kompleksi sahəsində əməkdaşlığı başlıca məsələlərdən biri olacaq.
RUSİYADA İLİN İLK ÜÇ AYINDA NEFT İSTİXRACININ HƏCMİ 11% ARTARAQ 110 MİLYON 428 MİN TON OLUB
BAKI.02.04.2004.MEDİA-PRESS:
2004-cü ilin 3 ayında Rusiyala neft istehsalının həcmi 11% artıb və 110 milyon 428 min ton ( 2003-cü ildə-99.462 milyon ton)_ olub.
3 ayda 168.16 milyard kubmetr ( 2003-cü ildə-163.08 milyard kubmetr) qaz hasil edilib.
Rusiya hesabat dövründə "Transneft" sistemi ilə uzaq xaricə 47.657 milyon ton (2003-cü ilin 3 ayında- 39.152 mln.t.) neft ixrac edib. Bu zaman dənizlə -26.927 mln.t., "Drujba" kəməri ilə- 18.045 mln.t. və dəmir yolu ilə-2.684 mln. ton neft daşınıb.
QAZAXISTAN XƏZƏR ŞELFİNDƏ YENİ NEFT-QAZ BLOKLARININ MƏNİMSƏNİLMƏSİ ÜZRƏ İLK MÜSABİQƏLƏRİ 2004-CÜ İLDƏ ELAN EDƏCƏK
BAKI.02.04.2004.MEDİA-PRESS:
Qazaxıstan Xəzər şelfində neft-qaz yataqlarının yeni bloklarının mənimsənilməsi üzrə ilk müsabiqələrin keçirilməsini tezləşdirməyi qərara alıb. Qazaxıstan Energetika və Mineral ehtiyatlar nazirinin müavini Baktıkoca İzmuxambetov belə deyib.
Nazirliyin mətbuat xidməti məlumat verib ki, Qazaxıstan hökuməti beynəlxalq investorların da dəvət ediləcəyi bu müsabiqənin keçirilməsi vaxtını indiyədək dəqiqləşdirmir, tədbirin 2006-2010-cu illər arasında keçiriləcəyini bildirirdi.
Hökumətin hesablamalarına görə, Qazaxıstanın bütün karbohidrogen ehtiyatlarının 64 faizi onlarla bloka bölünmüş şelfin payına düşür. 2015-ci ildən etibarən 25-30 il ərzində dənizdə illik neft istixracını 100,quruda isə-50-70 milyon tona çatdırmaq nəzərdə tutulur.
Karbohidrogenlərin mənimsənilməsinə milardlarla dollar cəlb etməyi bacarmış Qazaxıstan Xəzər şelfinin ehtiyatları sayəsində 2015-ci ilədək neft hasilatını üçqat artırmaq niyyətindədir.
QƏRBİ QAZAXISTAN-ÇİN NEFT KƏMƏRİNİN QAZAXISTAN HİSSƏSİNDƏ LAYİHƏ-AXTARIŞ İŞLƏRİ TAMAMLANIB
BAKI.02.04.2004.MEDİA-PRESS:
Qazaxıstan-Çin neft kəmərinin qazaxıstan hissəsində layihə-axtarış işləri tamamlanıb. Çin Milli Neft şirkətinin (ÇMNŞ) vitse-prezidenti U Yaoven prezident Nursultan Nazarbayevlə görüşündə belə deyib.
Qərbi Qazaxıstan-Çin neft kəmərinin çəkilişi bu ölkənin ixrac imkanlarını daha da artıracaq. İlkin hesablamalara görə , kəmərin illik gücü 50 milyon ton olacaq.
Dünyanın ən böyük neft şirkətlərindən sayılan ÇMNŞ Qazaxıstandakı investisiya fəaliyyətinə 1997-ci ildə başlayıb və elə o zaman "AktobeMunayQaz" ASC-nin səhmlərinin 60,3 faizini satın alıb.Çin şirkəti indiyədək qazaxıstan iqtisadiyyatına $1 milyarddan artıq sərmayə qoyub.
MOSKVA ÜMİD EDİR Kİ, XƏZƏR "BEŞLİYİ" XİN BAŞÇILARININ GÖRÜŞÜ XƏZƏR DANIŞIQLARINDA İRƏLİLƏYİŞƏ SƏBƏB OLACAQ
BAKI.02.04.2004.MEDİA-PRESS:
Rusiya ümid edir ki, RF, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan Xarici İşlər Nazirlərinin ( XİN) Moskva görüşü ( 6 aprel ) Xəzərdə əməkdaşlığa dair danışıqlar prosesində irəliləyişə gətirəcək.
"Gözləmək olar ki, nazirlərin Moskva görüşü xəzər üzrə danışıqlar prosesinə əlavə təkan verəcək". RF XİN-nin rəsmisi Aleksandr Yakovenko "İnterfaks" agentliyinə belə deyib. Onun fikrincə," başlıca ümumi məqsəd budur ki, Xəzər sülh, sabitlik, mehriban qonşuluq və möhkəmlənən əməkdaşlıq regionu olsun".
O "nazirlərin Xəzər üzrə 2-ci sammitə hazırlıq məsələsinə baxacaqlarını" bildirərək qeyd edib ki,hələ 2000-ci ilin aprelində Aşqabadda Xəzər üzrə ilk zirvə toplantısında prezidentlər görüşlərinə daimi səciyyə vermək razılığına gəlmişdilər.
Yakovenko İranın Xəzər məsələsinin yüksək səviyyədə növbəti müzakirələrinin Tehranda keçirilməsini təklif etdiyini bildirərək deyib ki, nazirlər " beynəlxalq terrorizmə və başqa yeni təhlükələrə qarşı mübarizədə xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi" məsləsini də müzakirə edəcəklər.
Moskvada nazirlər Xəzərin hüquqi statusu haqqında Müahidənamənin (Konvensiyanın) işlənməsi üzrə danışıqların və bu dənizdə ayrı fəaliyyət növləri ( yeraltı sərvətlərdən istifadə, təbiətin qorunması, balıq ovu, hidrometeorologiya , gəmiçilik ) üzrə əməkdaşlıq sazişlərinin hazırlanmasının gedişini də təhlil edəcəklər.
Rusiya diplomatı deyib" Rusiya xarici siyasətində Xəzər regionuna mühüm yer ayırır. Biz xəzəryanı ölkələrlə yaranmış mehribanqonşuluq münasibətlərimizi əziz tuturuq, gələcəkdə bu münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda daha da inkişaf etdirmək əzmindəyik".
İKİ AYDA DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ ÜZRƏ PROQNOZ 95,7% YERİNƏ YETİRİLİB
BAKI.02.04.2004.MEDİA-PRESS:
Bu ilin ilk iki ayında Azərbaycan dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 95,7% yerinə yetirilib. Bu dövrdə büdcənin gəliri- 889,6 milyard, çıxarı -700,2 milyard manat (4925man.=1$) təşkil edib. Büdcə xərcləri üzrə proqnoz-73,6% icra edilib. Profisit ( gəlirlə xərc arasındakı fərq) isə-189,4 milyard manat olub.
Büdcə vəsaitlərinin 18 %- təhsilə, 23,7%- sosial mudafiəyə və sosial təminata, 12,8%- iqtisadiyyatın inkişafına, 12,6%- məhkəmə, hüquq-mühafizə, prokurorluq və xususi xidmət orqanlarının saxlanmasına, 3,2 %- səhiyyəyə, habelə 2,6 % - mədəniyyət, incəsənət, KİV və dini təşkilatlarla işə ayrılıb.
Lakin bəzi dövlət orqanları bu vəsaitləri tam mənimsəyə bilməyib. Beləki, təhsil üzrə xərclər cəmisi -64,8%, hüquq-mühafizə, prokurorluq, məhkəmə və xüsusi xidmət orqanları üzrə -85,5%, iqtisadiyyat üzrə -53,4%, sosial ehtiyaclar üzrə- 107,7% təmin edilib.
Vergilər nazirliyi büdcə mədaxilinin -69,5 faizini (618,5 milyard manat), Dövlət Gömrük komitəsi -19,2 faizini (170,9 mlrd. man.), qalan mənbələ isə -11,3 faizini təmin ediblər.
2004-cü il proqnozuna görə, dövlət büdcəsinin mədaxil və məxarici 10% artacaq, büdcə kəsiri ümumi daxili məhsulun (ÜDM) 0,7 faizi həcmində planlaşdırılır. ÜDM 9% artmalıdır. Beləliklə,dövlət büdcəsinin gəlirləri -6,7-6,8 trilyon, ÜDM-in həcmi isə-37,3 trilyon manat təşkil etməlidir.
AZƏRBAYCANIN BAŞ NAZİRİ BELARUSUN "ATLANT" QSC-NİN MÜTƏXƏSSİSLƏRİNİ SOYUDUCULAR ÜÇÜN AVADANLIQ İSTEHSALININ BƏRPASINDA İŞTİRAKA DƏVƏT EDİB
BAKI.02.04.2004.MEDİA-PRESS:
Azərbaycanın baş naziri Artur Rasizadə deyib ki , respublikamız Belarusun "Atlant" QSC ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. "Atlant"la tanışlıqdan və Səhmdar cəmiyyətinin rəhbərliyi ilə danışıqlardan sonra bu bəyanatı verən baş nazir belarus şirkətinin beynəlxalq aləmdəki nüfuzunu nəzərə alaraq, müəssisənin mütəxəssislərini Azərbaycanda soyuducular avadanlığının bərpası üzrə layihələrdə iştiraka çağırıb.
"Atlant"ın baş direktoru Viktor Şumilo Bakı soyudcular zavodunda vəziyyəti öyrənmək və biznes-planın tərtibi üçün mütəxəssislər göndərməyə hazır olduğunu bildirib.
A.Rasizadənin Minsk görüşündə "Atlant"ın Azərbaycanda diler şəbəkəsinin olduğu, lakin ildə yalnız 2 min ədəd soyuducunun satıldığı qeyd olunaraq, vurğulanıb ki. Belarus və Azərbaycan arasında bağlanmış azad ticarətə dair hökumətlərarası saziş ixracı artrmağa kömək edəcək.
Minsk Soyuducular zavodu,Məişət texnikası zavodu, Baranoviçi dəzgahqayırma zavodu "Atlant" Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir. Şirkət məişət soyuducuları, ticarət obyektləri üçün buz dolabları və şaquli soyuducular, məişət soyuducuları üçün kompressorlar, plastik kütlələrin emalı üçün texnoloji komplekslər, konveyer sistemləri, paltaryuyan maşınlar istehsal edir. Burada hər 17 saniyə ərzində bir soyulucu, hər 7 saniyədə -1 motor-kompressor axın xəttindən düşürülür. Şirkət 2003-cü ildə 897 min soyuducu,1 milyon 970 min kompressor istehsal edib
<<< <<<