rus || eng
OPEK BEYRUT KONFRANSINDA YA PİS, YA DA ÇOX PİS QƏRAR QƏBUL ETMƏLİDİR
BAKI.31.05.2004.MEDİA-PRESS:
OPEK-in iyunun 3-də Beyrutda keçiriləcək növbədənkənar 131-ci konfransı ərəfəsində təhlilçilər Kartelin hansı qərar çıxaracağı: neftin qiymətini salmaq üçün istixrac - ixrac kvotalarını saxlayacağı və ya hasilatı ar- tıracağı, yaxud da kvotalaşdırmadan müvəqqəti imtina edəcəyi barədə ən müxtəlif, bəzən bir-birinə daban-dabana zidd fikirlər söyləyirlər. Bu zaman hər bir fikir sahibi dəlil kimi , cəza tədbirlərini və dünya energetika bazarındakı vəziyyəti nəzərə çatdırır.Ancaq ekspertlərin yekdil rəyi budur ki, bu gün OPEK üzvləri kvotalar məsələsində fərqli mövqedədirlər. Kartelin prezidenti Purnomo Yusgiantoro da bunu təsdiqləyib.
Sitat: " kartel üzvləri neft kvotaları barədə hələ də ümumi məxrəcə gəlməyiblər və bu problemi iyunun 3-də Beyrutda OPEK-in növbədənkənar 131-ci konfransında müzakirə edəcəklər".
Bəlliditr ki, Səudiyyə Ərəbistanı neftin gündəlik istixrac-ixrac kvotalarını 2 milyon barrel artırmağı təklif edib. Ancaq Kartelin bəzi üzvləri ( ilk növbədə Venesuela ) təklifi dəstəkləməyib. Venesuela prezidenti Uqo Çaves vurğulayıb ki, "Karakas neft kvotalarının hər hansı şəkildə dəyişdirilməsini sərt qarşılayacaq".
Yusgiantoro hal-hazırda OPEK ölkələrinin hər gün kvotadan artıq 2,3 milyon barrel (İraqsız) neft istehsal etdiyini nəzərə alaraq, Ər-Riyadın təklifini dəstəkləməyi və kartel üzvlərinin artıq hasilatını "qanuniləşdirməyi" mümkün sayır.
Lakin nəzərə alsaq ki, OPEK-də qərarlar yalnız və yalnız konsensus əsasında qəbul edilir, bəzi təhlilçilərin ehtimalına görə, Beyrut konfransında Venesuelanın və ixrac həcminin artırılmasına qarşı çıxanlırın müqavimətini qırmaq üçün ciddi mübarizə gözlənilir.
RİA-"Novosti" OPEK-in baş katibliyi səlahiyyətlisinə istinadən bildirir ki, Kartel başqa yol da seçə bilər. Kvotaların artırılmasına dair qərarın qəbulu Beyrut konfransında qeyri-məlum müddətə təxirə salına bilər. Həm də ona görə ki, OPEK üzvlərinin çoxu onsuz da Kartel prezidentinin icazəsindən bəhrələnərək, onlar üçün müəyyənləşdirilmiş kvotadan əlavə neft hasil edir , deməli, limitdən artıq istixracı və ixracı "qanuniləşdirmək də əslində tələb olunmur.
Nəhayət, gümana gəlməyən daha bir fərziyyə də var - OPEK kvotalardan müvəqqəti imtina etməklə "sərbəst variantı" seçə bilər. Ancaq "Kommersant" bu fərziyyəni heç də qeyri-real saymır. Ona görə ki, OPEK nəzəri problemlə üzləşib: indiki izafi istehsal nəzərə alınarsa, kvotaların sadəcə artırılması mənasız olacaq, çünki bu halda kvotalara əməl olunmadığı leqallaşacaq, neftin hasilatı isə elə indiki səviyyədə qalacaq.
Əgər OPEK istehsalı həqiqətən xeyli artırdığını göstərmək istəyirsə, onda kvotaları Səudiyyənin təklif ediyi kimi 2 milyon yox, dərhal 5 milyon barrel artırmalıdır. Onda bilinərdi ki,gündəlik real artım 2,5 milyon barrel təşkil edir. Ancaq bu həcmdə artım görünməmiş dərəcədə çox olardı. Həm də ona görə ki, kvotalar Kartel üzvləri arasında mütənasib bölünməlidir. Axı, bəzi üzvlərin çox neft hasil etməyə imkanı yoxdur. Belə imkan bəlkə də yalnız Səudiyyə Ərəbistanında var.
Beləliklə, qalır kvotalardan tam imtina etmək variantı. Əslinə qalsa,keçən il İraq müharibəsi ərəfəsində Kartel Qərbə eyham vurmuşdu ki, neftin qiymətləri həddən-ziyadə qalxsa, belə varianta getməyə hazırdır. Ancaq müharibə başlanandan sonra qiymətlər bahalaşmadı, əksinə- düşdü və kvotalar da ləğv olunmadı. İndi qiymətlər müharibə dövrünün qiymətləri kimi yüksəkdir ( həm İraqdakı , həm də bütövlükdə Yaxın Şərqdəki vəziyyətə görə ).
Kvotalar ümumiyyətlə olmasa, Səudiyyə Ərəbistanı istesalı maneəsiz artıra, Kartelin əlavə imkanı olan üzvləri də bu işdə ona yardımçı ola bilərdi. Ümumi qəlibə sığmayan belə qərar qiymətlərə həqiqətən kömək olardı. Ancaq bu halda dünyanın ən böyük neft istehsalçılarının fəaliyyətini əlaqələndirən bir təşkilat kimi, OPEK-in varlığı mənasızlaşar və gözdənilməz nəticələrə gətirib çıxarardı. Ona görə də, OPEK Beyrut konfransında qəbul edəcəyi qərarından asılı olmayaraq, ən azı rəmzi mənada nümayiş etdirməlidir ki, dünya karteli dünya bazarlarındakı vəziyyətə hələ təsir gücünü itirməyib.
HEYDƏR ƏLİYEV VƏ ZƏRİFƏ ƏLİYEVANIN HEYKƏLLƏRİNİ UKRVAYNA VƏ AZƏRBAYCAN PREZİDENTLƏRİ AÇACAQLAR
BAKI.31.05.2004.MEDİA-PRESS:
Azərbaycan prezidenti İlham Əliyev iyunun 3-4-də Ukraynaya səfəri zamanı ikitərəfli əməkdaşlığın, beynəlxalq və regional səviyyələrdə qarşılıqlı fəaliyyətin, enerjidaşıyıcılarının Avropaya nəqlinin başlıca məsələlərini müzakirə edəcək, prezident Leonid Kuçma və ölkənin digər rəhbərləri ilə danışıqlar aparacaq, bir sıra ikitərəfli sənədləri imzalayacaq.
Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında daha sonra qeyd olunur ki, İlham Əliyev paytaxt yaxınlığındakı İrpen şəhərində Azərbaycan prezidenti , atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın heykəllərinin açılışında da iştirak edəcək. Azərbaycan icmasının xahişi ilə keçmiş Proletarskaya küçəsinə də Zərifə Əliyevanın adı verilib.
İYUNUN 1-DƏ BAKIDA 11-Cİ BEYNƏLXALQ SƏRGİ VƏ "XƏZƏR NEFT VƏ QAZI" KONFRANSI AÇILACAQ
BAKI.31.05.2004.MEDİA-PRESS:
İyunun 1-də Bakıda 11-ci Beynəlxalq sərgi və "Xəzər neft-qazı-2004" konfransı açılır. Tədbirdə Azərbaycan, Avstriya, Bəhreyn, Braziliya, Qazaxıstan, Gürcüstan, Rusiya, Ukrayna, Xorvatiya, Danimarka, Finlyandiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Yaponiya, Səudiyyə Ərəbistanı, İsveçrə, Çin, Litva, Lüksemburq, BƏƏ və Sinqapurun 338 şirkəti, o cümlədən, avadanlıq istehsal və ixrac edən, energetika sahəsinə xidmət göstərən transmilli neft-qaz şirkətləri iştirak edəcəklər.
Tədbirin açılış mərasimində azərbaycan prezidenti İlham Əliyev iştirak edəcək, həmçinin Türkiyənin Energetika naziri Hilmi Gülerin, Norveçin Neft və energetika üzrə dövlət katibi Oyvind Habrekkenin, Rf prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi , XİN müavini Viktor Kalyujnının, ABŞ Dövlət Departamentinin Xəzər regionunun energetik inkişafı üzrə xüsusi müşaviri Stiven Mannın, Bakıdakı diplomatik missiyaların nümayəndələrinin də iştirakı gözlənilir.
Ənənəyə uyğun olaraq, sərgi çərçivəsində "Enerji ehtiyatlarına qlobal tələbatın ödənilməsində yeni məqsəd və imkanlar" mövzusunda 2-günlük konfrans da keçiriləcək. Respublikamızın Yanacaq və Energetika naziri Məcid Kərimov və Böyük Britaniya Baş nazirinin Xarici ticarət üzrə xüsusi nümayəndəsi Brayan Vilson konfransın həmsədrləri seçiliblər.
Konfransda "Xəzərin regional inkişafı - beynəlxalq ictimai təşkilatların rolu, strateji məqsədləri və yerli iqtisadiyyata onların təsiri", "Xəzər regionunda enerji resurslarının istixracı və nəqliyyatı üzrə ən yeni planlar" və " Xəzər regionunda energetika sənayesinin inkişafına tələbat kimi mövzular ətrafında 40-a yaxın məruzə dinləniləcək.
Viktor Kalyujnı, Avropa Yenidənqurma və İnkişaf bankının 1-ci vitse-prezidenti Norin Doyl, BP-Azerbaijan prezidenti - Devid Vudvord, ARDNŞ prezidenti - Natiq Əliyev, BTC Co-nun icraçı direktoru Maykl Taunşend , Statoil-Azerbaijan prezidenti Georq Qundersen, DEPA ynanıstan qaz korporasiyasının planlaşdırılması üzrə baş direktor Vasilios Sombanopulos və bir çox başqaları nitq söyləyəcəklər.
Bu sərgi Azərbaycanda 1994-cü ildən keçirilir. Həmin il tədbirdə 12 ölkənin 150 şirkəti, 1995-də -14 ölkənin 160 şirkəti, 1996-də - 20 ölkənin 190 şirkəti, 1997-də, 25 ölkənin-250 şirkəti, 1998-də - 30 ölkəninin 431 şirkəti,1999-da -29 ölkənin 309 şirkəti, 2000-ci ildə - 28 ölkənin 300 şirkəti, 2001-də -25 ölkənin 337 şirkəti, 2002-də -28 ölkənin-300 və 2003-cü ildə - 28 ölkənin 330 şirkəti iştirak edib.
İRAN NƏQLİYYAT NAZİRİNİN MÜAVİNİ : MÜBADİLƏ NEFTİ İDXALININ ARTMASI BTC-Nİ SƏRFƏSİZ EDƏCƏK
BAKI.31.05.2004.MEDİA-PRESS:
Mərkəzi Asiya və Rusiyadan mübadilə neftinin idxalına dair İran layihəsinin daha da genişlənməsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərindən istifadəni sərfəsiz edəcək. Tehranda "Nəqliyyat iqtisadiyyatı" konfransında bu fikrini açıqlayan İran Yükdaşımaları və terminalları təşkilatının rəhbəri, Nəqliyyat və Yollar nazirinin müavini Məsud Ənsari əlavə edib ki, 2003-cü ilin martından 2004-cü ilin martınadək Mərkəzi Asiya respublikalarından svop (mübadilə_) əməliyyatlarının həcmi 4,5 milyon ton təşkil edib. Bu sxem üzrə 1 ton neftin şərti tranzitinin dəyəri 20-22 $ təşkil edib və gələcəkdə - 16 dollaradək azaldıla bilər.
Ənsari deyib ki, BTC ilə axıdılacaq 1 ton neftin qiyməti azı 32$ təşkil edəcək. Odur ki, mübadilə sxemi ilə neft idxalına dair iran layihəsinin gələcək inkişafı BTC-dən istifadəni sərfəsiz edə bilər. Həm də İran bu il mübadilə yolu ilə 18 milyon ton neft idxalını təmin edə bilər.
Ağaye Ənsarinin mərkəzi asiyanın mübadilə nefti layihəsini inkişafda görmək istəyini anlamaq olar. Ancaq arzunu həqiqət kimi sırımağa dəyərmi? İlk növbədə bu, tikintisi hələ davam edən BTC kəməri ilə neftin nəqlinin qiymətinə aiddir.
Media-Press BP-Azerbaijan prezidenti Devid Vudvorda istinadən hələ aprelin ortalarında xəbər verib ki, "tikintinin indiki smetasına uyğun , BTC Co səhmdarları hər barrel neftin nəqlinə görə 3$ ( hər tona görə 22 $-dan bir qədər çox), qeyri-səhmdarlar isə bundan çox ödəyəcəklər və bu zaman dunya bazarlarındakı vəziyyət və başqa kəmərlərdəki tariflər də nəzərə alınacaq".
Ağaye Ənsariin dilə gətirmədiyi və ya susmağa üstünlük verdiyi bir neçə fakt da var. Əvvəla , İranın mübadilə əməliyyatı gedişində illik həcmi 18 milyon tona çatdırmağa hazır olması hələ o demək deyil ki,Rusiya, Qazaxıstan və Türkmənistan ona bu qədər neft verəcəklər.. Axı, bu dövlətlərdən hər birinin öz dəlili , öz öhdəlikləri var. Məsələn, Qazaxıstan bağladığı sazişlərə üyğun , öz neftini həm KTK (Xəzər boruçəkmə konsorsiumunun neft kəməri) ilə, həm də Rusiyadan tranzitlə nəql etməlidir. Deməli , onların İran üçün artıq nefti o qədər də çox deyil.
Daha bir amil də var: mübadilə əməliyyatları artdıqca, ekologiya problemi İran hökumətinin qayğısını xeyli artıra bilər. Artıq indidən Xəzərin İran sahilinə aid neft layihələri ətraf mühitə ziyan vurmaqdadır.
SHANA agentliyinə müsahibəsində bunu vurğulayan İranın Ətraf mühitin mühafizəsi təşkilatı sədrinin müavini doktor Yusif Höccətin sözlərinə görə, Xəzərin iran sahili boyundakı, məsələn, Nekadakı neft kompleksləri və sənayesi ətrafa xeyli ziyan vurur.
İran ru.-nun məlumatına görə, Y, Höccət qeyd edib ki, ətraf mühitin çirklənməsi faktı neftin mübadilə sxemi ilə verilməsi və Neka-Rey kəməri ilə nəqli yoxlanıldıqdan sonra sübuta yetirilib. Başqa neft layihələrinin fəaliyyəti hələki, yoxlanılmayıb. Nekanın nadir təbiətə malik Miyan-qala ilə həmsərhəd olduğunu xatırladan natiq deyib:" Bütöv sənaye obyektləri : Neka-SES-i, "Sədra" şirkətinin gəmiqayırma tərsanələri, Əmirabad limanı, neft ixracı layihəsi çərçivəsində tikilmiş müəssisələr çox da böyük olmayan sahədə yerləşdiyi üçün, ətraf mühitin qorunması baxımından bizə çoxsaylı problemlər yarada bilər".
ABŞ İRAN NEFTİNİ SATIN ALMAQ MƏCBURİYYƏTİNDƏDİR
BAKI.31.05.2004.MEDİA-PRESS:
Bill Klintonun prezidentliyi dövründə qəbul edilmiş "D"Amato qanunu" ( İrana qarşı iqtisadi qadağalar) , görünür, çat verməkdədir. Zaman bu qadağaların elə də səmərə vermədiyini sübut etdi və ondan ən çox itirən də elə amerika şirkətləri oldu. Bu şirkətlərin ekspert və rəhbərləri irana qarşı qadağaların onlara ziyan vurduğunu dəfələrlə bildiriblər.
İran ru. yazır: "D"Amato qanunu"nun qüvvədə qalmasına baxmayaraq, son məlumatlar Ag Evin İrana qarşı qadağalar siyasətinə yenidən baxdığına dəlalət edir. Beləki, Aierikanın The Baltimore sun qəzeti yazır: ABŞ dünyada üçüncü iri neft istehsalçısı olsa da, iran neftinin idxalına ehtiyac duymağa başlayıb.
Öz növbəsində "Pars" agentliyi ABŞ Maliyyə Nazirliyinə istinadən bildirib ki, İrana qarşı qadağalara baxmayaraq, bu baş idarə iki amerikan şirkətinə İrandan xam neft idxalına izn verib. Halliburtonun İranın neft layihələrində iştirakı da istisna olunmur.
İran Neft nazirliyinin yetkilisi Halliburtonun "Cənubi Pars" neft layihəsinin on fazasından doqquzunun işlənməsində iştirak etdiyini bildirərək, deyib ki, əvvəllər layihənin 1, 2 və 3-cü fazalarının işlənməsində iştirak etmiş bu şirkət indi də llayihə üzrə tenderdə iştiraka ərizə verib. Sitat: "Amerika şirkətləri İranın neft-qaz layihələrində iştirak etməyi çox istəsələr də, qadağala üzündən bu imkandan məhrumdurlar".
"TRANSNEFT" DİREKTORLAR ŞURASI ŞİRKƏTİN TRANSFRAKİYA NEFT KƏMƏRİNİN İNŞAASINDA İŞTİRAKINI BƏYƏNİB
BAKI.31.05.2004.MEDİA-PRESS:
Rusiya "Transneft"İnin Direktorlar Şurası şirkətin Transfrakiya neft kəməri tikintisi layihəsinin işlənməsində iştirakını bəyənib.
Şirkətin press-relizində qeyd olunur ki, kəmər Türkiyənin Avropa hissəsində qaradənizin cənub-qərb sahilindəki Kıyikey qəsəbəsindən başlayır və Egey dənizi sahilində İbrikxaba şəhərində başa çatır. Kəmərin illik gücü 60 milyon ton ( yəni ötən il Rusiyfanın Bosfor və Dardaneldən daşıdığından ancaq 2 milyon ton az ) həcmində hesablanıb.
Kəmərin investisiya xərcləri 900 milyon dollara yaxın olacaq. Layihələşdirilən kəmərdə neftin daşınması tarifi ( limanlardakı yükvurma və boşaltma da nəzərə alınmaqla) kreditlər üzrə ödənişlər dövründə hər tona görə- 7,47 dollar, ödənişlərdən sonra -3,04 dollar təşkil edəcəkdir.
Məlumatda deyilir: "Layihədə həm rusiya, həm də türkiyə tərəfinin maraqlı olması siyasi risqləri xeyli azaltmağa imkan verir".
Eyni halda yükün 2 dəfə, əvvəlcə Kıyikeydə, sonra İbrikxabada boşaldılıb yenidən tankerlərə vurulması nəzərə alınarsa, yeni marşrutda nəqliyyat xərcləri Bosfor keçidindən 1 dollar baha olacaq. Bu isə o deməkdir Ki, Rusiya gələcək kəmərlə daşıyacağı neftin həcmi nəzərə alınarsa, bu işdə ildə azı 60 milyon dollar itirəcəkdir.
OPEK ÖLKƏLƏRİ ÖZ DƏNİZ NEFT DAŞIMALARINI BEYNƏLXALQ MƏCƏLLƏ QÜVVƏYƏ MİNƏNƏDƏK UYĞUNLAŞDIRA BİLMƏYƏCƏKLƏR
BAKI.31.05.2004.MEDİA-PRESS:
OPEK ölkələri 2004-cü il iyulun 1-dən qüvvəyə minən sənədə - BMT-nin yeni dəniz antiterror qanunvericiliyinə lazımınca hazırlaşa bilməyiblər. Odur ki, dənizlə ABŞ-a və bir sıra ayrı neft istehlakçılarına xam neftin ixracında ləngimələr ola bilər.
RİA "Novosti" yazır ki, OPEK üzvləri: İndoneziya, Səudiyyə Ərəbitanı, Küveyt və Nigeriya hələ də bu sənədi reallaşdırmağa hazır deyillər və çətin ki, qalan vaxtda öz dəniz neftdaşımaları proqramını Beynəlxalq Məcəlləyə uyğunlaşdıra bilsinlər.
Beynəlxal nəqliyyat daşımalarının, eləcə də dənizlə daşımaların təhlükəsizliyi tələblərinin sərtləşdirilməsi 2001-ci il 11 sentyabr terrorundan sonra başlayıb, gəmilərin və liman tikililərinin mühafizəsi üzrə Beynəlxalq Məcəllə isə 2002-ci ilin dekabrında BMT-nin Gəmiçiliyin təhlükəsizliyi komitəsinin sessiyasında qəbul edilib.
Ekspertlərin fikrincə, Məcəllənin qüvvəyə minməsi dünya marşrutlarında dəniz yüklərinin, o cümlədən tanker daşımalarının yenidən bölüşdürülməsinə gətirib çıxara bilər.
ABŞ-ın və sair neft istehlakçılarının dəniz sərhədlərini qoruyan qurumların nümayəndələri öz növbələrində qeyd edirlər ki, müvafiq sertifikatları olmayan, neft və maye qaz daşıyan ticarət gəmiləri və tankerlərini limanlarına buraxmayacaqlar. Məsələn, ABŞ hökuməti ehtyat edir ki, "Əl-Qaidə" terrorçuları və başqa islamçı ekstremist qruplaşmalar "çirkli atom bombası"nı və ayrı kütləvi qırğın silahını məhz dənizlə ölkəyə gətirə bilərlər.
AZƏRBAYCAN MANATININ MƏZƏNNƏSİ APRELDƏ ABŞ DOLLARINA NİSBƏT 0,18% ARTIB
BAKI.31.05.2004.MEDİA-PRESS:
2004-cü ilin aprelində ABŞ dollarına nisbət azərbaycan manatının məzənnəsi 0,18% artıb.
Azərbaycan Milli Bankında (AMB) "İnterfaks-Azərbaycana" bildiriblər ki, keçən ilin apreli ilə müqayisədə manatın devalvasiyası ( təvərrümü) 0,28% təşkil edib. 2004-cü ilin aprelində 1 dollara nisbət manatın məzənnəsi 4918-4924 arasında qərarlaşıb. Orta məzənnə: 4921,33 manat = 1$.
2004-cü ilin dövlət büdcəsi 1 dollara nisbət manatın orta məzənnəsinin 4975 manat təşkil edəcəyini nəzərdə tutur.
AZƏRBAYCANDA TƏDRİS BİZNES MƏRKƏZİ YARADILACAQ
BAKI.31.05.2004.MEDİA-PRESS:
Bakıda tədris biznes mərkəzi yaradılacaq. İqtisadi İnkişaf nazirliyində Media-Pressə bildiriblər ki, mərkəz "2002-2005-ci illərdə kiçik və orta biznesin inkişafı" və "2004-08-ci illərdə azərbaycan regionlarının sosial-iqtisadi inkişafı" dövlət proqramları çərçivəsində təşkil edilcək və əsas vəzifəsi sahibkarlıq fəaliyyətinə başlayanlara biznesin əsaslarını öyrətmək, onlara məsləhətlər vermək və informasiya xidmətləri göstərməkdir. Bu məqsədlə informaiya ehtiyatları bazası yaradılacaq.
NATO PARLAMENT ASSAMBLEYASI BAKIDA "ROSE- ROAD" SEMİNARINI KEÇİRƏCƏK
BAKI.31.05.2004.MEDİA-PRESS:
NATO Parlament Assambleyası (PA) rəhbərliyi "Rose-Road" seminarının Bakıda keçirilməsinə razılıq verib. REGNUM agentliyi bu barədə məlumat verir. Azərbaycanın NATO PA-da parlament nümayəndə heyətinin sədri Ziyafət Əsgərovun sözlərinə görə, bir neçə gün əvvəl bu qurumun rəhbərliyindən alınmış rəsmi məktubda növbəti seminarın bu ilin noyabrında Bakıda keçirilməsinə razı olduğu bildirilir.
Bununla əlaqədar , NATO PA -nın baş katibi Saymon Lann, yaxud onun müavini Andrea Çellino seminarın gündəliyini və tədbirin təşkili ilə bağlı məsələləri müzakirə məqsədilə Bakıya gələcəklər.
Xatırladaq ki, bu seminarın Bakıda keçirilməsi hələ ötən ilin noyabrında nəzərdə tutulmuşdu. Lakin Rusiyada parlament seçkilərinin keçirilməsi və Gürcüstanda baş vermiş dəyişikliklər üzündən tədbir təxirə salınmışdı.
<<< <<<