rus || eng


QAZAXISTANIN BTC KƏMƏRİNƏ QOŞULMASINA DAİR DANIŞIQLARIN NÖVBƏTİ MƏRHƏLƏSİ MAYIN AXIRLARINDA OLACAQ

BAKI.05.05.2004.MEDİA-PRESS: Qazaxıstanın Bakı-Tbilisi -Ceyhan əsas ixrac kəmərinə (BTC ƏİK) qoşulmasına dair danışıqların növbəti mərhələsinin mayın sonu, iyunun əvvəlində baş tutacağını jurnalistlərə bildirən bu ölkənin Azərbaycandakı səfiri Andar Şukputov aprelə təyin olunmuş görüşün texniki səbəblərdən keçirilmədiyini deyib.
Səfir qeyd edib ki, danışıqlar hələlik işçi qruplar çərçivəsində aparılacaq və yalnız bütün məsələlər razılaşdırıldıqdan sonra daha yüksək səviyyədə davam etdtriləcək.
Qarşıdakı görüşdə tərəflər qazaxıstan neftinin ƏİK-lə nəqlinə dair hökumətlərarası çərçivə sazişinin hazırlanmasını tamalamalıdır. Sazişi Azərbaycan və Qazaxıstanla yanaşı tranzit ölkəsi kimi Gürcüstan da imzalamalıdır.
Əvvəl danışıqları 2003-cü ilin sonunadək başa vurmaq nəzərdə tutulurdu. Saziş layihəsi hazırlanıb hər iki hökumətin müzakirəsinə verilməli idi. Bu saziş Aktau-Bakı nəqliyyat sisteminin investorları , habelə Azərbaycan və Qazaxıstan hökumətləri arasında imzalandıqdan sonra əlavə tranzit sazişləri də bağlanmalıdır.
Aktau-Bakı sisteminin yaradılması Kurıkda (Aktaudan 76 km. cənub-şərqdə) neftin saxlanması və yola salınması üçün yeni terminalın, habelə birləşdirici boru xətlərinin tikintisini nəzərdə tutur. Beləki, Kurık sistemilə ildə 20 mln. ton neft göndərmək( ilk mərhələdə-7,5 mln. ton) mümkün olacaq. İnvestisiyaların həcmi hökumətlərarası saziş imzalandıqdan sonra müəyyənləşəcək. Yeni sistem 2006-cı ilin axırları üçün ( "Kaşaqan"dan ilk neft alınanda ) tikiləcək. Aktau-Bakı sisteminin idarə olunması üçün ayrıca şirkət yaradılacaq. "Kaşaqan"yatağının işlənməsi layihəsində iştirak edən və BTC Co-da 15 % iştirak payı olan 4 məlum şirkət - ENİ (İtaliya),TotalFinaElf(Fransa), ConocoPhilips (ABŞ) və İnpex (Yaponiya)bu yeni şirkəti maliyyələşdirəcək.
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır.


2004-CÜ İLDƏ QAZAXISTAN 55-57 MİLYON TON NEFT VƏ 16 MİLYARD KUBMETR QAZ ÇIXARACAQ

BAKI.05.05.2004.MEDİA-PRESS: 2004-cü ildə Qazaxıstanda 55-57 milyon ton neft və 16 milyard kubmetr qaz çıxarılması planlaşdırılır. Əsas artım "Tengiz",Karaçaqanak " və "Kumkol" yataqları hesabına əldə ediləcək.
Keçən il Qazaxıstan şirktləri təqribən 52 milyon ton neft və 14 milyard kubmetr qaz hasil ediblər.
Xatırlatma: Qazaxıstanın kəşf olunmuş karbohidrogen ehtiyatları -4 milyard ton neft və 3 trilyon kubmetr qaza bərabərdir. Ehtimallara görə, Xəzərin qazaxıstan sektorunun ehtiyatları 15 milyard ton şərti yanacaq həcmindədir. Gözlənildiyinə görə, 2015-ci ildə ölkədə 170-180 milyon ton karbohidrogen xammalı istehsal oluna bilər.


BAKI EHTİYAT EDİR Kİ, ACARISTAN HADİSƏLƏRİ AZƏRBAYCAN-GÜRCÜSTAN NƏQLİYYAT DƏHLİZİNƏ ETİMADI SARSIDA BİLƏR

BAKI.05.05.2004.MEDİA-PRESS: Acarıstan hadisələri Azərbayca-Gürcüstan nəqliyyat dəhlizinə etimadı sarsıdır. Baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, Tbilisi və Batum arasında nəqliyyat kommunikasıyalarının dağıdılması artıq yük daşımalarının xeyli azalmasına gətirib. Sitat:"Əgər yaxşı vaxtımızda dəmir yolu ilə respublikamızdan Gürcüstana hər gün neft və neft məhsulları dolu 17-18 yük qatarı göndərirdiksə, indi bu say iki dəfə azalıb. Gürcüstanla Acarıstan arasında dəmiryolu rabitəsi bərpa olunmasa, Azərbaycandan bu istiqamətdə yüklərin daşınması iflic vəziyətinə düşə bilər. Gürcüstan istiqamətində hərəkət dayanmasa da, bizdən gedən yük qatarları bu respublikanın dəmir yollarında boşaldılmamış qalır və belə hal çox davam edə bilməz".
Abid Şərifovun sözlərinə görə, tranzit yük daşımaları ilə məşğul olan təşkilatlar üçün müştərilərini itirmək təhlükəsi yaranıb. Bəziləri yüklərini artıq Maxaçqalaya və iran limanlarına istiqamətləndirir.
Azərbaycan- gürcüstan dəhlizindən əsasən qazaxıstan və türkmənistan nefti və neft məhsulları daşınır- ildə 8,2-8,3 milyon ton. Bu yüklərin də çoxu Batuma, cüzi hissəsi isə -Poti limanına yönəldilir. Azərbaycanın öz yüklərinin illik həcmi də az deyil- 2-2,5 milyon ton. Bu yüklərin 90 faizi də neft və neft məhsuludur. A. Şərifov bu qədər yükün Potiyə yönəldilməsini qeyri-mümkün sayır, çünki bu limanın zəruri texniki imkanları yoxdur və iri tutumlu tankerləri qəbul edə bilmir.
Baş nazirin müavininə görə, Gürcüstanın mərkəzi hakimiyyəti və muxtar qurumun rəhbərliyi heç olmasa yolları açmaq üçün tədbir tökməlidirlər, çünki Azərbaycan və Gürcüstandan tranzitə bəslənilən etimad itirilsə, onu bərpa etmək çətin olacaq.


ACARISTAN BÖHRANINDAN AZƏRBAYCAN VƏ ERMƏNİSTAN DA ZƏRƏR ÇƏKİR

BAKI.05.05.2004.MEDİA-PRESS: Acarıstanın dünya bazarına ildə təqribən 10 milyon ton neft çıxaran Batum limanı terminalı işini dayandıra bilər. Səbəb isə yerli hakimiyyətin limanı Gürcüstanın qalan hissəsi ilə birləşdirən dəmir yolu rabitəsini pozmasıdır.
Bu məlumatı açıqlayan Gürcüstanın iqtisadiyyat naziri İrakli Rexviaşvili deyib:"Acarıstanla dəmiryolu rabitəsi kəsildiyi üçün, neft terminalı və neft emalı zavodu dayanacaq".
Bəllidir ki, Acarıstanı Gürcüstanın qalan hissəsi ilə birləşdirən iki avtomobil körpüsü region rəhbərliyinin sərəncamı ilə ötən bazar partladılıb və dəmir yolu dağıdılıb.
Batum neft terminalından bir xanım dəmir yolu hərəkətinin bərpası ilə əlaqədar danışıqlar aparılmasının gözlənildiyini REUTERS agentliyinə telefonla xəbər verib. Xanım hazırda terminalda nə qədər neft ehtiyatı olduğunu bilməsə də, hələlik işlədiyini bildirib.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) isə Batum limanı ilə rabitə kəsildiyinə görə, Gürcüstana ağ neft ixracını dayandırdığını bildirib.
Amma Azərbaycan Dəmiryolu İdarəsi ( AzDİ) neft, o cümlədən qazaxıstan nefti yüklənmiş sistern qatarlarını Gürcüstana göndərməkdədir. AzDİ-nin mətbuat katibi Nadir Əzimzadə REUTERS-ə deyib: " Biz bu gün Gürcüstana sisternlərdən ibarət 8 qatar, dünən isə 15 belə qatar göndərmiş və Gürcüstandan da xahiş etmişik ki, bu məsələni tez yoluna qoysun".
İ. Rexviaşvilinin fikrincə, Acarıstan ətrafındakı bu böhranın nəticəsi bütün ölkə üçün "fəlakətli" olacaq. Sitat:" Biz 2004-cü ildə ümumi daxili məhsulun ( ÜDM) 6-7 % artacağını gözləyirdik. Ancaq belə getsə, ÜDM hətta azala bilər. Acarıstan ərazisindən mal idxalının əslində dayandırılması, həmçinin region ticarətinə ziyan dəyməsi üzündən bütün ölkə iqtisadiyyatı gündə $100-175 min itirir. Nazirliyimizin hesablamalarına görə, ölkə ÜDM-ində Acarıstan iqtisadiyyatının payı 25 faizə yaxındır".
İqtisadiyyat naziri deyib:" Siyasi böhran davam edərsə, yay mövsümündə, istirahət edənlərin qara dəniz sahillərinə axışdığı bir zamanada, Acarıstanın özü kurortlarda dincələnlərin olmaması üzündən təqribən 50 milyon lari itirə bilər. Gürcüstan iqtisadiyyatına sərmayə qoymaq niyyətində olan iri investorların bir çoxu Acarıstan bohranı həll olunmayınca, bu məqsədlərindən çəkinəcəklər. Söhbət avtomobil yollarının çəkilişindən, traktorlar istehsalından, yüksək texnologiyalardan, kəndlərdə emal müəssisələrinin tikintisindən gedirdi. Belə siyasi böhran vəziyyətində sərmayə qoymaqdan kim olsa çəkinər".
Acarıstanla Gürcüstanın qalan hissəsi arasında avtomobil və dəmiryolu rabitəsinin pozulması Ermənistana da böyük iqtisadi ziyan vura bilər. İTAR-TASS Ermənistanın Nəqliyyat və Rabitə naziri Andranik Manukyana istinadən xəbər verir ki, acarıstan tərəfinin dəmiryolu körpülərini partlatmasından sonra, Ermənistana ərzaq və sair mallar çatdırmalı olan 63 vaqon Batum limanında ilişib qalıb. Yerevan bu yüklərin təzədən Potiyə daşınması üçün gürcüstan tərəfi ilə danışıqlar aparır. Poti və Batum limanları , eləcə də gürcüstan dəmiryolu Ermənistan üçün nəzərdə tutulan yüklərin , o cümlədən yanacaq və ərzağın, daşındığı yeganə marşrutdur.


AZƏRBAYCANDA 4 AYDA 8,174 MİLYARD KVT\SAAT ELEKTRİK ENERJİSİ HASİL EDİLİB

BAKI.05.05.2004.MEDİA-PRESS: Bu ilin əvvəlindən respublikada hasil edilmiş 8,174 milyard kVt/saat elektrik enerjisinin -7,07 milyard kVt/saatı istilik-elektrik stansiyalarının (İES) payına düşür.
"Azərenerji" Mətbuat xidmətinin məlumatına görə, aprelin ayının payına düşən 1,82 milyard kVt/saatın 1,506 milyard kVt/saatı -İES-lərdə, 314 milyon kVt/saatı isə-SES-lərdə istehsal edilib.
Bununla yanaşı qonşu Rusiya, İran və Türkiyədən də elektrik enerjisinin planlı cərəyanı davam etlirilib. İran və Türkiyədən daxil olan enerjinin hamısı Naxçıvan Muxtar Respublikasına (NMR) ötürülür. İndi NMR İrandan-100 MVt, Tyrkiyədən -40 MVt alır və daha 20 KVt enerjini isə yerli "Araz" SES hasil edir.
Apreldə 1 KVt/saat elektrik enerjisi hasilinə planlaşdırımış 387,42 qram əvəzinə 385,7 qram şərti yanacaq işlədilib ki, bu da 2,711 min ton şərti yanacağa qənaət deməkdir.


NMR-İN ŞƏRUR RAYONUNDA 80 MVA GÜCÜNDƏ YARIMSTANSİYA TİKİLİR

BAKI.05.05.2004.MEDİA-PRESS: Naxçıvan Muxtar Respublikasının (NMR) Şərur rayonunda 80 MVA gücündə elektrik yarımstansiyası tikilir.
"Azərenerji" SC mətbuat xidmətinin məlumatına görə, yarımstansiyanın avadanlığı daxili imkanlar hesabına alınıb. Avavdanlıq İran , Türkiyə və Ukraynadan gətirilib.
Türkiyə NMR-ə enerjini "İqdır-Babək" ötürücü xətti ilə verir. Məsafə böyük olduğundan, nəqliyyat zamanı şəbəkədə gərginlik 30-40% azalır.
Ancaq yeni yarımstansiya işə düşəndən sonra bu müşkül aradan qalxacaq, Şərurun 18 min, Sədərəkin isə 2 min abunəçisi elektriklə daha yaxşı təchiz olunacaq.
NMR hər gün İrandan -100 MVt, Türkiyədən -40 MVt elektrik enerjisi alır, təqribən 20 MVt isə respublikanın özündə "Araz -SES"də hasil edilir. Qışda NMR-in elektrik enerjisinə tələbatı 220 MVt-a çatır.

<<< <<<