rus || eng


İRAN XƏZƏR MƏSƏLƏSİNDƏ BİRTƏRƏFLİ VƏ FİTNƏKAR ADDIMLARDAN ÇƏKİNDİRİR

BAKI.30.04.2004.MEDİA-PRESS: İran hələ də Xəzərin karbohidrogen ehtiyatlarından ya kondominium (müştərək), ya da dənizin sahilyanı ölkələrdən hər birinə 20% verilməsi prinsiplərinə uyğun istifadə olunmasında təkid etməkdədir. Astanada "Xəzər:siyasət, iqtisadiyyat, biznes-2004" beynəlxalq forumunda bu bəyanatla çıxış edən İranın Qazaxıstandakı səfiri Mortəza Səfərinin sözlərinə görə, hələ bu yaxınlaradək yalnız balıq və xavyar (kürü) mənbəyi sayılan Xəzər dənizi bu gün yalnız neft-qaz istixracı baxımından deyil,həm də regional təhlükəsizliyin qorunması yönümündən nəzərdən keçirilməkdədir. Odur ki, İran "mehribanqonşuluq münasibətlərinə zidd olan birtərəfli və fitnəkar addımlardan çəkinməyə" çağırır. İran ümidvardır ki, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın qəbulu sahilyanı dövlətlərin hamısının mənafeinə cavab verəcək.
Murtəza Səfəri qeyd edib ki, sahilyanı dövlətlərin Xəzərin ekoloji standartları məsələlərini həll etmələri zərurətdir.Əks halda bu dövlətlərin təhlükəsizliyi böyük qorxu altına düşərdi.


VİKTOR KALYUJNI: XƏZƏRDƏ İŞLƏYƏRKƏN DƏNİZƏ ZİYAN VURMAMAQ PRİNSİPİNƏ ƏMƏL OLUNMALIDIR

BAKI.30.04.2004.MEDİA-PRESS: Sahilyanı dövlətlərin beynəlxalq hüquq nizamında uğur qazanmasından və ya uğursuzluğundan asılı olmayaraq, Xəzərdə həyat və işlər davam edir.Bu həqiqət Xəzərdə fəaliyyət göstərən hər bir subyektin- dövlət orqanının və özəl şirkətin, çiyinlərinə xüsusi məsuliyyət yükü düşür.
Astanada "Xəzər: siyasət, iqtisadiyyat, biznes-2004" beynəlxalq forumunda bu fikrini bəyan edən Rusiya prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnının sözlərinə görə,nə qədər ki, ümumi norma və prinsiplər hazırlanmayıb, subyektlərdən hər biri qalanların qanuni mənafelərinə hörmətə, ən başlıcası isə, ümumi sərvət sayılan Xəzərə və onun təbii mühitinə ziyan vurmamağa əsaslanan davranış qaydalarına könüllü riayət etməlidir.


RUSİYA XƏZƏRDƏ BALIQ OVU ÜÇÜIN ZONALAR MÜƏYYƏNLƏŞDİRİLMƏSİNİN ƏLEYHİNƏDİR

BAKI.30.04.2004.MEDİA-PRESS: Rusiya Xəzərdə balıq ovçuluğu zonalırı müəyyənləşdirilməsini istəmir. Astanada "Xəzər: siyasət, iqtisadiyyat, biznes-2004" ilk beynəlxalq forumda belə bəyanat vermiş RF prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnının sözlərinə görə, sahilyanı dövlətlərin balıq ovu üçün zonalar müəyyənləşdirəcəkləri halda dənizin bioehtiyatlarına "ciddi zərbə" vurulacaq.
Milli zonalarda qanunsuz balıq ovçuluğuna qarşı mübarizə aparmağın daha asan olması fikri ilə razılaşmayan Kalyujnı deyib:"Tək əldən səs çıxmaz. Birgə fəaliyyətimiz daha səmərəli olardı. Əgər indi biz hamılıqla qanunsuz balıq ovçularının öhdəsindən gələ bilmiriksə, zonaların da köməyi dəyməyəcək. Çünki balıq ovu zonalarının müəyyənləşdirilməsi balıqçılıq təsərrüfatı fəaliyyətinin birgə tənzimlənməsinin səmərəsini, deməli, bioehtiyatların müntəzəm bərpası imkanlarını azaldacaq. Rusiya öz mövqeində düzəlişlər edərək, Xəzərdə 15 mil enində sahilyanı zonalar (zolaqlar) müəyyyənləşdirməyi təklif edib.Dövlətlər bu zonalarında balıq ovu məsələsində müstəsna hüquqlara malik olacaqlar.Ancaq 15 mildən o yana keçmək olmaz. İnanın ki, mənim suya yox, balıqlara heyfim gəlir". Sitatın sonu.


EP-300 ENERJİ QURĞUSU SUMQAYIT KİMYA KOMBİNATININ ELEKTRİK ENERJİSİNƏ TƏLƏBATININ 50 FAİZİNİ ÖDƏYİR

BAKI.30.04.2004.MEDİA-PRESS: EP-300 (Etilen-propilen ) buxar-qaz qurğusunun işə düşməsi sayəsində "Azərkimya" dövlət şirkəti (DŞ) Sumqayıtın kimya kompleksinin (KK) elektrik enerjisinə tələbatını -50 %, buxara tələbatını isə -100% təmin edir.
DŞ prezidenti Fikrət Sadıxovun mətbuat konfransında bu barədə verdiyi məlumata görə, enerji qurğusunun gücü - 32 meqavat, buxar istehsalı isə- saatda 480 tondur. Ancaq şəhərin kimya müəssisələrinin normal işləməsi üçün 50 MVt enerji tələb olunduğu üçün, DŞ Barmek Azerbaijan-dan əlavə elektrik enerjisi almağa məcburdur. 1Kvt enerji hasilinə buxar generatoru 128 qram şərti yanacaq işlədir və bu, bizə 80 manata başa gəlir. Ancaq enerjini kənardan alanda bir kilovata 150 manat (4919 manat = 1$) ödəməli oluruq.
Sadıxov deyib ki, EP-300 qurğusu ildə 300 min ton etilen-propilen istesal də bilər. Ancaq bu il yalnız 80 min ton buraxacağıq. Çətinliyimiz texnoloji dövriyyə ilə bağlıdır. EP-300 tikilərkən texnoloji xətt sibir neftinə hesablanmışdı. Ancaq indi müəssisə öz tərkibi ilə sibir neftindən fərqlənən azərbaycan nefti işlədir.


"AZƏRKİMYA" "NİÇİMEN" YAPON BANKINA BORCUNU ÖDƏYİB

BAKI.30.04.2004.MEDİA-PRESS: "Azərkimya" dövlət şirkəti (DŞ) Sumqayıt EP-300 (etilen-propilen -300) buxar-qaz qurğusunun tikintisi üçün Yaponiyanın "Niçimen" bankından aldığı krediti tam ödəyib.
DŞ prezidenti Fikrət Sadıxov mətbuat konfransında bu haqda məlumatında qeyd edib ki, " qalır bizim yaponiya "Eksimbank"ından aldığımız krediti qaytarmağımız . İndi bizim banka borcumuz $66 milyondur. İyulda onun $5,2 milyonunu qaytaracağıq". "Eksimbank"ın krediti 2011-ci ilədək qaytarılmalıdır. Qeyd edək ki, EP-300 qurğusunun tikintisi üçün alınmış kreditin ümumi məbləği -$86 milyondur.


"AZƏRKİMYA" MÜƏSSİSƏLƏRİ 3 AYDA 122 MİLYARD MANATLIQ MƏHSUL BURAXIB

BAKI.30.04.2004.MEDİA-PRESS: Bu ilin 3 ayında "Azərkimya" dövlət şirkəti (DŞ) müəssisələri 122 milyard manatlıq ( 4919 manat = 1$) məhsul buraxıb və keçən illə müqayisədə istehsalı 12% artırıb.
Bu haqda mətbuat konfransında məlumat verən DŞ prezidenti Fikrət Sadıxovun sözlərinə görə, "Azərkimya"-da 8 minə yaxın adam çalışır. Bu il daha 500 iş yeri açmalıyıq. DŞ işinin rentabelliyi 5-6 faizdir.
Prezident keçən il dövlətin "Azərkimya"ya verdiyi 150 milyon manat həcmində vəsaitin birbaşa qovulan benzinin alınmasına xərcləndiyini, bir ton belə benzinin qiymətinin təqribən 760 min manat olduğunu , lakin həmin subsidiya sayəsində hər tona görə yalnız 300 min manat ödəndiyini deyib.
İstehsalın genişləndirilməsindən danışan prezident yenidən kauçuk və etilbenzol buraxılışına başlanacağını, daxili imkanlar hesabına azərbaycan rayonlarında, xüsusən də suvarma üçün polietilen və plastik boruların daha çox işlədildiyi yerlərdə, müvafiq sexlər açılacağını dedi.
F. Sadıxovun sözlərinə görə, 3 min ton qələvini çıxmaqla ,DŞ anbarlarındakı məhsulun hamısı satılıb. Bütün məhsullara tələbat böükdür. Qələvinin satılmamasına gəldikdə isə, buna səbəb Rusiyadan gətirilən məhsulun daha ucuz olmasıdır. Əcər Rusiyadan gətirilən qələviyə əlavə dəyər vergisi tətbiq olunarsa, bu halda yerli məhsul da onunla rəqabətə girə bilər.


"AZƏRKİMYA" - SC OLACAQ

BAKI.30.04.2004.MEDİA-PRESS: Bu il "Azərkimya" dövlət şirkəti (DŞ ) Səhmdar cəmiyyətə (SC) çevriləcək. Mətbuat konfransında bu faktı açıqlayan DŞ prezidenti Fikrət Sadıxov respublikanın kimya sənayesinə fransız, italyan, yapon və israil şirkətlərinin maraq göstərdiklərini, lakin sərmayə qoymağa hələ cürət etmədiklərini deyərək, bunu "Azərkimya"nın dövlət şirkəti olması ilə əlaqələndirib.
F.Sadıxov DŞ-nin statusunu dəyişərək SC-yə keçməsindən sonra,əcnəbi şirkətlərin də azarbaycan kimyaçıları ilə əməkdaşlıq edə biləcəklərini vurğulayaraq deyib:" Azərbaycanın kimya sənayesinə maya qoymaq olduqca faydalıdır, Ona görə ki, bizim həm yaxşı mütəxəssislərimiz, həm də lazımi təbii ehtiyatlarımız var ".


BİRİNCİ RÜBDƏ DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN BÜDCƏYƏ 3,5 MİLYARD MANAT DAXİL OLUB

BAKI.30.04.2004.MEDİA-PRESS: 2004-cü ilin 1-ci rübündə dövlət əmlakının icarəsi prosesində respublika Dövlət büdcəsinə 3,5 milyard manat köçürülüb. İqtisadi İnkişaf nazirliyində (İİN) Media-Pressə verilən məlumata görə, bu maddə üzrə daxilolmalar barədə proqnoz 29% artıqlaması ilə yerinə yetirilib. Bu müddətdə 146 yeni saziş imzalanıb və 70 müqavilənin müddəti uzadılıb.
Nazirliyin Dövlət əmlakının idarəsi və özəlləşdirilməsi Departamenti qeyri-yaşayış sahələrinin icarə şərtlərinin yerinə yetirilməsini yoxlamaq və dövlət əmlakından qanunsuz istifadənin qarşısını almaq məqsədi ilə aktları tutuşdurur. Nəticədə 349 icarədarın dövlət büdcəsinə borclu qaldıqları aşkarlanıb. Onların hamısı rəsmi xəbərdarlıq alıb. İndiyədək bəzi icarədarlar borclarından büdcəyə üst-üstə 304,6 milyon köçürüblər.
İndiyədək Azərbaycanda dövlət əmlakının icarəsinə dair 28 mindən artıq saziş bağlanıb və bu maddə üzrə dövlət büdcəsinə 85 milyard manat ( 4919 manat = 1$) daxil olub.


İSLAM İNKİŞAF BANKI ( İİB) İRRİQASİYA LAYİHƏSİNİN REALLAŞMASI ÜÇÜN AZƏRBAYCANA $10 MİLYON AYIRACAQ

BAKI.30.04.2004.MEDİA-PRESS: İİB Samur-Abşeron suvarma kanalının bir hissəsinin tikintisi layihəsinin başa çatdırılması məqəsədi ilə Azərbaycana $10 milyon vəsait ayıracaq. İqtisadi İnkişaf nazirliyində (İİN) Media-Pressə məlumat veriblər ki, bu barədə Memorandum İİB mütəxəssislərinin Bakıya səfəri gedişində imzalanıb.
Layihənin ümüi dəyəri $42,5 milyondur. Ehtimal var ki, layihənin reallaşmasına Səudiyyə İnkişaf Fondu - $18 milyon, OPEK Fondu- $8 milyon ayırsın. Layihədə azərbaycan hökumətinin də payı var - $6,5 milyon.


ABŞ AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFINA $300 MİN AYIRIB

BAKI.30.04.2004.MEDİA-PRESS: ABŞ Azərbaycanda turizmin inkişafına $300 min ayırıb. Bakıda imzalanmış saziş respblikada turizm sənayesinin inkişaf planının tərtibini nəzərdə tutur.
Gənclər, idman və turizm nazirliyi məlumat verib ki, tərtibatçı Amerika Dövlət Departamentinin qurumu olan Ticarət və İnkişaf agentliyi ilə birlikdə və amerika şirkətlərinin də iştirak edəcəyi tenderdə müəyyənləşəcək.
Azərbaycanda turizmin inkişaf imkanlarını araşdırmış amerikalı ekspertlər bu sahədə ölkəmizin böyük imkanları olduğunu qeyd edirlər. Təsadüfi deyil ki, 11 iqlim qurşağından 9-nun yerləşdiyi Azərbaycan hələ SSRİ dövründə ümumittifaq əhəmiyyətli sağlamlıq və istirahət zonası sayılırdı.
Son 5 ildə respublikada turizm infrastrukturunun inkişafı üzrə bir sıra tədbirlər görülüb. Məsələn, Bakıda bir neçə yüksək səviyyəli mehmanxana ucaldılıb, respublikanın regionlarında beynəlxalq tələblərə cavab verən istirahət zonaları yaradılıb.
Azərbaycanda turizmin inkişafına yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət verilir və bu, ölkədə yoxsulluğun azaldılmasına dair dövlət proqramının tərkib hissəsi olacaq.


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA ŞURASININ FƏXRİ ÜZVÜ MEDALINA LAYİQ GÖRÜLÜB

BAKI.30.04.2004.MEDİA-PRESS: Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) keçirildiyi Strasburqda AŞ PA prezidenti Piter Şider azərbaycan prezidenti İlham Əliyevə "Avropa Şurasının fəxri üzvü" medalını təqdim edib.
Mükafatın təqdimatı mərasimində Şider qeyd edib ki, azərbaycan prezidenti AŞ tarixində ikinci şəxsiyyətdir ki, bu mükafata layiq görülür. Onun sözlərinə görə, İlham Əliyev Avropa Şurası ilə "fəal əməkdaşlığı müqabilində" bu medalın sahibi olub.


CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ PREZİDENTLƏRİ REGİONUN PROBLEMLƏRİNİ AVROPA İQTİSADİ FORUMUNDA MÜZAKİRƏ EDİBLƏR

BAKI.30.04.2004.MEDİA-PRESS: Azərbaycan, Gürcüstan və Ermənistan prezidentləri öz dövlətlərinin iqtisadiyyatlarını Avropa İttifaqının (Aİ) standartlarına uyğunlaşdırmaq üçün ölkələrində zəruri islahatlar aparmaq əzmindədirlər.
Varşavada Avropa İqtisadi forumunda keçirilmiş Qafqaz regionu problemləri üzrə seminarda çıxış edən prezidentlər İlham Əliyev, Mixail Saakaşvili və Robert Köçəryan bu niyyətdə olduqlarını bildiriblər.
Cənubi Qafqazın bu üç rəhbəri ölkələrində həyata keçirdikləri təbəddülat və planlardan danışıblar. Seminar iştirakçılarının suallarını cavablandıran M.Saakaşvili birmənalı deyib ki, Gürcüstanın yaxın gələcəkdə Aİ-yə daxil olcağına ümidlidir. Sitat:" Mən təzəlikcə Brüsseldə oldum və düşünürəm ki, bu arzum çoxlarının gözlədiyindən daha tez gerçəkləşə bilər."
İ.Əliyev öz növbəsində xatırladıb ki, Azərbaycan beynəlxalq qurumlara və dünya iqtisadiyyatına inteqrasiya barədə "strateji qərarı"nı hələ 1993-cü ildə verib.
Ölkəsinin Birləşmiş Avropaya daxil olması məsələsinə bu qurumun tezliklə baxacağına inanmadığını deyən Köçəryan , əlavə edib ki, " əgər Ermənistan Aİ standartlarına cavab verərsə, bu, Avropanı onun ölkəsinə yaxınlaşdırar".
Seminarda Dağlıq Qarabağ ətrafında münaqişəyə də toxunulub. Məsələnin həlli yolları barədə mövqeini bildirən İ.Əliyev qeyd edib ki, münaqişə beynəlxalq hüquq əsasında həll edilməlidir. O vurğulayıb ki, Azərbaycan "hər yerdə ərazi bütövlüyünə hörmət bəsləyir və ona də belə yanaşılacağına" ümid bəsləyir.
R.Köçəryan da diqqəti buna yönəldib ki, Sovet İttifaqında bəzən sərhədlər elə müəyyənləşdirilirdi ki, yerlərdə münaqişələr güclənsin və bununla da mərkəzi hakimiyyət möhkəmlənsin. " Mən Azərbaycanın mövqeini başa düşürəm və zənnimcə, münaqişənin tənzimlənməsi yolu dincliklə ayrılmaqdır". Köçəryan belə deyib.


AZƏRBAYCA PREZİDENTİ ERMƏNİSTANLA MÜNAQİŞƏNİN MƏRHƏLƏLİ HƏLLİNƏ TƏRƏFDARDIR

BAKI.30.04.2004.MEDİA-PRESS: "Azərbaycan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın itirilməsi ilə heç zaman barışmayacaq." Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA ) yaz sessiyasındakı çıxışında bu qətiyyətini iştirakçılara bəyan edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Ermənistan "Azərbaycanın tərkib hissəsi olan və olaraq qalan Dağlıq Qarabağdan savayı azərbaycan ərazisinin bəzi ayrı rayonlarını da işğalı altında saxlayır. Ermənistanla münaqişənin mərhələli həllinə tərəfdar çıxdığını bildirən İlham Əliyev deyib: " Ermənistanın Azərbaycanda işğal etdiyi və Dağlıq Qarabağa aidiyyəti olmayan 7 rayondan qoşunlarını çıxarması" məsələnin belə həlli yolunda ilk addım olardı.
Belə təşəbbüsün etimadın möhkəmləndirilməsi yolunda mühüm addım ola biləcəyini vurğulayan İ.Əliyev qeyd edib ki, bu ideya artıq AP-da və onun sair qurumlarında müzakirə olunub və bəyənilib.
Azərbaycan prezidenti sonra deyib:" Avropa Şurası ölkələrindən birinin elə həmin Şuraya üzv olan başqa bir ölkənin ərazisini işğal etməsi yolverilməzdir. Ermənistan bu rayonlardan nə iqtisadi , nə də mənəvi baxımdan heç nə qazanmır. Əksinə, beynəlxalq aləmdə Ermənistanın nüfuzuna yalnız ziyan vurur. Deyəsən, bunu ermənistan rəhbərləri də anlamağa başlayırlar".
İ.Əliyev bununla yanaşı birmənalı bəyan edib ki, erməni qoşunlarının bu rayonlardan çıxarılması məsələsi öz həllini tapmayınca, Azərbaycan Ermənistanla regional iqtisadi əməkdaşlığa getməyəcək. Sitat:" Azərbaycan onun ərazisinin bir hissəsini işğal altında saxlayan bir ölkə ilə əməkdaşlıq edə bilməz".
AŞ PA sessiyasındakı çıxışından sonra mətbuat konfransında iştirak edən azərbaycan prezidenti ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun vasitəçilik fəaliyyətinə toxunarkən vurğulayıb ki, bu qrupun həmsədrləri kimi, Rusiya,ABŞ və Fransa " öz xüsusi rolunu oynamalıdır". Sitat:"Biz ümid edirik ki, onlar bu istiqamətdəki fəaliyyətlərini artıracaqlar".
İlham Əliyev deyib ki, Minsk qrupu çərçivəsində Rusiyanın xüsusi rolu var və bu rolu müəyyənləşdirən təkcə onun coğrafi mövqei deyil. Rusiyanın həm Azərbaycanla,həm də Ermənistanla yaxşı münasibətləri var. Bir də münaqişəli vəziyyətlərin həllində vasitəçilik rolu Moskvaya yaxşı tanışdır.
AŞ PA və Aİ-nin də münaqişənin həllinə yardımçı olacaqlarına ümid bəsləyən İ.Əliyev məlumat verib ki, hal-hazırda AŞ PA Siyasi Komissiyası ermənistan-azərbaycan münaqişəsi həqqında məruzə üzərində işləyir. Məruzədə azərbaycan ərazisinin bir hissəsini işğal etmiş bir ölkə kimi, Ermənistanın statusu sənədlərlə təsbit olunacaq.
İ.Əliyev deyib ki, Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, azərbaycan ərazisinin bir hissəsini işğal etməsi nəticəsində respublikanın 8-milyonluq əhalisinin bir milyonunun qaçqın və məcburi köçkünə çevrilməsi də ölkəmizin iqtisadiyyatına ağır yükdür.


STRATFOR ARAŞDIRMALAR MƏRKƏZİ ERMƏNİSTAN BARƏDƏ: ABŞ-IN TƏRƏFDAŞINA QALİB GƏLMƏK İSTƏYİRSƏNSƏ, ABŞ-IN TƏRƏFDAŞI OL

BAKI.30.04.2004.MEDİA-PRESS: ABŞ-ın STRATFOR (Strategic forecast) Araşdırmalar Mərkəzi "Keçmiş Sovet İttifaqı uğrunda savaş : Ermənistanı öz tərəfinə çəkmək üçün"(Battle for the FSU: Wooing Armenia) başlıqlı material dərc edib.
Mərkəzin ekspertləri bu qənaətə gəliblər ki, ABŞ Cənubi Qafqazın aparıcı oyunçusu rolunda möhkəmlənməkdədir. Bunun tam gerçəkləşməsi üçün isə, gərək Vaşinqton Ermənistanı da öz tərəfinə çəksin. Çünki Azərbaycan və Gürcüstan amerika mehvərinə sədaqətlərini artıq bəyan ediblər.
Ancaq, Yerevan hələ də Rusiyanın strateji tərəfdaşıdır, İranla sıx iqtisadi və siyasi münasibətlər saxlayır. STRATFOR-a görə , " İran və Ermənistanı birləşdirən amil ABŞ-ın regiondakı tərəfdaşı olan Türkiyə ilə onların qarşılıqlı münasibətlərinin mürəkkəb olmasıdır. ABŞ Ermənistanı küncə sıxmaq üçün, mümkün olanı edəcək və onda erməni dəyərlərinə yenidən baxmağın bu respublika üçün alternativi qalmayacaq".
"Ermənistan qonşu Azərbaycanın ərazilərini tutub və açıq-aşkar göstərir ki, oranı tərk etməyə hazırlaşmır. Ancaq ABŞ-ın tərəfdaşına qalib gəlmək, yalnız ABŞ-ın tərəfdaşına çevrilməklə mümkündür!" Sitatın sonu. Bununla belə, STRATFOR Ermənistanın yaxın gələcəkdə öz xarici siyasət dəyərlərini kəskin dəyişəcəyini gözləmir, çünki "onu Rusiya ilə möhkəm tarixi və mədəni tellər birləşdirir". Mərkəzin təhlilçilərinə görə, "buna baxmayaraq, Ermənistanın "ram edilməsi" yerinə yetirilə bilən vəzifədir və uzaq gələcəkdə Birləşmiş Ştatların diplomvatik Baş idarələrinin fəal və zəhmətli işi sayəsində bunun öhdəsindən gəlinəcək".
Əlamətdar haldır ki, bu iş üçün Vaşinqton ən real zəmin hazırlayır. Yerevanda ABŞ səfirliyinin yeni əzəmətli binasının tikintisi davam edir. ABŞ-ın dünyada ən böyük diplomatik nümayəndəliyi adına namizəd olan ( yaxınlarda belə bir xəbər gözə çarpdı ki, Ermənistandakı səfirlik öz miqyasına görə hər halda ABŞ-ın İraqdakı diplomatik missiyasından geri qalacaq) binanın inşasına Vaşinqton təqribən $ 80 milyon xərcləyəcək. Binanın yeri üçün ermənistan hökumətinə $ 5 milyon ödənilib.
Yerevan su anbarının sahilində ucaldılacaq bu nəhəng tikinti ən mürəkkəb yeraltı kommunikasiya xətləri və ən yeni mühafizə sistemi ilə təchiz olunacaq.


PREZİDENT İ. ƏLİYEV: AZƏRBAYCAN NEFTİNİN BAKI-NOVOROSSİYSK MARŞRUTU İLƏ İXRACI OPTİMALLAŞDIRILMALIDIR

BAKI.30.04.2004.MEDİA-PRESS: Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə ixracı optimal olmalıdır. AŞ PA sessiyasında iştirak məqsədi ilə Strasburqa gəlmiş və orada mətbuat konfransında belə bəyanatla çıxış edən azərbaycan prezidenti İlham Əliyev xatırladıb ki, hazırda bu mrşrutla ildə 2,5 milyon ton neft ixrac edilir və daha 6 milyon ton neft Bakı-Supsa kəməri ilə daşınır. Prezident izah edib ki, söhbət azərbaycan dövlət neft şirkətinin çıxardığı neftdən gedir və bunun respublika ərazisində işləyən xarici şirkətlərin ixrac etdikləri yanacağa aidiyyəti yoxdur.
İ.Əliyevin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan kəməri işə düşdükdən sonra Azərbaycanın ixrac imkanları ildə 50 milyon tona yüksələcək. Prezident deyib:" Ancaq bu heç də o demək deyildir ki, biz Bakı-Novorossiysk kəmərindən istifadədən imtina edəcəyik. Sadəcə, bu istiqamətdə işlərin "optimallaşdırılmısına ehtiyac var".
İ.Əliyev məlumat verib ki, hazırda bizim Rusiya ilə birgə işçi qrupumuz azərbaycan neftinin novorossiysk marşrutu ilə daha münasib ixrac şərtlərini nəzərdən keçirməkdədir.


AZƏRBAYCAN TƏKLİF EDİB Kİ, XƏZƏRİN STATUSU LAYİHƏSİ RUSİYA VƏ QAZAXISTANLA SAZİŞLƏR ƏSASINDA HAZIRLANSIN

BAKI.30.04.2004.MEDİA-PRESS: Azərbaycan XİN müavini Xələf Xələfov Xəzər dənizi dibinin sərhədlərə bölünməsi barədə Rusiya, Azərbaycan və Qazaxıstan arasındakı sazişlərin prisiplərinin indi işlənməkdə olan Xəzərin hüquqi statusu layihəsinin əsası kimi götürülməsini zəruri sayır. O,Astanada "Xəzər: siyasət, iqtisadiyyat, biznes" beynəlxalq forumunda bu təklifi irəli sürərək həm iki, həm də çoxtərəfli danışıqları faydalı adlandırmaqla yanaşı, Azərbaycanın Türkmənistan və İranla da danışıqları davam etdirmək niyyətini bir daha təsdiqləyib.
Ekoloji problemlərin həllinə xəzəryanı dövlətlərin hamısının oxşar mövqeindən razılığını gizlətməyən X.Xələfov vurğulayıb ki, Azərbaycan Xəzərdən yalnız dinc məqsədlərlə istifadə olunmasına və dənizin hərbiləşdirilməsinin yolverilməzliyinə tərəfdardır.
Tehranda keçiriləcək II Xəzər sammitinə toxunan X.Xələfov bu fikirdə olduğunu bildirib ki, əvvəlcə həll edilməmiş qalan prinsipial mahiyyətli məsələlər işlənməlidir.


QAZAXISTAN NEFT-QAZ YATAQLARININ İŞLƏNMƏSİNƏ $13,5 MİLYARD XARİCİ SƏRMAYƏ CƏLB EDİB

BAKI.30.04.2004.MEDİA-PRESS: Qazaxıstan müstəqilliyi illərində neft-qaz yataqlarının işlənməsinə $13,5 milyard həcmində xarici sərmayə cəlb edib. Astanada "Xəzər: siyasət, iqtisadiyyat, biznes-2004" beynəlxalq forumunda bu faktları açıqlayan İqtisadiyyat və Büdcə planlaşdırması nazirinin müavini Kayrat Aytekenovun sözlərinə görə,investisiyaların ümumi həcminin 50 faizindən çoxu son 3 ildə cəlb edilib. Bu zaman neft-qaz yataqlarının işlənməsində xarici investisiyaların xalis çəkisi ümumi həcmin orta hesabla 50 faizini təşkil edib. Nazir müavini deyib ki, Xəzərdə neft istixracının inkişaf etdirilməsi uzaq gələcəkdə ölkənin iqtisadi artımının başlıca amillərindən biri olacaq. Dövlət büdcəsi gəlirlərinin təqribən 26 faizi neft-qaz bölməsinin payına düşür. Eyni zamanda hökumətin maliyyə ehtiyatları neft ixracından alınan gəlir hesabına formalaşır.
Qazaxıstan Energetika və Mineral ehtiyatlar nazirinin müavini Ləzzət Kiinovun sözlərinə görə, Xəzərin qazaxıstan bölməsinin mənimsənilməsi proqramının gerçəkləşməsi üçün $28-30 milyard həcmində investisiya tələb olunur. Bu ərazi 3 mərhələdə mənimsənilməlidir:
- ilk mərhələdə (2005-ci ilədək) lisenziyalı bloklarda işləri və tenderli bloklar üzrə danışıqları davam etdirmək, habelə neft əməliyyatlarının ətraf mühitə təsirini kompleks şəkildə qiymətləndirmək, infrastrukturları inkişaf etdirmək və milli personal hazırlamaq;
- ikinci mərhələdə (2005-2010) karbohidrogenlər hasilatının həcmini artırmaq,kəşfiyyat işlərini davam etdirmək və ixrac boru xətlərini istismara vermək:
- üçüncü mərhələdə isə (2011-2015 ) dənizdə istixrac səviyyəsini sabitləşdirmək, karbohidrogenlərin ixracı üçün əlavə qurğuları istifadəyə vermək və təbiətibərpa itşləri görmək planlaşdırılır.
Xəzərin Qazaxıstan sektorunun ehtiyatları 15 milyard ton şərti yanacaq həcmindədir.


QAZAXISTAN NEFTİN CƏNUB İSTİQAMƏTİNDƏ NƏQLİNİ MÜZAKİRƏ EDİR

BAKI.30.04.2004.MEDİA-PRESS: Qazaxıstanda neftin Türkmənistanlan İrana nəqli məsələsi müzakirə olunmaqdadır. Astanada "Xəzər: siyasət, iqtisadiyyat, biznes" beynəlxalq forumunda bu fikrini açıqlayan "NK KazMunayQaz" Səhmdar Cəmiyyətinin (SC) icraçı direktoru Kairgeldı Kabıldinin sözlərinə görə, neftin ilk mərhələdə İranın şimal ostanlarına çatdırılması məsələləri araşdırılır. Sonralar, mübadilə yolu ilə eyni həcmdə nefti Fars körfəzində almağı planlaşdırırıq. Əsaslandırılmış və kafi neft ehtiyatlarımız olarsa, uzaq gələcəkdə Farz körfəzi limanlarınadək boru xətti çəkilməsi də mümkündür. Bu istiqamət , məncə, xəzər neftinin asiya-sakit okean bazarlarına çxarılması üçün iqtisadi baxımdan daha sərfəlidir". SC rəhbəri Kairgeldı Kabıldin belə deyib.


XƏZƏR NEFTİNİ NƏQL EDƏN İLK İRAN TANKERİ HAZIRDIR

BAKI.30.04.2004.MEDİA-PRESS: Aprelin 29-da İranın Neka-Rey neft kəmərinin (xəzər neftinin ödənişli ixracı layihəsi çərçivəsində) rəsmi açılışı mərasimi ilə bir vaxtda Əmirabad limanında, prezident Məhəmməd Hatəminin də iştirakı ilə ilk milli "iran-Neka" tankeri suya salınıb.Su tutumu 4800 ton olan bu tanker xəzəryanı ölkələrin neftini İranın Neka limanına daşıyacaq. Gəminin dəyəri $7 milyondur.
Xəzəryanı ölkələrdən 120-170 min barrel nefti Nekaya daşımaq üçün bu vaxtadək xarici gəmilərdən istifadə olunurdu. İlk iran tankerinin suya salınması ilə neft daşımalarında xarici gəmilərin tədricən əvəzlənməsinə başlanacaq.
Əvəzli ödəniş prinsipi ilə daşınan neftin həcmini gələn il 370 min barrelə çatdırmaq nəzərdə tutulur. Bu qədər nefti daşımaq üçün İran milli tanker donanması ümumi su tutumu 63 min tona çatan 6 tanker sifariş edib.İlk belə tanker 2006-cı ildə hazır olacaq.

<<< <<<